Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 17:33

'O, otağıma girən kimi stolun üstünə pul qoydu...'


"MTN işi". İllüstrasiya. Gündüz Ağayev.
"MTN işi". İllüstrasiya. Gündüz Ağayev.

Əmlak Məsələləri Dövlət Komitəsinin Daşınmaz Əmlakın Reyestr Xidmətində müxtəlif vaxtlarda Qaradağ, Xəzər, Nəsimi rayon şöbələrinə rəhbərlik etmiş Rauf Sultanov deyir ki, vaxtilə MTN əməkdaşları onu rüşvət ittihamı ilə həbs eləmək istəyiblər. Bu məqsədlə qurulmuş planı həyata keçirib, onu tutub MTN-ə aparıblar.

Rauf Sultanovun bəhs etdiyi bu hadisə 2011-ci ildə baş verib. Həmin vaxt Sultanov Reyestr Xidmətinin Xəzər rayon şöbəsinin rəis müavini vəzifəsində işləyirdi. Şöbə rəisi isə Sabit Məmmədov idi.

Buna da bax:​ Həbsdə olan MTN polkovniki: 'Özümə qəsd edəcəyəm'

“PULU QOYAN KİMİ 4-5 NƏFƏR İÇƏRİ GİRDİ”

Rauf Sultanov MTN-in Antiterror Mərkəzinə rəhbərlik etmiş, hazırda həbsdə olan general-mayor Elçin Quliyevlə bağlı cinayət işində zərərçəkmiş qismində tanınıb. O, istintaqa ifadəsində deyib ki, Xəzər rayonunda şöbənin rəis müavini işləyərkən orada etibarnamə əsasında müxtəlif adamlar üçün sənədləşmə işləri görən Kamil Şükürov vardı. Bir gün həmin o Şükürov şöbə rəisi Sabit Məmmədovun otağından çıxıb onun kabinetinə gəlib: “O, otağıma girən kimi stolun üstünə pul qoydu. Elə pulu qoyan kimi də otağa özlərini MTN əməkdaşları kimi təqdim edən 4-5 nəfər mülki geyimli daxil oldu. Onlar özləri ilə gətirdikləri videokamera vasitəsilə çəkiliş apardılar”.

Rauf Sultanov deyir ki, heç stolun üstündəki pulun məbləğindən də xəbəri olmayıb. Sonradan bilib ki, 3 min manat imiş.

Buna da bax: Zərərçəkmiş: '300 min dollarımı alıb buraxdılar'

Zərərçəkmişin sözlərinə görə, MTN əməkdaşları onu rüşvət almaqda suçlayıb, Kamil Şükürovla birlikdə MTN-ə aparıblar. Nazirlikdə onları Antiterror Mərkəzinin rəis müavini olmuş, MTN ətrafındakı məlum hadisələr zamanı həbs olunan və iki ay sonra – 2015-ci il dekabrın 20-də istintaq təcridxanasında özünü asaraq intihar etmiş İlqar Əliyevin kabinetinə aparıblar.

“İlqar Əliyev məndən tələb etdi ki, şöbə rəisi Sabit Məmmədovun Kamil Şükürovdan rüşvət istəməsi barədə izahat yazım. Bu tələblə razılaşmadım. Tələb olunan izahatı yazmayacağım halda həbs olunacağımı bildirdilər”, – zərərçəkmiş qismində verdiyi ifadədə belə yazıb.

“ƏMƏKDAŞLARI İLQAR ƏLİYEV MÜƏYYƏNLƏŞDİRİB”

Rauf Sultanovun sözlərinə görə, İlqar Əliyevin harasa gedib, bir neçə dəqiqə sonra geri qayıdaraq, onların azad edildiyini deyib. Sultanov hesab edir ki, İlqar Əliyev həmin vaxt idarə rəisi Elçin Quliyevlə görüşüb, bu göstəriş də ondan gəlib: “Azad edilməyimdən ötrü MTN-də pul verməmişəm. O vaxt rəisimiz olan Sabit Məmmədovun da pul verib-vermədiyi haqda məlumatım yoxdur”.

Buna da bax:​ MTN-in qadın və kişi generalları özünü təqsirli bilmir

General Elçin Quliyevdən istintaqda dindirmə zamanı bu məsələni soruşanda cavab verib ki, belə bir hadisəni də, həmin adamları da xatırlamır.

