Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 21:53

Rusiyalı hakerlərin Britaniyadan məxfi sənədləri oğurladığı deyilir


Keçmiş ticarət naziri Liam Fox
Keçmiş ticarət naziri Liam Fox

Avqustun 3-də yayılan xəbərlərə görə rusiyalıların Britaniyada 2019-cu il seçkisinin ərəfəsində ticarət nazirinin elektron poçtuna müdaxilə etdiklərinə və məxfi ABŞ-Britaniya ticarət sənədlərini sızdırdıqlarına dair şübhələr yaranıb.

Reuters agentliyi bildirir ki, nazir Liam Fox-un poçtuna haker hücumunun edilməsi və məxfi sənədlərin yayılması Rusiyanın Britaniya siyasətinə müdaxiləsinin birbaşa dəlili kimi qiymətləndirilə bilər.

Xəbər verilir ki, rusiyalı hakerlər Fox-un elektron poçtuna ötən il 12 iyulla 21 oktyabr arasında dəfələrlə müdaxilə ediblər.

Reuters bu barədə məlumatı adını çəkmədiyi iki Britaniya mənbəyinə istinadən verir.

Kreml Reuters agentliyinin xəbərinə hələki reaksiya verməyib. Britaniya hökumətinin sözçüsü isə cinayət araşdırmasının hələ davam etdiyini əsas gətirərək açıqlama verməkdən imtina edib.

Sızdırılmış sənədlərdən Britaniya müxalifəti “faydalanıb”

Xəbər verilir ki, hakerlər hücum prosesində Britaniyanın ABŞ-la ticarət danışıqlarına dair “6 tranş” sənədi oğurlaya və daha sonra yaya biliblər.

Bu da deyilir ki, Britaniyanın müxalif Leyborist Partiyası sızdırılmış sənədlərdən istifadə etməklə 2019-cu il seçkisi ərəfəsində hakim partiyaya qarşı təbliğat kampaniyası aparıb.

Leyborist Partiyası bildirirdi ki, bu sənədlər hökumətin Milli Səhiyyə Sistemini Birləşmiş Ştatlara satmağı planlaşdırdığını göstərir.

Baş nazir Boris Johnson bu ittihamları dəfələrlə rədd edib.

Britaniya parlamentinin ötən ay açıqlanmış hesabatında deyilirdi ki, Moskva 2014-cü ildə Şotlandiyada keçirilən müstəqillik referendumuna müdaxilə edib.

Sənəddə bu da qeyd olunur ki, Britaniya hökuməti Rusiyanın 2016-cı il Breksit referendumuna müdaxiləsini lazımi ciddiliklə araşdırmayıb.

Hazırda yalnız millət vəkili olan Fox nazir vəzifəsini hökumət yerdəyişməsi nəticəsində ötən ilin 24 iyulunda tərk edib.

XS
SM
MD
LG