Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 17:34

Keçmiş nazir döyülüb, təhqir olunduğunu deyir


Vasib Talıbov və Vəli Ələsgərov (arxiv fotosu)
Vasib Talıbov və Vəli Ələsgərov (arxiv fotosu)

-

Naxçıvanın adı hüquq müdafiəçilərinin və sıravi vətəndaşların təqibi ilə bağlı sıx-sıx hallanan keçmiş milli təhlükəsizlik naziri Vəli Ələsgərov hazırda ev dustağıdır. Onu martın 7-də Naxçıvanın Dövlət Təhlükəsizlik Xidməti saxlayıb. Martın 29-da isə Vəli Ələsgərov ev dustaqlığına buraxılıb.

Bunu Azadlıq Radiosu-na onun vəkili Vüqar Xasayev deyib. Vəkilin bildirməsinə görə, keçmiş nazir barəsində cinayət işi açılıb:

«Vəli Ələsgərovu vəzifə səlahiyyətlərini aşmaqda, mənimsəmədə ittiham edirlər. Ona qarşı Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə), 308.1 (qulluq mövqeyindən istifadə etmə) və 309.1 maddələri (vəzifə səlahiyyətlərini aşma) ilə cinayət işi açılıb. Ancaq müdafiə etdiyim şəxs bu ittihamların hamısını rədd edir. Əslində bu ittihamları əsaslandıracaq hər hansı sübut da yoxdur. Bu artıq adətə çevrilib, həmin maddələr üzrə vəzifədən çıxarılan hər bir məmura qarşı ittiham irəli sürülə bilər. Bunlar növbətçi maddələrdir»

Eldar Mahmudov amili?

Vəkil deyir ki, keçmiş nazirin həbsinin arxasında «MTN işi»nin dayandığını düşünmür:

«V. Ələsgərovun həbs işi keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovla bağlı deyil. Vəli Ələsgərovla Eldar Mahmudov arasındakı münasibətlərdə daim ziddiyyətlər olub, ancaq kimlərsə bununla bağlı yanlış məlumatlar veriblər. V. Ələsgərova qarşı baş verənlər də belə yanlış məlumatlardan qaynaqlanır»

Mətbuat konfransından çəkilmiş video: (Məqalə videodan sonra davam edir)

Vüqar Xasayev deyir ki, keçmiş nazirin müdafiə hüququ pozulub.

«Mən martın 14-dən onun vəkiliyəm, onunla cəmi iki dəfə görüşə bilmişəm. Naxçıvan rəhbərliyi müdafiə etdiyim şəxslə görüşməyə imkan vermir, V.Ələsgərova məndən imtina etməsi üçün təzyiqlər edir» – deyən V. Xasayev keçmiş nazirlə ilə yalnız skype vasitəsilə danışa bildiyini söyləyib.

«Onu döyür və ləyaqətini alçaldan hərəkətlərə yol verilir, üzünə tüpürüblər»

Vəkil Vəli Ələsgərovun davamlı olaraq işgəncələrə məruz qaldığını da açıqlayıb:

«Təcridxanada olduğu zaman davamlı incidiblər. Ev dustaqlığına buraxılandan sonra da gəlib aparır, incidirlər. Onu döyür və ləyaqətini alçaldan hərəkətlərə yol verirlər, üzünə tüpürüblər. Bu basqılar yalnız onun özünə qarşı yönəlməyib, müdafiə etdiyi şəxsin qohumlarına da ciddi təzyiqlər var. Onların demək olar ki, hamısı, hətta sürücü olan qohumunu da işdən çıxarıblar. Qardaşını da vaxtaşırı hüquq-mühafizə orqanlarına aparıb-gətirir, incidirlər».

İş Bakıda araşdırılsın

Vəli Ələsgərovu vəzifə səlahiyyətlərini aşmaqda, mənimsəmədə ittiham edirlər...

V. Xasayev hüquqlarını müdafiə etdiyi şəxsin işinin Naxçıvanda ədalətli araşdırılacağına inanmır. Bu üzdən onun işinin Bakıda araşdırılmasını istəyir.

«Baş verənlərlə bağlı Baş Prokurorluğa müraciət etmişəm. Lakin müraciətim araşdırılması üçün Naxçıvan prokurorluğuna göndərilib. Halbuki, mənim şikayətim elə Naxçıvan prokurorluğundandır» – vəkil deyib.

Naxçıvanın keçmiş milli təhlükəsizlik naziri Vəli Ələsgərovun adı hüquq müdafiəçilərinin və sıravi vətəndaşların təqib olunması ilə bağlı qalmaqallarda dəfələrlə keçib. Bu işlərin arasında İranın xeyrinə casusluqda ittiham edilən Turac Zeynalovun Naxçıvan MTN-də vəfat etməsi də var. V. Ələsgərov ötən ilin dekabrında Naxçıvan Milli Təhlükəsizlik Nazirliyinin ləğv edilməsi ilə vəzifəsini itirib.

Həm Naxçıvan Muxtar Respublikasında, həm də Bakıda hakimiyyət orqanları həbsxana və təcridxanalarda işgəncələrin olması ilə bağlı iddiaları qəbul etmirlər.

Bu məsələdə Ombudsman Aparatının mövqeyi də hakimiyyət orqanlarından fərqlənmir. Aparatın şöbə müdiri Faiq Ağayev bu günlər demişdi ki, onlar tez-tez həbsxana və təcridxanalarda monitorinq aparırlar. Ancaq indiyə qədər işgəncə halları ilə bağlı bir faktla belə qarşılaşmayıblar.

Həmçinin baxın - AzadlıqRadiosu Youtube Kanalında izləyin:

XS
SM
MD
LG