Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 00:40

Sabiq müavin tenderləri Səfər Əbiyevin yardımı ilə aldığını deyir


Mehman Səlimov
Mehman Səlimov

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi hesab edir ki, Müdafiə Nazirliyinin hərbi şəhərciklərində və hərbi hissələrində aparılmış tikintilərlə bağlı Nazirliyin bəzi əməkdaşları mütləq dindirilməlidir.

Bakı Ağır Cinayətlər Məhkəməsində keçmiş müdafiə naziri Səfər Əbiyevin müavini olmuş Mehman Səlimovun məhkəməsi davam edir. Oktyabrın 30-da iclasa dəvət olunmuş şahidlərdən yalnız biri – nazirliyin tikinti idarəsinin layihə-smeta bölməsinin rəisi olmuş Nəriman Müftəliyev gəlmişdi.

Nazirliyin şahid kimi dəvət olunmuş digər əməkdaşları gəlmədikləri üçün hakim Zeynal Ağayev müdafiə nazirinə və nazirliyin qərargah rəisinə məktub göndərmək barədə qərar çıxarıb. Məhkəmə hesab edir ki, 2007-2014-cü illər ərzində hərbi şəhərciklərdə aparılmış tikinti işlərinə görə nazirliyin bəzi əməkdaşları şahid kimi dindirilməlidir. Lakin onlar məhkəməyə gəlməkdən yayınır.

Mehman Səlimov 95 min manatı vergidən yayındırmaqda, 2007-2014-cü illərdə hərbi obyektlərdə tikinti adı altında dövlətin pulunu mənimsəməkdə təqsirli bilinir.

Arxiv fotosu: Keçmiş Müdafiə naziri Səfər Əbiyev 2011-ci ildə Bakıda keçirilən hərbi paradda prezident İlham Əliyevə məlumat verir.
Arxiv fotosu: Keçmiş Müdafiə naziri Səfər Əbiyev 2011-ci ildə Bakıda keçirilən hərbi paradda prezident İlham Əliyevə məlumat verir.

ƏVVƏL POLİETİLEN, SONRA TİKİNTİ BİZNESİ...

Mehman Səlimovun Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İstintaq İdarəsində verdiyi ifadəyə görə, o, 1999-cu ilin iyul ayınadək nazirlikdə ictimai-siyasi idarənin rəisi olub. Həmin il işdən azad edilib, ordudan tərxis olunaraq ehtiyata buraxılıb.

İşsiz qaldığı müddətdə əvvəl polietilen məhsullarının istehsalı ilə məşğul olub. 6 illik fəaliyyətdən sonra müəssisəni ləğv edərək 4 nəfərdən ibarət “S.T.Ş. – Turan” MMC-ni yaradıb. Tikinti biznesi ilə məşğul olmağa başlayıb.

2007-ci il ilin noyabrında pensiya məsələsi ilə bağlı nazir Səfər Əbiyevin qəbuluna gedib. Nazir onu dinləyib və məsələni həll edəcəyini vəd edib. Söhbət zamanı ondan nə işlə məşğul olması ilə bağlı maraqlanıb. O da MMC yaradaraq tikinti işləri ilə məşğul olduğunu deyib. Səfər Əbiyev ona hərbi obyektlərdəki tikinti işlərini aparmasını təklif edib.

Mehman Səlimov təklifin xeyirli olacağını düşünüb, bu dəfə “S.T.Ş” MMC yaradaraq qeydiyyatdan keçirib. İfadəsində göstərib ki, Səfər Əbiyevin köməkliyi ilə Müdafiə Nazirliyinin Mənzil istismar İdarəsinin nəzdində keçirilən tenderdə onun şirkəti qalib elan olunub.

Buna da bax:Zığda qəzalı evlərin sakinləri ilə rəsmilər arasında çəkişmə uzanır

TENDERİ NAZİRİN KÖMƏYİ İLƏ QAZANDIĞINI İDDİA EDİR

Bundan sonra şirkətlə Müdafiə Nazirliyini təmsil edən Mənzil İstismar İdarəsi arasında 8 müqavilə bağlanıb. Tikinti işləri, smeta dəyərləri müəyyənləşdirilib. Görüləcək işin maliyyəsinin 30 faizi avans kimi “S.T.Ş” MMC-nin bank hesabına köçürülüb. Bu işlərə N saylı hərbi hissədə yataqxananın, bir hərbi şəhərcikdə iki inzibati və bir yaşayış binasının, hamam-çamaşırxananın, əsgər yeməkxanasının əsaslı təmir tikintisi daxil imiş. İşlər 2012-ci ildə yekunlaşmalı olsa da, ayrılmış maliyyə vəsaiti ona vaxtında ödənilmədiyindən yarımçıq qalıb.

