Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 04:41

Bir zaman havada qanad saxla(ma)yın...durnalar


"Quş qripi" xəritəsi
"Quş qripi" xəritəsi
Bəyim-sarovda insanda «quş qripi» tapılandan sonra Tərtər camaatı bu kəndin adamlarından, bəyim-sarovlular özlərisə Xəyalənin yaşadığı məhəllədən gen gəzirlər. Rəsmilərsə kənddə sanitar-karantin tədbirlərinin gücləndirildiyini bildirirlər. Mən də bu üzdən elə bilirdim ki, kəndə girəndə də, çıxanda da gəldiyimiz maşını saxlayacaq, bəzi qaydalara əməl etməyi məsləhət biləcək, nəqliyyat vasitəsini və bizi dezinfeksiya edəcəklər. Amma nə bizi saxlayan oldu, nə də təhlükəli zonaya girdiyimizə görə, xəbərdarlıq edən. Hər şey adi günlərdə olduğu kimiydi. Amma yox, deyəsən, bizim təhlükəsizliyimizin qayğısına qalan olmasa da, kənd camaatının qeydinə qalanlar vardı. Tibb bacıları Yasəmən Muradovayla Nailə Tağıyeva bağda işləyən ev sahiblərini haraylayıb, hərarətləri olub-olmadığını, adlarını soruşdular və dəftərçədə qeyd apardılar. Məlum oldu ki, Xəyalə Musayeva «quş qripi»ndən dünyasını dəyişəndən sonra hər gün kənddə sorğu-müayinə aparılır.

Kənd sakinləri Təravət Orucova və Xatirə Babayevanın şikayəti isə çoxdu. Bir neçə ev quşu ölən Təravət Orucova uşaqlarının hərarət içində yandığını, amma tibb işçilərinin qapılarını döymədiyini söyləyir. Rayon Xəstəxanasının baş həkimi Məhəbbət Paşayeva isə deyilənlərə inanmır.


Bəyim-sarovdakı qadınların şikayəti yalnız həkimlərdən deyil. Bu şikayət işıq və su ilə də bağlıdı. Onlar ev quşlarının ölməsindən sonra dezinfeksiya işlərinin aparılmadığını, xüsusən də çoxlu ev və çöl quşlarının cəsədi tökülmüş kanal suyundan istifadə etməkdən qorxduqlarını deyirlər. Beş uşaq anası Xatirə Babayeva deyir ki, «quş qripi» ilə mübarizənin şərti təmizliyə əməl etməkdi deyirlər. Barı qazı, işığı vaxtlı-vaxtında versəydilər, onlar da təmizliyə əməl edərdilər. Ancaq işıq fasilələrlə gəldiyindən toyuğu və ya yumurtanı bir-iki saat qaynatmağa vaxt yoxdu. İşıq olmadığından kənd camaatı artezianı da işlədə bilmir. Odur ki, quş leşi tökülmüş arxın suyundan istifadəyə məcburdular, düzdü, bu sudan içmirlər, bundan ötrü qonşu kəndə gedirlər.


Kəndin icra nümayəndəsi Surxay Hüseynov isə deyir ki, mənbəyini suvarma kanalından götürən arxların suyu dörd kənddən keçib gəlir. Ancaq neyləsinlər ki, qonşu kəndlərin camaatı ölmüş toyuqları kanala atırlar. Baytarlıq İdarəsi ilə indiyə kimi üç min toyuğı yığıb kənd yaxınlığında qazdıqları quyularda yandırıblar. Amma ölü quş cəsədlərinin ardı kəsmir. O ki qaldı işığın olmamasına Surxay müəllim deyir ki, bu, artıq ümumi problemdir, onun təkbaşına həll edəcəyi məsələ deyil.


Bəyim-sarovda çiy kərpicdən hörülmüş, ikigözlü bir evdə, Sabir Musayevin mənzilindəyik. Bir neçə günün içində Sabir kişi üç övladından ikisini torpağa tapşırıb. Cümə axşamına nənə-baba, əmi-dayı və iki-üç qonşu gəlib. Rəsmilər 24 yaşlı Sübhanın vərəmdən, Xəyaləninsə «quş qripi»ndən öldüyünü deyirlər. Hərçənd rayonun baş həkimi özü də tərəddüd içindədir. O, Sübhanın vərəm xəstəsi kimi iki ildi qeydiyyatda olduğunu bildirsə də, analiz götürülmədiyindən onun vərəmdən, yoxsa «quş qripin»dən öldüyünü deyə bilmir. Valideynləri isə oğullarının sətəlcəmdən dünyasını dəyişdiyini, qızlarının da qardaşının dərdinə dözmədiyini deyirlər. Uşaqların anası Səyyarə Musayeva danışır ki, övladlarının qızdırması-filanı da olmayıb, pambıq vaxtındansa toyuq-cücə saxlamadıqlarından son bir ayda nə quş əti, nə də yumurta yeyiblər. O, deyir ki, 24 yaşına çatmış oğlunun indiyədək bir sərçə tutduğunu görməyib ki, xəstəliyin ona çöl quşundan keçdiyini düşünsün.


