Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 10:40

Nazarbayevin istefası sosial mediada lətifə və gülüş dalğası yaradır


Lətifələrdən birində deyilir:

Nazarbayev Toqayevə sükansız maşın bağışlayır.

Toqayev: Bəs bunun sükanı hanı?

Nazarbayev: Sən ayağını qazda saxla, maşını mən sürəcəyəm.

Qazaxıstan jurnalistlərindən Svetlana Glushkova Nazarbayevin 30 illik hakimiyyətdən sonra istefasını elan etməsinə Twitter-də bu lətifə ilə reaksiya verib.

AzadlıqRadiosunun müxbiri Farangis Najibullah yazır ki, Nazarbayevin seçdiyi Qasym-Zhomart Toqaev martın 20-də keçid prezidenti kimi and içsə də, qazaxların çoxu Elbaşının hakimiyyət sükanının arxasında qalacağından əmindir.

İstefasının şərtlərinə uyğun olaraq Nazarbayev “elbaşı” və “millətin lideri” kimi titulları, habelə hakim Nur Otan partiyasının liderliyini və ölkənin Milli Təhlükəsizlik Şurasının sədrliyini özündə saxlayacaq.

Qazax satiriki Samat Jamayev Facebook-da yazır ki, “ola bilsin, bu əsl istefa deyil, amma millət bir-birini təbrik edir. İlk dəfədir ki, qazax xalqını belə xoşbəxt görürəm!”

“Hələ sağ ikən getdiyinə görə çox sağ ol”

Qazaxıstan jurnalistlərindən Tatyana Panchenko Nazarbayevin istefasını “son 30 ilin ən böyük xəbəri” adlandırır, şair Erbol Zhumagul isə yazır: “Hələ sağ ikən getdiyinə görə çox sağ ol”

Saparmurat Niyazovun qızıl heykəli
Saparmurat Niyazovun qızıl heykəli

Mərkəzi Asiyada prezidentlər adətən ölənədək hakimiyyətdə qalırlar.

Məsələn Özbəkistanda 27 il prezident olan Islam Karimovu bu kürsüdən 2016-cı ildə ölüm ayırdı. Türkmənistanda 1985-ci ildən prezidentlik edən Saparmurat Niyazov 2006-cı ildə elə “Türkmənbaşı” kimi vəfat elədi. Tacikistan prezidenti Emomali Rahmon 1992-ci ildən bu yana prezidentdir.

Bu bölgədə bir neçə prezident dəyişmiş Qırğızıstan istisna təşkil edir.

Buna görə də Qazaxıstandan Sultan adlı istifadəçi Twitter-də yazır: “Ay qırğızlar, nolar bizə də deyin prezident dəyişəndə nə baş verir? Bizim burda bundan heç anlayışımız yoxdur”.

Qazax jurnalistlərdən Lukpan Akhmedyarov isə Facebook-da şükür edir ki, onlara heç olmasa növbəti prezidenti görmək qismət olacaq:

"Yoxsa, hər şey elə uşaqlığımızdakı kimi qalacaqdı. Hamı bilirdi ki, Şaxta Baba idman müəllimimizdir, amma yenə də sevinirdik”.

Başqa bir Twitter istifadəçisi də həyəcanını saxlaya bilmir: "Bu il biz üç böyük blokbaster gözləyirdik: “Qisasçılar”, “Taxtlar oyunu” və “Yeni Ulduz Müharibəsi”. Amma Nursultan Nazarbayev bunların hamısını geridə qoydu. Bu finallar finalıdır”.

Bu arada Belarusda bəzi sosial media istifadəçiləri ölkə prezidenti Alyaksandr Lukashenka-nı Nazarbayevdən nümunə götürməyə çağırıblar. 64 yaşlı Lukashenka 1994-cü ildən prezidentdir.

Minskli Ivan Karopenko yazır: "Hə, sən də geri qalma, Alyaksandr Grigoryevich".

Sosial media istifadəçiləri Nazarbayevin varisini də seçməyə cəhd göstəriblər. Bəziləri Hollivud ulduzu Nicolas Cage-i, bir başqaları isə Britaniya məzhəkəçisi Sacha Baron Cohen-in yaratdığı Borat obrazını təklif edirlər.

Cage 2017-ci ildə Qazaxıstana səfəri zamanı qazaxların ənənəvi milli qış geyimində şəkil çəkdirdikdən sonra bir xeyli lağa qoyulmuşdu.

Vorontsov adlı istifadəçi isə Twitter-də Boratın Qazaxıstanın dövlət bayrağı ilə birlikdə fotosunu dərc edib: “Təcili xəbər. Nursultan Nazarbayevin varisi elan edildi”.

XS
SM
MD
LG