Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 10:42

Nazarbayev istefa verdi, amma gedirmi?


AzadlıqRadiosunun müxbiri Pete Baumgartner yazır ki, Qazaxıstanı 1980-ci illərdən bəri dəmir əllə idarə etmiş Nursultan Nazarbayev martın 19-da istefasını elan edib. Lakin o həqiqətən də gedirmi?

İstefa xəbərindən sonra bu da təsdiqlənib ki, Nazarbayev prezident postunu tərk etsə də, bir çox başqa nüfuzlu vəzifələri, o cümlədən Milli Təhlükəsizlik Şurasının başçısı vəzifəsini saxlayır.

78 yaşlı Nazarbayev həm də özünün yaratdığı Nur Otan hakim partiyasının lideri olaraq qalır.

Sovet zəmanəsindən qalmış sonuncu lider Nazarbayev 2010-cu ildə həm də özünə ömürlük “Elbası” (Elbaşı) və ya “millətin lideri” titullarını verib.

Onun özü də istefa nitqində “narahat olmamağa” çağırıb:

"Mən sizinlə qalıram. Ölkənin narahatlıqları mənim narahatlığımdır”.

Rusiya və keçmiş SSRİ üzrə tanınmış politoloqlardan Paul Goble AzadlıqRadiosuna deyib ki, o səhnədən çıxmır, lakin yeni prezident kürsüyə oturduqdan sonra Nazarbayev özünün bir sıra hakimiyyətlərini itirəcək:

"Məncə biz bir il-filan davam edəcək keçid mərhələsindəyik, onun hakimiyyəti vəfatına görə bitsəydi, onda müəyyən dəyişikliklər olacaqdı”.

Vaşinqton Milli Müdafiə Universitetinin professoru Erica Marat da bu qənaətdədir ki, Nazarbayevin mövcudluğu hələ bir müddət hiss olunacaq:

"O ömrünün son günlərinədək mərkəzi siyasi fiqur olaraq qalacaq. Ona pərəstiş kultu isə onilliklər ərzində davam edə bilər. Bu halda gələcək liderlər öz legitimliklərini Nazarbayevin davamçısı olduqlarını bəyan etməklə təsdiqləyəcəklər”.

Nazarbayev istefası ilə yanaşı bəyan edib ki, qocaman siyasətçi və diplomat, habelə Qazaxıstanın hazırkı spikeri Qasym-Zhomart Toqaev 2020-ci ildə keçiriləcək prezident seçkisinədək dövlət başçısının səlahiyyətlərini icra edəcək.

Nazarbayev Nur Otan partiyasının lideri kimi çox güman gələn ilin prezident seçkisinə partiyanın namizədini də irəli sürəcək.

Digər tərəfdən ölkənin qüdrətli Milli Təhlükəsizlik Şurasının sədri kimi Nursultan Nazarbayev həm də xarici siyasətin sükanı arxasında qalacaq.

Vaxtı itirməmək

Bəziləri bu fikridədirlər ki, Nazarbayevin məhz indi, Novruz ərəfəsində istefa elan etməsi də simvolik xarakter daşıyır.

Baumgartner yazır ki, sadə qazaxlar bu hadisənin baş verəcəyini bilsələr də, istefa xəbəri onlar üçün gözlənilməz olub.

Vaşinqton Milli Müdafiə Universitetinin professoru Erica Marat deyir ki, Nazarbayev bundan əvvəl də hakimiyyətin ötürülməsinin müxtəlif variantlarını götür-qoy edib.

Goble isə bildirir ki, Nazarbayev bu istefa ilə də hakimiyyət sahibi olduğunu göstərməyə çalışıb:

"Aydındır ki, o hakimiyyətdən getmək istəyir, lakin hakimiyyətin yeni nəslə keçidini idarə etmək niyyətindədir. Buna görə də o ölümünün doğuracağı və sonu əvvəlcədən bəlli olmayan nəticələri gözləməyib”.

