Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 22:22

Vəkil Elçin Sadıqov: ‘Təqsirləndirilən şəxs statusum dəyişməyib, şahid kimi dindirilə bilmərəm’


Elçin Sadiqov
Elçin Sadiqov

Vəkil Elçin Sadıqov deyir ki, hazırda azadlıqda olsa da, cinayət təqibi davam etdiyindən, təqsirləndirilən şəxs statusundadır.

O, “Xural TV” internet televiziyasının həbsdə olan rəhbəri Əvəz Zeynallının məhkəməsinə göndərdiyi ərizədə belə yazıb. Həmin ərizə oktyabrın 27-də Bakı Ağır Cinayətlər Məhkəməsində elan olunub.

“Xural TV” rəhbərinin işinə orada baxılır, vəkil Sadıqov da şahid qismində ifadə verməkdən ötrü çağırılıb.

Cinayət işinin materiallarında iddia edilir ki, E.Sadıqov müdafiəçisi olduğu “Baku Steel Company” MMC-nin (poladəritmə zavodunun) həbsdə olan keçmiş rəhbəri Rasim Məmmədovun ailəsindən 20 min manat alaraq, Ə.Zeynallıya verib. Məqsəd də bu olub ki, Ə.Zeynallı “Xural TV”də R.Məmmədov haqqında xoşagəlməz materialların yayımını dayandırsın.

Bu məsələ ilə bağlı ötən ilin sentyabrında Ə.Zeynallı ilə birlikdə E.Sadıqov da rüşvət ittihamıyla həbs edilsə də, bir həftə sonra ev dustaqlığına buraxılmışdı.

“Heç kim özünə və yaxınlarına qarşı...”

Ə.Zeynallının məhkəməsinə ərizə göndərən E.Sadıqov vurğulayıb ki, onun cinayət məsuliyyətinə cəlb edilməsi əsassız və qanunsuzdur. Vəkilin sözlərinə görə, hələ də təqsirləndirilən şəxs statusu davam etdiyindən, şahid qismində dindirilə bilməz:

“Qanuna görə, heç kim özünə və yaxınlarına qarşı ifadə verməyə məcbur edilə bilməz. Mənim təqsirləndirilən şəxs statusum dəyişməyib. Ona görə də mən şahid qismində dindirilə bilmərəm. İstintaq zamanı verdiyim ifadələri təsdiqləyirəm. Xahiş edirəm, o ifadələri nəzərə alın...”.

E.Sadıqov istintaqa ifadəsində təsdiqləyib ki, müvəkkilinin ailəsindən 20 min manat pul alaraq, Ə.Zeynallıya çatdırıb. “Xural TV”nin rəhbəri bunu təkzib edir, vəkilin ifadəsinin həqiqətə uyğun olmadığını bildirir. Bu üzdən, Ə.Zeynallının vəkilləri E.Sadıqovun özünün məhkəməyə gəlib ifadə verməsində israr edirlər.

“Xural TV” rəhbəri isə onun ifadəsinin sübutlar siyahısından çıxarılmasını istəyir:

“Biz Elçin Sadıqovla birlikdə tutulmuşuq. Səbəb kimi də Rasim Məmmədovdan pul almağımızı göstəriblər. Elçin burada təqsirləndirilən şəxsdir, şahid yox. Onun ifadəsi sübutlar siyahısından çıxarılmalıdır”.

Müzakirələrdən sonra qərar verilib ki, vəkil Sadıqov yenə məhkəməyə çağırılsın.

“Qorxularından istintaqa elə ifadə verirlər”

Məhkəməyə gəlməyən 5 şahidin istintaqdakı ifadəsi açıqlanıb. Onların arasında deputat İmamverdi İsmayılov da vardı. O, ifadəsində bildirib ki, ötən ilin fevralında Ə.Zeynallı ona zəng edərək, Elnur adlı tanışının Sumqayıt şəhər İcra Hakimiyyətində problemi olduğunu deyib və bu məsələdə yardım istəyib:

“Əvəz Zeynallını təxminən bir il olardı, sadəcə, “Xural TV”nin rəhbəri kimi tanıyırdım. Baxmayaraq ki, onunla münasibətimiz yox idi, amma mənə zəng eləmişdi deyə, onun dediyi Elnur adlı adama görə Sumqayıtın icra başçısına zəng elədim. Xahiş elədim ki, icra hakimiyyətinin baş memarı onu qəbul eləsin, qanunsuz bir şey yoxdursa, ona kömək eləsin. Bilmirəm ki, o adam sonradan icra hakimiyyətinə getdi, problemi həll olundu, yoxsa yox...”.

Ə.Zeynallı deputatın yalan danışdığını, onunla uzun illərdir münasibətləri olduğunu bildirib. Onun sözlərinə görə, Suraxanı rayonunun icra başçısı Əziz Əzizov da eyni cür davranmışdı:

“İstintaqda qorxularından elə ifadə verirlər...”.

Ə.Zeynallıya qarşı ittihamlardan biri də vəzifəli şəxslərin qərarlarına təsir göstərməklə bağlıdır. Cinayət işinin materiallarında iddia olunur ki, Sumqayıtda, Sabunçuda obyekt tikmək istəyən və s. adamlardan Elnur Şükürov vasitəsilə pul alınıb. “Xural TV” rəhbəri həmin adamların məsələsinin həllini səlahiyyət sahiblərindən xahiş edib və beləliklə, onların xeyrinə qərar verilməsinə nail olub.

Ə.Zeynallı və onunla birlikdə mühakimə olunan E.Şükürov bu ittihamları rədd edir. “Xural TV” rəhbəri siyasi sifarişlə həbs olunduğunu deyir. Bildirir ki, məqsəd bu yolla onu susdurmaqdır. E.Şükürovsa deyir ki, ondan Ə.Zeynallının əleyhinə ifadə vermək tələb olunur. Buna razılaşmadığına görə həbs edilib.

XS
SM
MD
LG