Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 15:41

Nardaran hadisələrində tutulan azyaşlının yaxınları: 'Zorla yıxıb başını qırxıblar'


Həbsxana
Həbsxana

2015-ci il noyabrın 26-da Nardaran əməliyyatında ilahiyyatçı Taleh Bağırov və digərləri ilə birlikdə həbs olunanlardan biri də Ramin Yarıyev idi. O vaxt Raminin heç 16 yaşı tamam olmamışdı. Sonda məhkəmədə də yetkinlik yaşına çatmadığına görə ona digərləriylə müqayisədə daha az cəza verildi – 10 il. Qanuna görə, hadisə vaxtı yetkinlik yaşına çatmayanlar üçün ən ağır cəza 10 il həbsdir.

R.Yarıyev hazırda 2 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılır. Yaxınlarının AzadlıqRadiosuna bildirdiyinə görə, o, müəssisə rəhbərliyinin göstərişiylə təzyiqlərə məruz qalır.

«Ramini heç bir əsas olmadan 3 gün karsa salıblar. Bu 3 günlük cəza bitəndən sonra müddəti 1 gün də artırıblar. Saxlandığı kameraya gəlib, ona zor tətbiq ediblər. Onu yerə yıxıb, zorakılıqla başını keçəl qırxıblar», – R.Yarıyevin yaxınları belə deyir.

Ailə üzvlərinin sözlərinə görə, Raminin həftədə iki dəfə telefon danışığı hüququ da məhdudlaşdırılıb: «Bütün bu baş verənlərə şəxsən rəis Tahir Yusifov rəhbərlik edib».

Penitensiar Xidmət isə deyilənləri təkzib edir. Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mehman Sadıqov AzadlıqRadiosuna bildirib ki, R.Yarıyevin cəzaçəkmə müəssisəsində təzyiqlə üzləşməsi haqda iddialar həqiqətəuyğun deyil: «O adamın heç bir problemi yoxdur. Nə cəzalandırılıb, nə də hansısa hüququ məhdudlaşdırılıb».

Xatırlatma

2015-ci il noyabrın 26-da Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Bakının Nardaran qəsəbəsində keçirdiyi əməliyyatda ikisi polis olmaqla, altı nəfər həlak olub.

Rəsmi ittihama görə, radikal silahlı dəstə polis əməkdaşlarına silahlı müqavimət göstərib.

Həmin vaxt Nardaranda və bundan bir qədər əvvəl Sabunçu Rayon Polis İdarəsinin qarşısında baş verən hadisələrə görə 70-dən çox (hüquq müdafiəçilərinin siyahısında bu rəqəm 80-dən çox göstərilir) adam həbs olunub.

Onların bir qisminə silah saxlama ittihamı ilə ilyarımdan 6 il 6 ayadək həbs cəzası kəsilib. 40 nəfərdən çox adama isə daha ağır maddələrlə (dövlət çevrilişinə cəhd, terrorçuluq, dini nifaq salma və s.) ittihamlar verilib.

«Müsəlman Birliyi» Hərəkatının sədri Taleh Bağırov 20 il həbs cəzasına məhkum edilib.

Nardaran olayları ilə bağlı həbs edilənlərin əksəriyyəti məhkəmələrində tutularkən və ilkin dindirilmədə ağır işgəncələrə məruz qaldıqlarını bildiriblər. Onlar verilən ittihamları qəbul etməyiblər.

Ancaq Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin və digər hüquq-mühafizə orqanlarının əməkdaşları məhkəmə prosesində işgəncə şikayətlərini təkzib ediblər.

XS
SM
MD
LG