Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 07:26

Seçki müşahidəçiləri. 'Maliyyə tapmaq olmur, donorlar ölkədən qovulub'


Müşahidəçi: İlham Əliyevə səs verənlərin sayı seçkiyə gələnlərdən 2 dəfə çoxdu?
Gözlə

No media source currently available

0:00 0:00:54 0:00

Müşahidəçi: İlham Əliyevə səs verənlərin sayı seçkiyə gələnlərdən 2 dəfə çoxdu?

Azərbaycanda fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkilərini izləmək üçün ümumilikdə 90 mindən artıq müşahidəçi qeydiyyatdan keçib. Onlardan 800 nəfərə yaxını beynəlxalq müşahidəçilərdir.

Bu barədə "Turan"a fevralın 6-da Mərkəzi Seçki Komissiyasından (MSK) məlumat verilib.

Vurğulanıb ki, ölkədə 6 min 537 məntəqə var və orta hesabla hər məntəqəyə 13-14 müşahidəçi düşür.

Artıq bu seçkiləri monitorinq edəcək qeyri-hökumət təşkilatlarının (QHT) 3 koalisiyasının adları da açıqlanıb. Bunlar “Mənim səsim” Seçki Monitorinq Koalisiyası, Sivil Toplum Monitorinq Koalisiyası və Seçki Müşahidə və Təhlil Qrupu Koalisiyasıdır. Sözügedən koalisiyalar da müşahidəçi qismində artıq MSK-da qeydə alınıblar. Amma bu təşkilatlar arasında əvvəlki seçkilərdə tənqidi hesabatları ilə diqqət çəkən bəzi qurumlar yer almır.

“Mənim səsim” Seçki Monitorinq Koalisiyasında təmsil olunan D.Əliyeva adına Azərbaycan Qadınlarının Hüquqlarının Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu “Turan”a bildirib ki, seçki monitorinqi prosesində yeni sima deyillər: “Biz və koalisiyanın digər üzvləri – Səidə Qocamanlı, Səadət Bənanyarlı 20 ildən çoxdur həm parlament, həm prezident seçkilərini monitorinq edirik”.

“Biz 63 seçki dairəsində müşahidə aparacağıq”

Koalisiya üzvü qeyd edib ki, bundan əvvəl onlar müşahidəçiləri hazırlayırdı və həmin müşahidəçilər seçki dairələrin çoxunda seçki günü monitorinq həyata keçirirdilər: “Onlar seçkilərə gələn insanların sayını, pozuntularını qeydə alırdılar. Bu dəfə isə bizim əvvəlki illərdə hazırladığımız 500 müşahidəçimiz var. Biz onların hər birinə 3 seçki məntəqəsi həvalə etmişik və onlar həmin məntəqələrdə müşahidəçilik edəcəklər. Ümumilikdə isə biz 63 seçki dairəsində müşahidə aparacağıq”.

Azərbaycanda 125 seçki dairəsi üzrə 6 min 319 seçki məntəqəsi var.

'Bezdim, istəmirəm' - Azərbaycanlılar seçkiyə niyə getmir?
Gözlə

No media source currently available

0:00 0:05:45 0:00

N.Cəfəroğlunun sözlərinə görə, bundan əlavə koalisiya prezidentliyə namizədlərlə görüş keçirməyə planlaşdırır: “Biz namizədlərə ölkənin gələcəyi, iqtisadi planları, siyasi vəziyyəti necə qiymətləndirdiyi, QHT-lərin, jurnalistlərin vəziyyəti, səhiyyə və təhsil ilə bağlı suallarımızı verəcəyik. Biz həmin suallarla Prezident İlham Əliyevə də müraciət edəcəyik, amma onun bizə cavab verməyə vaxtı olmasa, suallarımızı onun nümayəndəsinə ünvanlayacayıq”.

O, bildirib ki, monitorinqin nəticələri üzrə hesabat hazırlanacaq.

N. Cəfəroğlu sonda da vurğulayıb ki, seçki monitorinqi könüllü əsaslarla həyata keçiriləcək və heç bir maliyyə qaynaqları yoxdur.

“Dövlət qeydiyyatı olmadığına görə...”

