Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 21:50

“Üsyançı” müstəntiq bəyanat yayıb


Rüfət Səfərov
Rüfət Səfərov

►Rüfət Səfərov: “Məni apararkən "voronok"un "odinoçka"sında saxladılar”

Siyasi bəyanatla prokurorluq orqanlarından istefa vermiş müstəntiq Rüfət Səfərovun barəsində həbs-qətimkan tədbirinin seçilməsi barədə Binəqədi Rayon Məhkəməsinin qərarından yanvarın 18-də apellyasiya şikayəti verilib.

Bu barədə AzadlıqRadiosuna Rüfət Səfərovun vəkili Bəhruz Bayramov məlumat verib.

Yanvarın 18-də istintaq təcridxanasında müdafiə etdiyi şəxslə görüşdüyünü deyən vəkil onun vəziyyətinin pisləşməsi, təcili yardım çağırılması barədə yayılan məlumatlara münasibət bildirib:

"Rüfət Səfərovun qan təzyiqi var. Həqiqətən onun vəziyyətinin pisləşməsilə əlaqədar Təcili Tibbi Yardım çağırılıb, amma bu, istintaq təcridxanasında olmayıb. Yanvarın 15-də Nərimanov Rayon Məhkəməsində Rüfətin barəsində həbs-qətimkan tədbirinin seçilməsindən sonra o, Nərimanov Rayon Polis İdarəsinin müvəqqəti saxlama təcridxanasına aparılıb. Yanvarın 16-da ora təzyiqi qalxıb və təcili tibbi yardım çağırılıb. Elə həmin gün də Kürdəxanıdakı istintaq təcridxanasına köçürülüb".

Buna da bax: Ermənistan Rusiyadan endirim istədi

“2 ŞİKAYƏTÇİDƏN BAŞQA ŞAHİD YOXDUR”

Vəkil Rüfət Səfərovun ictimaiyyətə ünvanladığı müraciəti də açıqlayıb.

"Sizi əmin edirəm ki, möhkəməm, heç bir qorxu hissi yoxdur, inam duyğusu digər cılız hisslərə qalib gəlib. Xoşbəxtliyin daha bir önəmli motivini kəşf etdim zindanda. Ritorika və pafos dışı söyləyirəm ki, haqq sandığım yolda zindana düşmək ruh azadlığı, vücud hürrü, ən əsası şəxsi bəxtəvərliyi şərtləndirdi. Bu mənada, hazırda çox xoşbəxtəm. Bu, məsələnin mənəvi tərəfi...", - deyə Rüfət Səfərov bildirib.

Müraciətdə keçmiş müstəntiqin ona elan olunmuş rüşvət alma ittihamına münasibəti də yer alıb:

"İrəli sürülən ittihamı qeyri-hüququ, əsassız hesab etməklə, komediyanın hesabına yazıram. Təsəvvür edin ki, məni 2 rüşvətalma epizodunda təqsirli saysalar da, ayrı-ayrılıqda olan 2 şikayətçidən başqa qondarma faktı təsdiq edən şahid yoxdur. Baş Prokurorluğun dəftərxanasında axtarış aparsaq, 100 minlərlə analoji xarakterli arxivə alınmış araşdırma materillarının mövcudluğuna şahid olarıq. Necə ola bilər ki, şikayət edən və barəsində şikayət olunandan savayı meydanda bir şəxs, şahid olmur, lakin o fakta görə cinayət işi başlanaraq ən sərt qətimkan tədbiri - həbs seçilir? Barəmdə uydurulan bu iş nəinki Baş Prokurorluğun tarixinə, bütövlükdə Azərbaycan hüquq tarixinə qara hərflərlə yazılır. Olsun. Dözmədilər, amma dözəcəm".

Buna da bax: Hansı dövlət şirkətləri özəlləşdirilə bilər

““VORONOK”UN “ODİNOÇKA”SINDA SAXLADILAR”

Rüfət Səfərov müraciətində yanvarın 16-da Nərimanov rayon Polis İdarəsinin müvəqqəti saxlama təcridxanasından Kürdəxanı təcridxanasına aparılarkən baş verənlərdən də bəhs edir:

"Məni apararkən "voronok"un "odinoçka"sında zorla saxladılar. Təxminin 5-10 dəqiqə kəskin etiraz etdikdən sonra "odinoçka"dan azad etdilər. Görünür, siyasi bəyanat verərək prokurorluq orqanlarından çıxıb, azad olan vətəndaş Rüfət Səfərov bunlar üçün residivist, xüsusi təhlükəli cinayətkardır. Bu da olsun, heç eybi yox. Görək qoca tarix bunlara necə dəyər verəcək?! Sonda bütün vicdanlı insanlara, azad mediaya, hüquq müdafiəçilərinə, vətəndaş cəmiyyətinin təmsilçilərinə, siyasi təşkilatlara, bir sözlə, ədalət hissini gözardı etməyən hər kəsə səslənirəm: Məni tək qoymayın, sizlərə güvənərək məlum, lakin kəskin qərarı qəbul etdim".

Xatıqladaq ki, Rüfət Səfərov dekabrın 20-də Zərdab Rayon Prokurorluğunun müstəntiqi vəzifəsindən istefa verib, ölkədəki haqsızlıqlara, qanunların tapdanmasına görə hökuməti tənqid edib. Bundan sonra Baş Prokurorluqdan Zərdab Rayon Prokurorluğuna yoxlama göndərilib, onun yaşadığı evdə axtarış aparılıb, kompüter və telefonu götürülüb. Yanvarın 11-də isə Zərdab rayonunun prokuroru Süleyman Süleymanov vəzifəsindən azad edilib.

Yanvarın 15-də isə Rüfət Səfərov CM-nin 311.3.2-ci (təkrar rüşvət alma) maddəsilə ittiham edilərək, həbs olunub.

XS
SM
MD
LG