Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 19:19

Naxçıvanda keçmiş nazir həbs olunub?


Vəli Ələsgərov
Vəli Ələsgərov

-

Naxçıvan Muxtar Respublikanın keçmiş milli təhlükəsizlik naziri Vəli Ələsgərovun həbs edildiyi bildirilir.

Bu haqda məlumat yayan «Azadlıq» qəzetinin bildirməsinə görə, keçmiş nazir bir neçə həftə öncə həbs edilib.

Qəzet bu barədə məlumatı hələ Novruz bayramından əvvəl yaysa da, indiyə qədər bu iddianı rəsmi şəkildə nə təkzib, nə də təsdiq edən olub.

Həbsin səbəbi kimi isə Naxçıvan Milli Təhlükəsizlik Nazirliyinin binasında təmir-tikinti işlərinə ayrılmış vəsaitin mənimsənilməsi göstərilir.

Naxçıvandakı mənbələrsə «Turan»a bildiriblər ki, əsl səbəb V.Ələsgərovun keçmiş MTN rəhbəri Eldar Mahmudova yaxın olmasıdır.

Yerli mənbələr həmçinin bildiriblər ki, V.Ələsgərovun yaxın qohumlarının hamısı işdən çıxarılıb. Onların kommersiya obyektləri və ya əmlakları əllərindən alınıb.

«Ələsgərovun qohumlarının şəxsi avtomobillərində MTN-in 009 nömrəsi olub. Nömrələrin hamısı geri alınıb», - Naxçıvandakı məlumatlı mənbə «Turan»a bildirib.

Naxçıvanın rəsmi dairələri, habelə Baş Prokurorluq bu məlumatlarla bağlı «Turan»a şərh verməyiblər.

Vəli Ələsgərovun adı hüquq müdafiəçilərinin və sıravi vətəndaşların təqib olunması ilə bağlı qalmaqallarda dəfələrlə keçib. Bu işlərin arasında İranın xeyrinə casusluqda ittiham edilən Turac Zeynalovun Naxçıvan MTN-də vəfat etməsi də var.

V.Ələsgərov ötən ilin dekabrında Naxçıvan Milli Təhlükəsizlik Nazirliyinin ləğv edilməsi ilə vəzifəsini itirib. Nazirliyin bazasında yaradılan Naxçıvan Dövlət Təhlükəsizliyi Xidmətinə yeni rəhbər təyin edilib.

XS
SM
MD
LG