Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 21:31

'Nardaran işi-3': 'Bandotdel'də iki Mehman söhbəti


"Nardaran işi" məhkəmə qarşısı.
"Nardaran işi" məhkəmə qarşısı.

"Nardarandakı əməliyyatın ardından kənd blokadaya alınmışdı. Bir həftə evə çörək ala bilmədik. Nardaran haqqında qorxunc mif yaratmışdılar, cavanlarımızı vəhşi kimi təqdim edirdilər. Məgər Nardaran bu ölkənin bir hissəsi deyil?!", - həmin hadisələrindən sonra həbs olubmuş Mehman Quliyev belə deyir.

O, daha 11 nəfərlə birlikdə "Nardaran işi" üzrə üçüncü qrupun tərkibində mühakimə olunur. Onların işinə Bakı Ağır Cinayətlər Məhkəməsində Zeynal Ağayevin sədrlik etdiyi hakimlər kollegiyası baxır. Prosesdə təqsirləndirilən şəxslərin dindirilmə mərhələsi gedir.

Buna da bax:​ 'Taleh Bağırov toyuna təbrik göndərdi - bəyi 'Bandotdel'ə apardılar'

Mehman Quliyev deyir ki, onu başqa Mehmanla səhv salıb tutublar. Onun sözlərinə görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində (BMCMİ-də) başına vura-vura sorğu-suala tutublar. Yanlışlıq ortaya çıxanda isə deyiblər ki, "iki Mehmanın ikisi də tutulsa, bir şey olmaz".

Həbs prosesini danışan Mehman Quliyev deyir ki, onunla yanaşı, atasını, bir gün sonra da əmisioğlunu tutublar: "Evə vəhşi kimi hücum elədilər. Qışqırırdılar ki, təslim ol, silahları ver. Atamı da həbs elədilər. Bir müddət sonra atamı buraxdılar. Məni əvvəlcə Sabunçu Rayon Polis İdarəsinə apardılar. Orada bir nəfər gəlib məni təpiklə vurdu, dedi ki, uşağın beşiyindən silah tapılıb. Hansı vicdansız uşağının beşiyinə silah qoyar? Evdə suvenir xəncər vardı, onu götürüb silah kimi rəsmiləşdiriblər".

Buna da bax:​ ABŞ-in insan haqları hesabatında Azərbaycanda 'butulka işgəncələri'ndən bəhs edilir

"Orada adamlara qarşı nalayiq hərəkətlər edirdilər"

Mehman Quliyevi Sabunçu polisindən BMCMİ-yə aparıblar. O, başına gələnləri həmin idarədə də danışıb. Ondan bir sıra sənədləri imzalamasının tələb olunduğunu deyib. Bütün sənədləri təzyiq altında imzaladığını söyləyən Mehman Quliyev indi o ifadələrin heç birini təsdiqləmir. Deyir ki, ifadələri ona əliqandallı halda imzalatdırıblar: "Mən heç vaxt silah görməmişəm. Silah nəyimə lazımdır? Pulum olsaydı, odun alardım. İndi burada mənimlə birlikdə olanların heç birini tanımıram. Hansı mütəşəkkil dəstədən söhbət gedə bilər?".

BMCMİ-də adamlara işgəncə verilməsindən danışan Mehman Quliyevin sözlərinə görə, orada saxlanılan şəxslərə qarşı nalayiq hərəkətlərə yol verilib.

Təqsirləndirilənlərdən Faiq Allahverdiyev ifadə verərkən, məhkəmənin nəzərinə çatdırıb ki, Qarabağ müharibəsi veteranıdır, qabırğaları protezdir. Dediyinə görə, "bandotdel"də yalan ifadələri imzalamaq istəməyəndə, onu bir kiloqram narkotiklə şərləməkdə hədələyiblər: "Üzlərinə baxanda, bildim nə yuvanın quşudurlar, yəni bu iş əllərindən gələrdi. Quran oxuyan adamdan terrorçu olar?".

