Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 12:24

Xarici media Rusiyanın daxili işlərinə qarışmaqda günahlandırılır


TASS xəbər agentliyinin verdiyi məlumata görə Rusiya Dövlət Dumasının ölkənin daxili işlərinə qarışılması məsələsini araşdıran komissiyası belə bir nəticəyə gəlib ki, Almaniyanın Deutsche Welle (Alman Dalğası) media şəbəkəsi Rusiya Federasiyasının qanunu pozub.

Bundan başqa komissiyanın rəyinə görə, media qurumunun Şimali Qafqaza aid materialları da Rusiyanın ekstremizn haqqında qanunları ilə ziddiyyət təşkil edir.

Komissiya bunu da bildirib ki, Deutsche Welle xarici agent sayılmaq üçün bütün əlamətlərə malikdir.

RIA Novosti xəbər verir ki, komissiyanın sədri Vassily Piskaryov bu media qurumunun akkreditasiyadan məhrum edilməsi üçün Rusiya Xarici İşlər Nazirliyinə müraciət edəcək.

Deutsche Welle ilə bağlı materiallar habelə Ədliyyə Nazirliyinıə göndəriləcək. Nazirlik Almaniya yayımçısına xarici agent statusu verilib-verilməməsi məsələsinə baxmalıdır.

Interfax xəbər verir ki, Deutsche Welle şirkətinin Twitter hesabında Moskvada keçirilmiş icazəsiz aksiyalardan biri haqqında material ekspertizaya göndərilib.

Piskaryov deyib ki, rəylərin alınmasında nə siyasətlə, nə də partiyalarla bağlı olmayan “müstəqil ekspertlərdən istifadə olunacaq.

Komissiya habelə bir sıra başqa media qurumlarının da Rusiya qanunlarına riayət edib-etmədiyini yoxlayacaq.

Burada söhbət BBC-nin Rus xidmətindən, MBX Mediadan, Amerikanın səsi, AzadlıqRadiosunun Rus xidmətindən, Currenttime telekanalından və Meduzadan gedir.

Bu qurumların hansı materiallarının təftiş ediləcəyi məlum deyil.

Rusiyanın Xarici İşlər Nazirliyi Deutsche Welle şəbəkəsini avqustun 3-də Moskvada keçirilmiş icazəsiz etiraz aksiyası barədə reportaj verməklə ölkənin daxili işlərinə qarışdığını bəyan etmişdi.

Bununla əlaqədar avqustun 19-da Dövlət Dumasında “xarici müdaxiləni” araşdıran komissiya yaradılıb.

Deutsche Welle nümayəndələri bu komissiyanın iclaslarından birində iştirak etmək üçün dəvət olunub. Media qurumu ittihamlardan heç birini qəbul etməyib və təhqiqatda iştirakdan imtina edib.

Rusiya rəsmiləri xarici qüvvələrin Rusiyanın daxili işlərinə qarışması barədə iddiaları hələ avqustda Moskvada kütləvi etiraz aksiyalarının keçirildiyi vaxtda səsləndirmişdilər.

Bu aksiyalarda iştirak edənlər müstəqil namizədlərin Moskva Şəhər Dumasına seçkilərə buraxılmamasına etiraz bildirirdilər.

Avqustun 10-da keçirilmiş icazəli mitinqin ardınca Rusiya parlamentinin yuxarı palatası Federasiya Şurasının dövlət suverenliyinin müdafiəsi üçün müvəqqəti komissiyasının sədri Andrey Klimov bəyan etmişdi ki, “xarici qüvvələr” YouTube kanalından istidadə etməklə aksiya iştirakçılarını təxribatlara cəlb ediblər.

Dövlət Dumasında Rusiya seçkilərinə xarici müdaxiləni araşdıran komissiya məhz bu bəyanatdan sonra yaradılıb.

Komissiyanın hazırladığı hesabat daha sonra hüquq-mühafizə orqanlarına təqdim olunmalıdır.

XS
SM
MD
LG