Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 21:38

Putinin paradda demədikləri


Vladimir Putin paradda
Vladimir Putin paradda

Ən diqqətçəkən məqam isə Putinin çıxışında qələbə elan etməməsidir

Rusiya Prezidenti Vladimir Putinin 9 may Qələbə günü paradındakı çıxışında dediklərindən çox, demədikləri maraq doğurub. AzadlıqRadiosu-un müxbiri Mayk Ekel Putinin toxunmadığı məsələlərdən yazır.

O, Ukraynadakı müharibəyə görə ümumi səfərbərlik, yaxud artıq 76-cı günə keçmiş müharibədə qələbə elan etmədi. Putin heç Rusiyanın nüvə arsenalıyla bağlı təhdid də səsləndirmədi. Son həftələr özü və digər rəsmilər dəfələrlə oxşar bəyanatlar veriblər.

12 dəqiqəlik çıxış

Nasistlərə toxunan Putin “denasifikasiya”dan danışmadı. Kreml Ukraynanın işğalında bir məqsədi bununla izah edir.

Putin ötən illərdəki çıxışlarında olduğu kimi nasist Almaniyası ilə müharibədə həlak olmuş milyonlarla sovet vətəndaşının xatirəsini yad edib. Yenə də ötən illərdəki kimi Birləşmiş Ştatları kəskin tənqid edib.

Kreml hazırda Avropada 2-ci Dünya müharibəsindəki bəri ən böyük müharibəni aparır. Bir çox müşahidəçilər Putinin Rusiya üçün yaxşı getməyən müharibə haqda nə deyəcəyini gözləyirdilər.

12 dəqiqəlik çıxış isə bu nigarançılığa aydınlıq gətirmədi.

Putini qane edən durum

“İlkin reaksiyam belədir ki, bu müharibənin çox çəkəcəyini bilir, amma Krımın ilhaqından sonra olduğu kimi birtəhər bunu başa vurmağa, Ukraynanın cənubunda ərazi buferi əldə etməyə çalışır”, – London İqtisadiyyat Məktəbində Rusiya Soyuq Müharibə eksperti və professor Vladislav Zubok deyib.

Moskva 2014-cü ildə Krım vilayətini ilhaq edib. Bu il fevralın 24-də başlanan işğalla isə Rusiya Ukraynanın cənubunda bəzi ərazilərə nəzarəti ələ keçirib.

“Digər mümkün variant belədir ki, Qərb ölkələrinin sanksiyaları Rusiya ətrafında dəmir pərdə qurublar və Putin də öz rejimini təhlükəsizliyini təmin edib, bu onu illərlə qane edəcək. Yaşı da 70-ə yaxınlaşır”, – Zubok radioya emailində yazıb.

İtkilər

Nasist Almaniyasına qarşı müharibədə 27 milyon sovet vətəndaşı həlak olub. Putin Rusiyada heç bir ailənin bu müharibənin təsirindən kənar qalmadığını deyib. Amma Rusiyanın Ukraynada müharibədə itkiləri ictimaiyyətdən gizlədilir. Sonuncu dəfə martda 1351 hərbçinin öldüyü açıqlanıb. Ukrayna və Qərb rəsmiləri isə Rusiyanın azı 15 min hərbçisinin həlak olduğunu deyirlər.

Ukraynanın şimalında böyük şəhərləri ələ keçirə bilməyən Rusiya qüvvələrini ölkənin şərqinə yönəldib. Ancaq Donbas regionunda əməliyyatda da böyük irəliləyiş əldə olunmadığı bildirilir.

Rusiya üçün strateji əhəmiyyət kəsb edən Mariupol liman şəhəri də tam təslim olmayıb. Baxmayaraq ki, Putin aprelin 21-də orada qələbə çalındığını bəyan edib. O, çıxışında Mariupolun, yaxud Rusiyanın tutduğu hər hansı ərazinin adı çəkməyib.

“Hətta qismən səfərbərlik elan etmək...”

Qərbin bir çox hərbi ekspertləri Rusiya əsgərlərinin böyük itki verdiyini əsas gətirərək deyirlər ki, problem daha çox əsgər cəlb etməklə çözülə bilər. Bundan ötrü ya rezervistlər orduya çağrılmalıdır, ya da nisbətən gənc, təcrübəsiz çağırışçılar döyüşə göndərilməlidir. Ən pis halda isə kütləvi səfərbərlik elan olunmalıdır. Bu isə baş vermədi, bəlkə də ona görə ki, Ukraynaya müharibə elan etmək anlamına gələrdi. Axı, Kreml işğalı indiyədək “xüsusi hərbi əməliyyat” adlandırıb.

“Hətta qismən səfərbərlik elan etmək “xüsusi əməliyyat”dan daha böyük məsuliyyət qəbul etmək demək olardı. Bu boş çıxış rəhbərliyin böyük iflasını göstərir, Zelenskinin gözəl perfomansı ilə müqayisədə bu, özəlliklə aydın görünür”, – Oslo Sülh Araşdırmaları İnstitutundan politoloq Pavel Bayev deyir.

Ukrayna Prezidenti Volodimir Zelenski hər gün sosial mediada çıxışlar edir, Kiyevdə vaxtaşırı Qərb ölkələrinin rəsmilərini qəbul edir O, müharibə dönəmində dünya liderlərinin, hətta tənqidçilərinin belə rəğbətini qazanıb.

Müharibə, ya səfərbərlik elan etmək...

Moskvada yaşayan siyasi təhlilçi Dmitri Oreşkin deyir ki, Putinin müharibə, yaxud ümumi səfərbərlik elan edəcəyini gözləmirdi.

“Müharibəyə başlayırsansa, bu o deməkdir ki, xüsusi əməliyyat başa çatmadı, yaxud heç nəyə nail olmadı, ya da yetərsiz oldu. İstənilən halda, bu, qüsur kimi görüləcəkdi”, – Oreşkin “Current Time”a deyib.

Onun fikrincə, səfərbərlik elanı da Rusiya ordusunun yetərincə gücü olmaması, yaxud Ukraynanın güclü müqavimət göstərməsi deməkdir. Bu səbəbdən Ukraynaya müharibə, yaxud ölkədə ümumi səfərbərlik elan etmək məğlubiyyətin etirafı olardı.

Ən diqqətçəkən məqam isə Putinin çıxışında qələbə elan etməməsidir, müəllif yazır.

XS
SM
MD
LG