Buna da bax:​ 'Nardaran işi-2': 'Mənə dedilər 'bandotdel'i polis bölməsi ilə səhv salma'

Faiq Allahverdiyev deyir ki, onu Müsəlman Birliyi Hərəkatının sədri Taleh Bağırovla əlaqədə günahlandırırlar. Halbuki bu adamla bir dəfə də görüşməyib, onu məsciddəki çıxışlarından tanıyıb.

Faiq Allahverdiyev həbsinin detallarını da danışıb: "Dağıstana mal gətirməyə gedirdim. Sərhəddə saxlayıb "bandotdel"ə gətirdilər. Dedilər ki, guya məndə silah var. Məndə heç vaxt silah olmayıb. Guya axtarış zamanı evimizdən silah tapıblar. Yalandır. Özləri qoyub, özləri də götürüblər".

Onun sözlərinə görə, evdə ailəsinin başına açılan oyunlar azyaşlı övladının gözü önündə baş verib. Nəticədə, uşaq nevroz xəstəliyinə tutulub: "Yazılanların hamısı yalandır. Hakimiyyəti dəyişmək hara, məscid hara? Biz hamımız günahsızıq, amma nə cəza versəniz, çəkəcəyik. Allah məni sayıb ki, bu cür qardaşlarla birlikdə həbs olunmuşam".

Buna da bax:​ 'Nardaran işi-3': 'Üzərimdə kitab olsaydı, polisə getməmiş onu gizlədərdim də'

Faiq Allahverdiyev həbs olunduğu ilk vaxtlarda ona dövlət hesabına təyin olunmuş Oqtay adlı vəkildən də gileylənib. Deyib ki, onun davranışı heç "bandotdel" əməkdaşlarının davranışından fərqlənməyib.

"Elə işgəncələr veriblər, burada danışmağa xəcalət çəkirəm"

Daha sonra təqsirləndirilən Elxan Həsənov ifadə verərək deyib ki, Nardaran hadisələri baş verəndə Kərbəladaymış. İdmançı olduğunu, deputat və Kiqboksinq Federasiyasının prezidenti Adil Əliyevin onu yaxşı tanıdığını söyləyən Elxan Həsənovun sözlərinə görə, ölkəyə qayıdarkən sərhəddə saxlanılıb: "Məni ailəmlə hədələdilər".

Elxan Həsənov da Taleh Bağırovla heç bir əlaqəsi olmadığını vurğulayıb.

Dövlət hesabına ona təyin olunmuş müdafiəçidən təqsirləndirilən Ramil Seyfullayev də şikayətlənərək bildirib ki, ifadələri imzalamaq məsələsində onu aldadıb: "Dedi ki, boş şeydir, imzala. Mən də imzaladım. Sonradan gördüm ki, həmin ifadəyə görə mənə ömürlük cəza verilə bilər. Vəkil Cəfər Hacıyev idi. Bilinmirdi ki, mənə vəkillik eləməyə gəlib, yoxsa "bandotdel" işçilərinə".

Buna da bax:​ 'Sovet cəlladlarına 'rəhmət' oxutdururlar'

Taleh Bağırovun çıxışlarını yalnız internet vasitəsilə izlədiyini, öz telefonunun yaddaşına da köçürdüyünü deyən Ramil Seyfullayev "Hacı Taleh Bağırzadənin müraciəti" kitabçasından da danışıb: "Yazıblar ki, guya məndən o kitabça tapılıb.

Ümumiyyətlə, elə bir kitabça görməmişəm. Xahiş edirəm, verin, baxım-görüm, o nədir".

BMCMİ-də olarkən, orada işgəncə gördüyünü və indi adamların arasında deməyə xəcalət çəkdiyini söyləyib: "Burada bu haqda danışa bilmirəm".

Məhkəmə martın 13-də davam edəcək.

XS
SM
MD
LG