Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 22:40

Qərb ekspertləri: Səfərbərlik Putinə kömək etməyəcək


RUSSIA -- Russian army -- June 2022 photo
RUSSIA -- Russian army -- June 2022 photo

Hərbi ekspert Maykl Kofman deyib ki, səfərbərlik Rusiyaya bu müharibəni bir növ uzatmaq imkanı verə bilər, amma son nəticəni dəyişə bilməz

AzadlıqRadiosunun Vaşinqton müxbiri Tod Prins təhlil yazısında ekspertlərə istinadən qeyd edir ki, Kremlin Ukraynada döyüşmək üçün 300 minədək hərbçi səfərbər etmək niyyəti əhəmiyyətli əngəllərlə üzləşə bilər, lap alınsa belə, Rusiyanı işğal etdiyi əraziləri itirməkdən və müharibəni uduzmaqdan hifz edə bilməz.

Məqalədə deyilir ki, Putinin Ukraynada müharibənin səkkizinci ayında elan etdiyi qismən səfərbərlik Ukrayna qüvvələrinin şərq cəbhəsində uğurlu əks-hücumu ilə bağlıdır, çünki əks-həmlə Rusiya ordusunun ciddi canlı qüvvə qıtlığı keçirdiyini ortaya qoyub.

ABŞ-da mənzillənmiş CNA analiytik mərkəzində Rusiya tədqiqatları proqramının rəhbəri və hərbi ekspert Maykl Kofman deyib ki, səfərbərlik Rusiyaya bu müharibəni bir növ uzatmaq imkanı verə bilər, amma son nəticəni dəyişə bilməz.

Yenə də ABŞ-ın Xarici Siyasət Araşdırmaları İnstitutunun Avrasiya proqramının hərbi eksperti Rob Li bildirib ki, səfərbərlik canlı qüvvə problemini “yalnız qısa müddət” üçün həll edə bilər və bu, uzunmüddətli çıxış yolu deyil.

Onun fikrincə Ukraynanın irəliləmək üçün daha geniş imkanları var.

Çox çətin olacaq

Təhlilçilər Rusiyanın bu böyüklükdə canlı qüvvəni səfərbər edə, təlim verə, yedirə və silahlandıra biləcəyinə dərhal şübhə bildiriblər.

Avropadakı ABŞ ordu qüvvələrinin keçmiş komandanı Mark Hertlinq də qeyd edib ki, 300 minlik qoşunu səfərbər etmək “son dərəcə” çətin olacaq.

Vaşinqtonda mənzillənmiş RAND Corporation analitik mərkəzindən hərbi ekspert Dara Massikot yazır ki, Rusiya uzun illər boyunca özünün səfərbərlik sisteminin çökməsinə imkan verib, çünki daim genişmiqyaslı quru müharibəsi aparacağını düşünüb:

"Onlar səfərbərliyi uğurla həyata keçirə bilməyəcəklər. Sistem struktur baxımından buna hazır deyil”.

Müharibə Araşdırmaları İnstitutunun hesabatına görə Rusiyanın “kağız üzərində” 2 milyon keçmiş çağırışçısı və müqaviləlisi var. Lakin bunun çox az bir hissəsi lazımi təlim görüb.

Birləşmiş Ştatlarda hərbi ehtiyatın üzvləri aylıq kiçik təlimlərdə, ildə bir dəfə böyük təlimlərdə iştirak edirlər.

Kofman isə bildirir ki, Rusiyanın Ukraynaya nə qədər əsgər çıxara biləcəyinin də təbii hədləri var.

Uğursuz müdaxilə

Məqalədə deyilir ki, Putin fevralın 24-də Ukraynaya hücum əmrini verəndə güman edirdi ki, yerli əhali Rusiya qoşunlarını gül-çiçəklə, xilaskar kimi qarşılayacaq.

Bunun səbəbi kəşfiyyatın prezidentə verdiyi yanlış məlumatlar idi.

Kremlin gözləntilərinin əksinə olaraq Ukrayna qüvvələri qızğın müqavimət göstərdi və Rusiya ordusu müdaxilənin elə ilk günlərində böyük canlı qüvvə və hərbi texnika itkisi verdi.

Pentaqonun rəsmi təxminlərinə görə Rusiya Ukraynada avqust ayınadək artıq 70-80 min əsgər itirib.

Bundan sonra Rusiya bu yay cəbhəyə könüllülərin hesabına yeni canlı qüvvələr gətirməyə cəhd göstərdi. Bu könüllülərə qısamüddətli müqavilələrlə orta milli maaşdan xeyli yüksək əməkhaqqı təklif olunurdu.