Bu niyyəti həm də o təsdiqləyir ki, Nazarbayev istefasından lap az əvvəl köhnə hökuməti tamamilə istefaya göndərib.

Bundan bir neçə həftə əvvəl, fevral ayında müvəqqəti evlərdən birində baş vermiş yanğında 5 uşağın ölməsi Nazarbayevə qarşı kütləvi aksiyaların baş qaldırmasına səbəb olmuşdu.

Kreml Nazarbayevin istefasına ehtiyatla yanaşıb. Vladimir Putin, bir gün əvvəl onunla telefon söhbəti etdiyini bildirib.

Rusiya parlamentinin üst palatası - Federasiya Şurasının spikeri Valentina Matviyenko deyib ki, Nazarbayevin istefası “gözlənilməz” və “ciddi hadisə” olub, amma “bu onun qərarıdır”.

Matviyenko bildirib ki, Nazarbayev Avrasiya İqtisadi İttifaqının təşəbbüsçülərindən biri olub və “Rusiya-Qazaxıstan münasibətləri onun sayəsində möhkəmlənib”.

ABŞ-ın Qazaxıstandakı keçmiş səfiri William Courtney isə Nazarbayevin islahatları həyata keçirməsini və Qərb şirkətlərini ölkəsinə gətirməsini təqdir edib:

Lakin o əlavə edib ki, keçid dövrü - “siyasi müxtəlifliyin” inkişaf etdirilməsi, məhbus jurnalistlərin azad olunması, müstəqil siyasi partiyaların fəaliyyətinə icazə verilməsi, dinc nümayişlərin keçirilməsinə imkan yaradılması üçün fürsət ola bilərdi.

Marat isə deyir ki, Nazarbayevin istefası süst vəziyyətdə olan müxalifəti canlandıra bilər.

Lakin professorun fikrincə müxalifət Nazarbayevin hakimiyyəti illərində o qədər zəiflədilib ki, çətin qısa müddətdə kütləviliyə nail ola bilsin.

Goble isə bu qənaətdədir ki, əsl siyasi müxalifətin olmaması ölkəni xarici təsirlər qarşısında zəif sala bilər.

Onun fikrincə bu vəziyyətdən Rusiya və hətta Çin Qazaxıstanda yeni hakimiyyət üzərində nüfuz əldə etmək üçün fürsətlənmək imkanı qazana bilər.

Mümkün varislər

Nazarbayev səhnəni tərk etməsə də, ölkədə yeni prezident olacaq.

Bu kim ola bilər?

Baumgartner yazır ki, əgər indiki keçid prezidenti Toqaev gələn ilədək postunda qala bilsə, Nazarbayev ona öz partiyasının namizədi kimi xeyir-dua verə bilər. Bu halda Toqayevin seçkidə qalib gələcəyi şübhə doğurmur.

65 yaşlı Toqayev Moskva təhsillidir, ölkənin baş naziri, xarici işlər naziri, BMT-dəki səfiri postlarında çalışıb.

Bir başqaları isə 53 yaşlı yeni baş nazir Askar Maminin adını çəkirlər. O da Astananın keçmiş meridir, nəqliyyat və kommunikasiya naziri işləyib.

Darigha Nazarbayeva
Darigha Nazarbayeva

Nazarbaevin böyük qızı Darigha keçmişdə bir müddət atasının varisi hesab olunurdu. O hazırda Senatın üzvüdür. Əvvəllər özünün siyasi partiyası olub. Bir müddət baş nazirin müavini kimi fəaliyyət göstərib.

Mümkün namizədlərdən biri kimi 53 yaşlı Karim Masimovun da adı çəkilir. O iki dəfə baş nazir təyin edilib və əvvəllər Nazarbayevin administrasiyasına rəhbərlik edib.

Goble bildirir ki, o başqa bir Nazarbayev və ya Nazarbayevanın prezidentliyə namizəd olacağını düşünmür.

XS
SM
MD
LG