Elə Xəyalə ilə yaşıd olan Ləmanə Həsənova da qonşu qızın «quş qripi»ndən öldüyünə inanmır. Amma kənddə hamı onun kimi düşünmür. Qızın ölümündən sonra kənd camaatı çalışır ki, yolunu bu məhəllədən salmasın. Ev sahibləri, qohum-qardaş isə üzə vurmaq istəməsə də, kənd camaatının bu rəftarından incikdi.

Rayonun baş həkimi Məhəbbət Paşayevaya görə, camaatı başa düşmək olar, Bəyim-sarovda hamı toya da, yasa da qorxuyla gedir, adamlar təmasda az olmağa çalışırlar. Bu qorxunu, yaranmış gərginliyi aradan qaldırmağın bircə yolu var - Musayevlər həqiqəti açmaqla, uşaqların xəstə ev və ya çöl quşu ilə ünsiyyətdə olduğunu deməklə yardım göstərə bilərlər. Aradan iyirmi gündən artıq vaxt ötsə də, xəstəliyin mənbəyini tapa bilmirlər. Baş həkimin sözlərinə görə, valideynlərin inadı bir kəndi, bir rayonu təhlükə altında qoyub. Ona görə də ümidləri profilaktik tədbirlərə qalıb. Məhəbbət Paşayeva təhlükəsizliklə bağlı bir tərəddüdünü də bölüşür: «Quş qripi»ndən dünyasını dəyişənlər torpağa tapşırılmazdan əvvəl dezinfeksiya olunmalıdırlarmı?» Onun tərəddüdləri öz yerində. Mənsə Sabir kişinin evinin yaxınlığındakı dezinfeksiya məntəqəsini görəndə tərəddüd etdim. Çünki nə burdan keçən maşınları, nə də təhlükə zonasına girib-çıxanları dezinfeksiya edən var. Güman etmək olardı ki, bir neçə gün əvvəl həyətlər və hinlər dezinfeksiya olunduğundan təhlükə sovuşub. Amma Rayon Baytarlıq İdarəsinin rəisi Məhərrəm Əliyev buna əmin deyil. O, Bakıya 25 ev, 75 çöl quşundan nümunə göndərdiklərini, ancaq onlarda «quş qripi» tapılmadığını, ölmüş quşları kənddən kənarda dərin quyular qazıb basdırdıqlarını bildirsə də, deyir ki, kənd sakinlərindən toyuq-cücəsini hələ də həyət-bacaya buraxanlar var.


London laboratoriyasının cavabı gələndən sonra isə Musayevlərin yaşadığı məhəllədə ev quşlarının məcburi məhvinə başlanılıb. Camaat isə bütün kənddə deyil, yalnız bir neçə həyətdə toyuq-cücənin öldürülməsindən narazıdır. Kəndin icra nümayəndəsi Surxay Hüseynov isə deyir ki, ərazi böyükdür deyə hamının toyuğunu məhv edə bilməyiblər. Yaxın günlərdə ev quşlarının hamısını zərərsizləşdirəcəklər. Baytarlıq İdarəsinin rəisi Məhərrəm Əliyevin dediyinə görəsə, onlar sadəcə, ölmüş ev quşlarını yandırırlar. Kimisə toyuq-cücəsini öldürməyə vadar edə bilməzlər. Əksinə bəziləri özləri salamat quşların yandırılmasını onlara tapşırıblar. Camaata isə deyilib ki, ev quşlarını qapalı yerdə saxlasınlar.


18 yaşlı Xəyalə Musayevanın «quş qripi»ndən ölməsi haqda xəbər çıxandan sonra Tərtərin Bəyim-sarov kəndinə dərd dərd üstündən gəlib. Təxminən 1000 evdən ibarət, Ermənistandan və Kəlbəcərdən gəlmiş qaçqınların yaşadığı kənddə camaatın son günlər narahatlığı birə beş artıb. Kənd camaatı deyir ki, həmişə bu vaxt rayon bazarına satmağa göy-göyərti apararmışlar. Amma indi bu göyərtinin Bəyim-sarovda yetişdiyini biləndə alan olmur. Kənd sakini Səmayə xala deyir ki, hələ yazdı, əkib-becərdikləri göyərtidi. Bir azdan mer-meyvə, tərəvəz yetişəcək, taxıl biçiləcək. Belə çıxır ki, əməkləri hədərdi.
Bəyim-sarovlular deyirlər ki, kənddən qırağa çıxanda, məsələn, rayon mərkəzinə gedəndə hardan gəldiklərini gizlətməyə çalışırlar. Çünki bəyim-sarovlu olduqlarını biləndə onlardan gen qaçan da, ünsiyyətdə ehtiyatlanan da olur.


Hər yanda quşları civildəşən görəndə yadıma qarabağlı şairin misrası düşür:


Bir zaman havada qanad saxlayın,
Sözüm vardır, mənim sizə, durnalar.
Qatarlanıb nə diyardan gəlirsiz,
Qaqqıldaşa-qaqqıldaşa, durnalar.


Amma indi bu ellərə gələn durnaların bir an qanad saxlamasını istəyən yoxdu. Hamı bu quşların və «quş qripi» təhlükəsinin nə vaxt onları tərk edəcəyini gözləyir.


XS
SM
MD
LG