Amma o zaman Antiterror Mərkəzində baş əməliyyat müvəkkili işləmiş, ləğv olunmuş MTN-in bazasında yaradılmış Dövlət Təhlükəsizlik Xidmətində hazırda da fəaliyyətini davam etdirən Fuad Fətəliyev isə hadisəni təsdiqləyib. Deyib ki, Kamil Şükürov ona müraciət edərək, Dövlət Reyestr Xidmətinin Xəzər rayon şöbəsinin rəisi və onun müavininin hansısa işə görə pul tələb etdiklərini deyib. O da bu məlumatı Antiterror Mərkəzinin rəis müavini İlqar Əliyevə məruzə edib. İlqar Əliyev də öz növbəsində məsələ haqda Mərkəzin rəisi Elçin Quliyevi məlumatlandırıb: “Sonra Əmlak Komitəsinin Xəzər rayon idarəsinin rəisi və rəis müavininin əməllərini sübut etmək üçün tədbir təşkil etdik. Tədbir zamanı videoçəkiliş aparmaq üçün İlqar Əliyev MTN-nin Əməliyyat Texniki İdarəsindən mütəxəssis də dəvət etmişdi. Tədbirdə hansı əməkdaşların iştirak edəcəyini İlqar Əliyev müəyyənləşdirmişdi”.

Buna da bax:​ Zərərçəkmiş ittiham olunana: 'Sizin həyat yoldaşınız kimdir?'

NAZİRİN DƏ XƏBƏRİ VARDI

Fuad Fətəliyev deyir ki, özü birbaşa idarə rəisi Elçin Quliyevlə çox ünsiyyətdə olmasa da, bir sıra məsələlər vardı ki, onlar yalnız generalın razılığından sonra gerçəkləşə bilərdi. Onun sözlərinə görə, hansısa vəzifəli şəxsin MTN-ə çağrılması, buraxılması da bu qəbildən olan məsələlərdir.

Fətəliyev bildirib ki, bu əməliyyatdan nəinki Elçin Quliyevin, hətta nazir Eldar Mahmudovun da xəbəri vardı:

“Elçin Quliyev də öz növbəsində bu əməliyyatı sabiq nazir Eldar Mahmudovla razılaşdırıb. Biz MTN-nin inzibati binasında Rauf Sultanov və Sabit Məmmədovu birbaşa İlqar Əliyevin xidməti otağına apardıq. Daha sonra öz xidməti otağımda İlqar Əliyevin göstərişini gözlədim. Bir qədər sonra İlqar Əliyev mənə zəng vurdu və onları MTN-nin inzibati binasından yola salmalı olduğumuzu bildirdi. Dedi ki, onlar üçün rəhbərlik səviyyəsində xahiş olunub. Mən də tapşırıq əsasında onları yola saldım”.

Buna da bax:​ 'AMAY Abdulla': 'Yazığım gəldi, uşaqların 'atası' oldum...'

XATIRLATMA

2015-ci ilin oktyabrında MTN ətrafında məlum hadisələrdən sonra Elçin Quliyev Antiterror Mərkəzinin rəisi vəzifəsindən azad edilərək, MTN-in Heydər Əliyev adına Akademiyasının kafedra rəisi təyin edilib. Bir müddət sonra isə həbs olunub.

Elçin Quliyevə CM-nin 145 (qanunsuz azadlıqdan məhrum etmə), 181 (quldurluq), 182 (hədə-qorxu ilə tələb etmə) 302 (əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma), 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 311-ci (rüşvət alma) maddələri ilə ittiham verilib.

Buna da bax: 'MTN işi'ndə dəhşətli intihar: Zərərçəkmiş əvvəl damarını kəsib, ...

Mayın 4-də Bakı Hərbi Məhkəməsində Elçin Quliyev və onun tabeliyində işləmiş polkovnik Azər Mehdiyevin işi üzrə məhkəmə istintaqı başlayacaq.

2015-ci ilin oktyabrında milli təhlükəsizlik naziri Eldar Mahmudov işdən çıxarılıb. Ardınca nazirliyin 20-dək yüksəkrütbəli əməkdaşı həbs olunub. Daha iki ay sonra həmin nazirlik ləğv edilib, onun bazasında Dövlət Təhlükəsizliyi Xidməti və Xarici Kəşfiyyat Xidməti yaradılıb.

XS
SM
MD
LG