Mehman Səlimov sonrakı dindirmələrində Səfər Əbiyevlə münasibətlərinin pis olduğunu göstərib. Bildirib ki, 1998-ci ildən Səfər Əbiyevin müavini vəzifəsində işləməyə başlayandan aralarında ziddiyyətlər yaranıb. 1999-cu ildə işdən azad edilməsinə də şəxsən nazir səbəbkar olub.

2007-ci ildə Səfər Əbiyevlə görüşündə nazirin ona hərbi obyektlərin tikintisini etibar etməsi, necə deyərlər, ortadakı buzları sındırıb. Ancaq 2013-cü ilin may ayında növbəti dəfə nazirlə görüşündə başa düşüb ki, əslində Səfər Əbiyev ondan öz məqsədləri üçün istifadə edir. Hər halda, Mehman Səlimov ibtidai istintaqa belə deyib. O, tikintiyə ayrılan pulların şirkətin hesabına köçürülməsi üçün “Röyalbank”da hesab da açıb. Ancaq nazirlik hesaba 1 manat da köçürməyib.

Buna da bax: Fəhlələr maaş tələbilə etiraz aksiyası keçirir

“AÇDIĞIM HESABA 1 MANAT DA KÖÇÜRTMƏDİLƏR”

Mehman Səlimovun ifadəsindən:

“2011-ci ildə cəmi 25,73 ton armatur istifadə olunduğu halda qaimə-fakturalarda 703 ton armaturun alınması göstərilib. Mənim bu barədə məlumatım yoxdur. “Röyalbank”da açdığım hesaba isə manat da köçürmədilər”, - Mehman Səlimov bildirib.

Bu işdə diqqəti çəkən məqamlardan biri də yaradılmış saxta şirkətlərdir. Məsələn, “Leqenda Co” adlı şirkət... Mehman Səlimov deyir, bu şirkətlə alqı-satqılar formal xarakter daşıyıb. Ona görə də həmin şirkətlə müqavilələri qarşı tərəfdən kimin imzaladığını bilmir.

Sənədlərdə şirkətin təsisçisi kimi göstərilən Ağamirzə Məmmədov məhkəmədə əslində şirkətin hansı işlə məşğul olduğunu və kimlər tərəfindən idarə edildiyini bilmədiyini deyib. O, bildirib:

“Dayım məni Tərlan Yusifov adlı şəxslə tanış etdi. Həmin adamın ofisi 28 may metro stansiyası ətrafında yerləşirdi. Tərlanın təklifi ilə mənim adıma “Leqenda Co” şirkəti yaradıldı. Aradabir dayım və Tərlan mənə sənədlər gətirirdilər. Mən də imzalayırdım. Buna görə ayda 200 manat alırdım”.

Buna da bax:Virtual səsvermə, Azərbaycanda da deputatını özün seç

TƏRLAN YUSİFOV MÜƏMMASI...

Hakim Zeynal Ağayev məhkəmədə bildirib ki, bu epizodun məhkəmədə dərindən araşdırılmasına ehtiyac var:

“Bilirsiniz ki, hazırda bu zalda saxta şirkətlər yaradıb külli miqdarda pul mənimsəməkdə təqsirləndirilən Araz Eyvazovun da məhkəməsi gedir. Orda da oxşar məsələdir. O işdə də həmin Tərlan Yusifovun adı hallanır. Orda da Tərlan Yusifovla 28 may metrosu ətrafında yerləşən ofisdə görüşdüklərini, saxta şirkətlərin yaradıldığını, pul aldıqlarını, sənədləri imzaladıqlarını deyirlər. Ona görə də Tərlan Yusifov mütləq məhkəmədə dindirilməlidir. İndi belə işlər çoxdur. Yadınızdadırsa, bu yaxınlarda bir məhkəmə işidə vardı – iki nəfərin adına bir ayın içərisində azı 75 şirkət yaradılmışdı”.

Tərlan Yusifov nə Mehman Səlimovun, nə də eyni vaxtda, eyni məhkəmə zalında mühakiməsi davam edən Araz Eyvazovun işində ibtidai istintaq tərəfindən dindirilməyib. Hakim Zeynal Ağayev isə onun məhkəmədə dindirilməsinə zərurət olduğunu deyib.

Mehman Səlimov ötən məhkəmə iclasında demişdi ki, Səfər Əbiyev vəzifədən çıxarılandan sonra onu Milli Təhlükəsizlik Nazirliyinə çağırıblar. Səfər Əbiyevin əleyhinə ifadə verməsini tələb ediblər. Tələbi yerinə yetirmədiyinə görə həbsə atılıb. Ancaq oktyabrın 30-da keçirilən məhkəmə iclasında Mehman Səlimov bu söhbətə bir daha qayıtmadı.

Hələlik bu iddialarla bağlı keçmiş Müdafiə Naziri Səfər Əbiyevin özünün hər hansı reaksiyası səslənməyib.

Məhkəmə iclası noyabrın 6-da davam edəcək.

XS
SM
MD
LG