Lakin bu kampaniya da çox sayda döyüşçü toplaya bilmədi, çünki rusiyalılar arasında Ukraynada döyüşməyə maraq çox az idi.

Bunu Putinin səfərbərlik elanından sonra Rusiyanın Moskva və Peterburq da daxil onlarca şəhərində keçirilən anti-müharibə aksiyaları da göstərib.

Bu aksiyalarda 1300-dən çox etirazçı polis tərəfindən saxlanıb.

Bir çox gənc rusiyalılar səfərbərlikdən yayınmaq üçün təcili şəkildə ölkəni tərk etməyə çalışırlar.

Təyyarə biletlərinə tələb sentaybrın 21-dən kəskin artıb. Bir çox istiqamətlərdə reyslərə biletlər satılıb qurtarıb.

Səfərbərliyə qarşı müqavilmətə çağıran təşkilatlardan biri də Vesna idi. Təşkilatın müraciətində deyilirdi:

"Minlərlə rusiyalı kişi - atalarımız, qardaşlarımız və ərlərimiz müharibənin ətçəkən maşınına atılacaq. Onlar nə uğrunda öləcəklər? Analar və uşaqlar niyə ağlayacaqlar?”

Məsələ sayda deyil

Ekspertlərin firkincə səfərbərlik qısa müddətdə Rusiya ordusunun canlı qüvvə probleminin həllinə kömək edə bilər, amma problem həm də peşəkar əsgərlərin, liderlərin və təlimçilərin çatışmamasıdır.

Li bu barədə deyir:

"Biz canlı qüvvədən danışırıqsa, mühüm olan təkcə kəmiyyət deyil. Söhbət bu əsgərlərin necə təlimləndirilməsindən, onların hərbi birlik hissindən, qabiliyyətindən, ruh yüksəkliyindən gedir. Döyüş birliklərinin qüdrəti bu cür faktorlardan qaynaqlanır”.

Eksperet müharibənin necə davam edəcəyi barədə də proqnoz verib:

"Bu müharibədə Ukrayna tərəfindən döyüşən, ruh yüksəkliyinə və motivasiyaya malik könüllüləri getdikcə daha çox görəcəyik. Rusiya tərəfində isə gördüyümüz müharibədə olmaq istəməyən daha çox sayda adamlar olacaq”.

Bu da qeyd olunur ki, Ukrayna çağırışçılarına və könüllülərinə Britaniyada daha peşəkar təlim verilir. Bu qüvvələrin əhəmiyyəti vaxt keçdikcə daha da artacaq.

Məqalədə deyilir ki, Rusiyada rezervistlərə təlim keçən zabitlərin əksəriyyəti müharibənin ilk günlərində Ukraynaya göndərilib. İndi onların yerini dolduracaq keyfiyyətli kadrlara ehtiyac var.

Massikot deyir ki, Rusiyanın II Dünya Müharibəsindən bəri Avropanın ən böyük müharibəsində döyüşməyə qabil olan ordu yarada bilməsi üçün aylarla vaxt lazım gələcək.

Məsələn Rusiya yenicə yaradılmış 3-cü Ordu Korpusunu avqust ayında Xarkov cəbhəsinə göndərmişdi. Lakin cəmi bir ay təlim görmüş bu korpus Ukrayna qüvvələri tərəfindən tez bir zamanda məhv edilib.

Bu yalnız başlanğıc ola bilər

Li isə deyir ki, Rusiyanın keçmiş çağırışçıları uzun fasilədən sonra ikicə həftəlik təlimin ardınca çox da uğur qazana bilməyəcəklər:

"Səngərdə oturub kiməsə güllə atmaq? Onlar bunu edə biləcəklər. Amma onları hücuma göndərsələr, bu adamlar vurnuxacaqlar”.

Təhlilçilər bunu da qeyd edirlər ki, müharibədən hakimiyyətini qoruyub saxlamaq üçün istifadə edən Putin indiki “qismən səfərbərliyin” miqyasını artıra bilər.

Kofman deyir ki, bu, yalnız başlanğıc ola bilər:

"Səfərbərliyin bu fazası daha böyük səfərbərliyin başlanğıcı ola bilər. Rusiyada hamı başa düşür ki, onlar səfərbərliyin növbəti dalğasına düşə bilərlər və bu, yalnız başlanğıcdır”.

XS
SM
MD
LG