Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 23:36

Kosa: "Bu ölkədə dolanmaq mümkün deyil" [Fotolar]


►Novruzun qəhrəmanları sonra yenə qapı-qapı düşüb iş axtaracaqlar

Əvvəlki illərdən fərqli olaraq, indi Novruz Kosaları mahnı oxuyub, çırtma çalıb meydandakıları əyləndirmirlər.

Heç yanlarında, folklorda olduğu kimi, birgə oxuyub-oynadıqları, söz davasına çıxdıqları Keçəllər də yoxdur.

Bahar Qızla birlikdə bulvarda dayanıb gəlib-gedənləri şəkil çəkdirməyə çağırırlar.

Həmin vaxtda müştərini əldən verəcəklərindən narahat olduqlarından söhbətı də həvəsli deyillər. Ancaq danışmağa yola gətirincə görürsən ki, ürəkləri doludur. Kosalar da, Bahar Qızlar da işsizlikdən bu libası geyiniblər.

Səhərdən axşama qədər, günə 12 manat...

Elə 41 yaşlı Yaşar kimi. Özü fotoqraf olsa da, son aylar peşəsi ona gəlir gətirmədiyinə görə özünü müxtəlif işlərdə sınayıb.

Gözlə

No media source currently available

0:00 0:02:15 0:00

Restoranda ofisiant da işləyib, tikintidə fəhlə də. Tikintidə zədə alandan fəhləliyin daşını atıb. İş axtara-axtara gəlib çıxıb bulvara. Əlimyandıda bir həftəlik Kosa “işinə” razılaşıb. Səhər saat 10-dan axşam 10-a qədər burada olur:

“Başqa əlacım qalmadı, gəldim bura. Bir oğlum var, institutda oxuyur. Ailəni dolandırmaq lazımdır. İşsizlikdən gəldim. Daha bu ölkədə dolanmaq mümkün deyil”. (Ardı aşağıda)

Yaşarın işi bir həftəlik olsa da, razılaşıb. Çünki hara üz tutubsa, “iş yoxdur” deyiblər:

“Yenə şükür, günə 10-12 manat qazanıram. Həm də uşaqları əyləndirirəm, bir az ürəyim açılır. Camaatda şəkil çəkdirməyə pul yoxdur. Sexə getdim, dedi “beş işçim var, altıncını neyləyirəm?” Şadlıq evlərində fotoqraflıq eləyirdim, indi toylar da yoxdur. Ofisiant da işləmişəm, 10 manat verirdilər. İşdən gecə çıxdığıma görə onun da beş manatını taksiyə verirdim. Dolanışıq o qədər çətindir ki, deyiləsi deyil...”

Bayramın sonuncu günü – martın 27-i Yaşarın da sonuncu iş günüdür.İndidən onu fikir götürüb ki, görəsən, sonra harda işləyəcək?

“İki-üç gündən sonra yenə işsiz qalacağam. Yenə başlayacağam qapı-qapı gəzməyə. Restoranda, sexdə, tikintidə iş axtaracağam. Bura gəlməmişdən əvvəl də oralara getmişdim, iş soraqlamışdım. Götürmürlər, hər yerdə deyirlər, “mənə işçi lazım deyil, ixtisar gedir”. Tikintidə yıxılmışdım, mənimlə heç kim maraqlanmadı. Bilmirəm bir də ora gedə biləcəyəmmi? Danışmaqla düzəlsəydi...”

AzadlıqRadiosunun gündəlik televiziya xəbərlərinə Türksatda bax (Ətraflı)​

Əlacsızlıqdan Kosalıq?

Başqa bir Kosa – Tural da deyir, əlacsızlıqdan kosalıq eləyir. Elə ona görə Kosa obrazını folklordakı kimi yarada bilmir:

“Bilirsiz, çox dərinə niyə getmirik? Çünki biz bura çörəkprəkpulu üçün çıxırıq. Yəni kimsə gəlsin, şəkil çəkdirsin. Günə 3 manat, 5 manat qazanırıq. Başqa iş olsaydı, gedib işləyərdim. Böhrandan sonra heç yerdə iş tapmaq olmur”. (Ardı aşağıda)

Bahar Qızlar, şən qızlar...

Elə Bahar Qızlar da işsizlikdən buraya üz tutublar. Ancaq Kosalardan fərqli olaraq, daha şəndirlər.

21 yaşlı Fatimə Salmanova deyir, iş axtara-axtara Milli Parka gəlib çıxıb. Fatimə bu işi bir təcrübə də sayır:

“Birinci ildir ki, Bahar Qız oluram. İş axtarırdım. Təsadüfən bura gəldim, danışdım, qəbul elədilər. Xoş, ünsiyyətcil olmağa çalışırıq. Əl eləyirik, gəlib bizimlə görüşürlər, şəkil çəkdirirlər. Uşaqlar bizi görəndə sevinirlər, qucaqlaşırlar. Mənə maraqldıır. Həm də sonra iş axtaranda, yəqin, əvvəlkindən daha ürəkli olacağam”.

22 yaşlı Arzu Xudaverdiyeva isə Fatimədən daha təcrübəlidir. Çünki qışda Qar Qız Olur, yazda Bahar Qız. Deyir, şən ovqatını Kosaya da keçirmək istəyir. Çox vaxt bacarır da:

“Kosayla səhərdən nahara qədər dalaşırıq. Yemək yeyib enerji toplayandan sonra barışırıq. Axşama qədər dalaşıb küsmürük. Bu işə marağım, həvəsim var. Çox xoşuma gəlir. Uşaqları da əyləndiririk, özümüz də əylənirik. Bu işdən zövq alırıq”.

Bulvar personajlara ancaq yer verir

Bakı Bulvar İdarəsinin rəis müavini Nazim Məcidov bildirir ki, bulvar idarəsi bayram personajlarına ancaq yer ayırır. Onların işi, gəliri ilə bağlı cavabdehlik daşımır:

Gözlə

No media source currently available

0:00 0:00:35 0:00

“Foto şirkətilə müqaviləmiz var. Hər bayramda, məsələn, Yeni İldə Şaxta Baba, Qar Qız, Novruz bayramında Keçəl, Kosa bura gəlir. Onların işə götürülməsini həmin foto şirkəti həyata keçirir. O işçilərin nə qədər əmək haqqı alması, hansı əmrlə işə qəbul olunmasını Bulvar İdarəsi yox, həmin şirkət həyata keçirir”.

Günün sonuna yaxın var-gəl eləyən Kosalar, Bahar Qızlar yorğun görünürlər. Ancaq iş qurtarmayıb. Hələ axşam saat 10-a qədər burada olacaqlar.

XS
SM
MD
LG