Vətəndaş Hüquqları İnstitutunun rəhbəri Bəşir Süleymanlı isə AzadlıqRadiosuna bildirib ki, MSK-nın adlarını açıqladığı təşkilatlar orada qeydiyyatdan keçmiş qurumlardır. Yəni, qanun imkan verir ki, hansısa bir QHT və ya QHT koalisiyası rəsmi sürətdə MSK-ya müraciət etsin, orada müşahidə aparacaq qurum kimi qeydiyyatdan keçsin. Ekspertin fikrincə, əsasən müstəqil təşkilatların dövlət qeydiyyatı olmadığına görə, onlar belə hüquqdan istifadə edə bilmirlər:

“Yalnız dövlət qeydiyyatı olan təşkilatlar müraciət edə bilərlər və MSK onların adlarını açıqlayır. Onlar daha çox hökümət mövqeyi ilə çıxış edən, seçki müşahidəsini yerli və beynəlxalq standartlar çərçivəsində aparmayan təşkilatlar olur. Sadəcə, seçkilərə daha çox təşkilatın qatıldığı görüntüsünü yaratmaq üçün formal olaraq qoşulurlar”.

'Komandir bizə deyirdi ki, get filankəsə səs ver' – Ordu və həbsxanalarda seçki
Gözlə

No media source currently available

0:00 0:11:56 0:00

“Maliyyə imkanları da məhduddur”

B.Süleymanlının sözlərinə görə, müstəqil təşkilatların seçki monitorinqini aparmaq üçün maliyyə imkanları da məhduddur: “Onlar nəinki fəaliyyət göstərə, hətta ofis belə saxlaya bilmirlər. Seçkilər monitorinqi ilə məşğul olan bütün müstəqil QHT-lərin fəaliyyəti məhduddur. Bu, daha çox maliyyə imkanları ilə bağlıdır. Çünki maliyyə tapmaq mümkün olmur, donorlar ölkədən qovulub. Maliyə, ofis olmayan təqdirdə insan və texniki resurs olmur, fəaliyyəti həyata keçirmək mümkünsüz olur”.

O, son dövrdə vətəndaş cəmiyyətinə basqıların, qanunların dəyişdirilməsinin də fəaliyyəti yetərincə məhdudlaşdırdığını vurğulayır: “Xüsusən də son bir neçə ayda mediaya və fəallara basqılar insanlarda qorxu hissini yaradır. Ona görə də resurslar olmur və insanların seçkiyə marağı ölür”.

Son iki ayda ölkədə 10-a yaxın jurnalist həbs edilib. Onlara əsasən qaçaqmalçılıq ittihamı verilib.

Həbs edilən jurnalistlərin heç biri ittihamları qəbul etmir və bunu peşə fəaliyyətləri ilə əlaqələndirirlər. Hərçənd, rəsmilər ölkədə jurnalistlərin peşə fəaliyyəti ilə bağlı təqib və həbs olunmaları ilə bağlı deyilənləri qəbul etmirlər.

Xatırlatma

Qanunvericiliyə əsasən, növbəti prezident seçkisi 2025-ci ildə keçirilməli idi. Prezident İlham Əliyev seçkinin tarixinin təxminən 1 il önə çəkilməsini, artıq Azərbaycanın bütün ərazilərində suverenliyin bərpa edilməsi (2020-ci ildə Ermənistanla 44 günlük savaş, ötən il isə qısa hərbi əməliyyatlarla Qarabağ və ətraf 7 rayona nəzarət bərpa edilib) ilə izah edib.

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP), Müsavat kimi bəzi müxalifət qüvvələri isə bunu "qəfil seçki" adlandıraraq hakimiyyətin əslində rəqabətli, sivil mübarizəyə hazır olmadığını bəyan edirlər. Onlar bu seçkilərdə iştirak etməyəcəklərini açıqlayıblar. Rəsmilər isə deyir ki, ölkədə azad və ədalətli seçkilər üçün bütün imkanlar var.

ATƏT 2018-ci ilin aprelində növbədənkənar prezident seçkilərinin məhdudlaşdırıcı siyasi mühitdə, fundamental hüquq və azadlıqları məhdudlaşdıran qanunlar çərçivəsində keçirildiyini bildirmişdi.

2020-ci ilin fevralında isə növbədənkənar parlament seçkisini isə beynəlxalq missiya belə qiymətləndirmişdi: “Məhdudlaşdırıcı qanunvericilik və siyasi mühit Azərbaycanın parlament seçkilərində həqiqi rəqabətin qarşısını alıb”.

XS
SM
MD
LG