Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 15:23

‘Anlaya bilmirəm ki, övladımdan nə istəyirlər’


Əhsən Nuruzadə
Əhsən Nuruzadə

“Bu Ramazan ayında oruc tutan oğlumu son on gündə müxtəlif bəhanələrlə iki dəfə “karsa” salıblar. İnsanların hisslərinə önəm vermədiklərini bilirik. Bəs Allahdan da qorxmurlar?”

Müsəlman Birliyi hərəkatının koordinatoru Əhsən Nuruzadənin anası Zeynəb Hüseynova AzadlıqRadiosu-na oğlunun yenə cəzalandırıldığını deyir.

İlahiyyatçı Taleh Bağırovun tərəfdarlarından və Nardaran hadisələrilə bağlı məhkəmə proseslərinin fəal iştirakçılarından olan Əhsən Nuruzadə 6 saylı cəzaçəkmə müəssisəsində saxlanılır.

“Bu yaxında Əhsəni heç bir əsas olmadan karsa salıb, günlərlə orada saxlamışdılar. Yenicə çıxmışdı. Mayın 28-də müəssisədəki yataqxanada başqa məhbuslarla birlikdə oturub söhbətləşdiyi yerdə gəlib ona qarşı zorakılıq ediblər. Qollarını burub, götürüb aparıblar. Məhbuslar da başa düşməyib ki, nə baş verir, hara aparırlar. Çünki bu adam heç nə eləməyib, sakitcə oturub. Bu gün öyrəndik ki, aparıb yenə karsa salıblar. Anlaya bilmirəm ki, nə istəyirlər mənim övladımdan. İndi də deyiblər ki, guya başqa dindar məhbuslarla onun arasında ziddiyyət var, qorumaq üçün cəzalandırırlar. Belə məntiqsizlik olar?” – Z.eynəb Hüseynova bildirib.

Anasının sözlərinə görə, məsələni dəqiqləşdirmək, Əhsənin vəziyyətilə maraqlanmaq üçün mayın 29-da vəkili cəzaçəkmə müəssisəsinə gedib. Ancaq ona müvəkkilinin cərimə təcridxanasında olduğunu bildirərək, görüşməsinə icazə verməyiblər:

“Ancaq qanuna görə, harada, necə olursa olsun, ona vəkillə görüşməyə icazə verməliydilər”.

Penitensiar Xidmətdən AzadlıqRadiosu-na Əhsən Nuruzadənin cəzalandırıldığını təsdiqləyiblər. Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, Nuruzadə müəssisədə daxili intizam qaydalarını pozduğuna görə cərimə təcridxanasına salınıb:

“Əl-qolunun burulması və buna bənzər hallar olmayıb. Sadəcə, daxili intizam qaydalarını pozduğuna görə müəssisənin əməkdaşları tərəfindən cərimə təcridxanasına salınıb. Vəkillə görüşməyində isə heç bir problem yoxdur. Vəkil istədiyi vaxt gedib görüşə bilər”.

Xatırlatma

Əhsən Nuruzadəni 2017-ci ilin oktyabrın 6-da Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları saxlayıb.

O, CM-in 234.4.3 (satış məqsədi ilə külli miqdarda narkotik əldə etmə, saxlama) maddəsi ilə 7 il azadlıqdan məhrum edilib.

İnanclı fəal ittihamı qəbul etmir, narkotiki cibinə polislərin atdığını deyir. Həbsinin səbəbini isə Müsəlman Birliyi hərəkatının həbsdə olan rəhbəri Taleh Bağırovun tərəfdarı olması, ictimai fəaliyyəti, son olaraq da həbsindən bir neçə gün öncə Milli Şuranın keçirdiyi mitinqə çağırış etməsiylə əlaqələndirir.

2015-ci il noyabrın 26-da Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Bakının Nardaran qəsəbəsində keçirdiyi əməliyyatda ikisi polis olmaqla, altı nəfər həlak olub. Rəsmi ittihama görə, radikal silahlı dəstə polis əməkdaşlarına silahlı müqavimət göstərib.

Həmin vaxt Nardaranda və bundan bir qədər əvvəl Sabunçu Rayon Polis İdarəsinin qarşısında baş verən hadisələrə görə 70-dən çox (hüquq müdafiəçilərinin siyahısında bu rəqəm 80-dən çox göstərilir) adam həbs olunub. Onların bir qisminə silah saxlama ittihamı ilə ilyarımdan 6 il 6 ayadək həbs cəzası kəsilib. 40 nəfərdən çox adama isə daha ağır maddələrlə (dövlət çevrilişinə cəhd, terrorçuluq, dini nifaq salma və s.) ittihamlar verilib.

Müsəlman Birliyi hərəkatının sədri Taleh Bağırova 20 il, onlarla birlikdə mühakimə olunan digər 17 nəfərə 10 ildən 20 ilədək həbs cəzası verilib.

XS
SM
MD
LG