Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 09:29

ATƏT Azərbaycanda seçkiöncəsi vəziyyəti öyrənir


MSK-nın sədri Məzahir Pənahov
MSK-nın sədri Məzahir Pənahov

Dekabrın 19-da Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun Ehtiyaclarının Qiymətləndirilməsi Missiyasının (DTİHB EQM) nümayəndələri Martina Barker-ÇiqanikovaQoran Petrov Azərbaycanda görüşlərinə davam ediblər.

Onlar Azərbaycan Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov, III Respublika Platformasının spikeri Akif Qurbanov, Respublika Alternativi Partiyasının (REAL) sədri İlqar Məmmədov və Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli ilə görüşüblər.

Bir gün əvvəl dekabrın 18-də isə onların Milli Məclis sədrinin birinci müavini, parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli və Müsavat Partiyası başqanı Arif Hacılı ilə görüşü olmuşdu.

Milli Məclisin məlumatına görə, Əli Hüseynli seçki prosesi və qanunvericiliklə bağlı Martina Barker-Çiqanikova və Qoran Petrovu maraqlandıran suallara aydınlıq gətirib.

Müsavat Partiyasının məlumatına görə isə, Arif Hacılı onların növbədənkənar seçkilərdə iştirakdan imtinasının səbəbləri barədə məlumat verib.

Partiya bunu ölkədə azad və ədalətli seçkilərin keçirilməsi üçün mühitin olmaması ilə izah edib.

REAL sədri İlqar Məmmədov isə Telegram - kanalda bildirib ki, Seçki Müşahidə Missiyasının monitorinqi vacibdir.

"Müşahidə missiyası gəlməlidir. Əgər siz gəlməsəniz, adamlar həvəssiz səs verəcək ..." - o vurğulayıb.

MSK-nın məlumatına görə də, sədr Məzahir Pənahov isə görüşdə “qarşıdakı seçkilərin yüksək səviyyədə hazırlanması, azad, ədalətli və şəffaf keçməsi üçün atılan adımlardan danışıb”.

Öz növbəsində Azərbaycan Xalq Cəbhəsi Partiyasının lideri Əli Kərimli bildirib ki, görüş zamanı seçkiqabağı vəziyyət müzakirə predmeti olub:

"Mən cari vəziyyəti onların diqqətinə çatdırdım, siyasi məhbuslar, müxalifətə qarşı repressiyalar... barədə öz fikirlərimi bildirdim”.

III Respublika Platformasının spikeri Akif Qurbanovun açıqlamasına görə isə, görüşdə ölkənin ictimai-siyasi vəziyyəti və seçki öncəsi mühit haqqında ətraflı fikir mübadiləsi aparıblar.

Xatırlatma

Azərbaycanda gələn il fevralın 7-də növbədənkənar prezident seçkisi keçiriləcək. Azərbaycanda son Prezident seçkisi 2018-ci il aprelin 11-də baş tutub.

Qanunvericiliyə əsasən, növbəti prezident seçkisi 2025-ci ildə keçirilməli idi. Hakimiyyətə yaxınlığı ilə seçilən deputatlar seçkilərin tezləşdirilməsini dünyada baş verən dəyişikliklər və Azərbaycanın maraqlarının qorunması ilə izah ediblər.

AXCP, Müsavat kimi müxalifət partiyaları isə bunu "qəfil seçki" adlandıraraq hakimiyyətin rəqabətli, sivil mübarizəyə hazır olmadığını bəyan edirlər.

Onlar seçkilərə qatılmırlar. Amma hakim Yeni Azərbaycan Partiyası (YAP) indiki prezident İlham Əliyevin namizədliyini irəli sürüb.

Prezidentlə yanaşı, deputat Zahid Oruc, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, deputat Qüdrət Həsənquliyev, Milli Cəbhə Partiyasının sədri, deputat Razi Nurullayev və Böyük Quruluş Partiyasının sədri, deputat Fazil Mustafanın da namizədliyi irəli sürülüb.

Habelə, Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev və keçmiş Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyevin da namizədliyi verilib.

XS
SM
MD
LG