Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 11:37

Çovdarov Tağı Əhmədovdan 3 milyonu haradan aldığı ilə maraqlanıb


Tağı Əhmədov
Tağı Əhmədov

Bakı Metropoliteninin keçmiş rəisi Tağı Əhmədovun MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin rəisi olmuş Akif Çovdarovun ondan hədə-qorxu ilə 3 milyon alması barədə şikayətinə məhkəmədə baxılır.

Tağı Əhmədovun 44 illik maaşı

A. Çovdarov, eləcə də onun tabeliyində işləmiş Akif Əliyev, Orxan Osmanov və Səlim Məmmədovun məhkəməsində Tağı Əhmədovla bağlı epizod araşdırılır. Dekabrın 26-da keçirilən məhkəmədə Tağı Əhmədovun qardaşı oğlu Şövqü Əhmədov və daha bir qohumu - Elşən Tağıyev dindirilib.

Buna da bax:​ Bu dəfə generalın əleyhinə öz keçmiş həmkarı ifadə verdi

A. Çovdarovgilin işinə Bakı Hərbi Məhkəməsinin sədri və hakimləri Sabunçu Rayon Məhkəməsinin binasında baxırlar.

Əvvəlki iclaslarda olduğu kimi, jurnalistləri yenə məhkəməyə buraxmadıqlarından, prosesdə olub-bitənlər vəkillərin məlumatları əsasında diqqətə yetirilir.

Şövqü Əhmədovun məhkəmədə söylədikləri ilə istintaqa ifadələri arasında ziddiyyət yaranıb. A. Çovdarovun vəkili Sadiq Rəsulov AzadlıqRadiosu-na bildirib ki, Şövqü Əhmədov məhkəmədə o zaman MTN-ə tək aparıldığını desə də, istintaqdakı ifadəsində qohumu Elşən Tağıyevlə birlikdə olduğunu və orada hər ikisinin döyüldüyünü söyləyib.

Buna da bax: 'Dedi, deyəsən, hara gəldiyini, MTN-in gücünü bilmirsən...'

Dollar+avro+manat

İstintaq materiallarında Tağı Əhmədovdan pul alınması epizodunda göstərilib ki, MTN əməkdaşı Rəsul Rəsulov ona zəng edəndən sonra Hüseyn Cavid bağında görüşüblər. Görüşdə R. Rəsulov ondan MTN-ə çoxlu şikayət gəldiyini deyib. Tağı Əhmədovdan buna görə pul tələb olunub, amma o, heç kimə bir qəpik də verməyəcəyini bildirib. Bir müddət sonra Rəsulov yenə Tağı Əhmədovla əlaqə saxlayaraq xəbər verib ki, Xətai Rayon Məhkəməsində hakim işləyən oğlu Rauf Əhmədovun başına torba keçirib MTN-ə gətirmək istəyirlər. Daha bir neçə gün sonra Tağı Əhmədovun qardaşı oğlu və qohumunu MTN-ə çağırıb orada döyüblər. MTN-də Şövqü Əhmədov əmisinin əleyhinə ifadə verməyə məcbur olub. Bütün bunlardan sonra Tağı Əhmədov öz oğlu Ruslan və qardaşı oğlu Əli ilə 1,2 milyon dollar, 1,5 milyon avro və 300 min manat göndərib. Onlar da MTN yaxınlığında maşının içində pul olan çantanı şəxsən A. Çovdarova veriblər.

Şövqü Əhmədov istintaqa ifadəsində deyib ki, əvvəllər metronun "Qara Qarayev", "Koroğlu" stansiyalarında fəaliyyət göstərən ticarət sahəsində çalışıb, ardından "Qara Qarayev"də rəis müavini olub. 2014-cü ilin aprelində onu MTN-ə çağırıblar. Gedəndə, tanışı Elşəni də orada görüb. Amma onları ayrı-ayrı otaqlara salıblar. Şövqü Əhmədovun ifadəsinə görə, otaqda bir nəfər onu sorğu-sual edib, ticarət köşklərinin vətəndaşlara neçəyə satıldığını, hansı qiymətə icarəyə verildiyini, yığılan pulların hara getdiyini soruşub. Başqa biri də bu dindirməni kameraya çəkib. Həmin vaxt otağa başqa adamlar da daxil olaraq, ondan yığılan pulların əmisi Tağı Əhmədova çatması barədə ifadə verməyi tələb ediblər. Tələbi yerinə yetirmədiyinə görə, 7-8 nəfər üstünə tökülərək, onu döyüblər. O da məcbur olub, əmisinin əleyhinə ifadə verib, bundan sonra onu MTN-dən buraxıblar.

Buna da bax:​ MTN işi: '1 milyona yaxın əmlakımız, pulumuz Çovdarova verilib'

Tağı Əhmədovun 44 illik maaşı...

Əvvəllər metronun "Əhmədli", "Nizami", son vaxtlarda isə "Koroğlu" stansiyasında ticarət obyektlərinə nəzarət etdiyini deyən Elşən Tağıyev ifadəsində zəng edib onu da MTN-ə çağırdıqlarını söyləyib. Orada ondan tələb olunub ki, ticarət köşklərindən yığılan pulu Tağı Əhmədova və ya hakim işləyən oğlu Rauf Əhmədova çatdırdığı haqda ifadə versin. Dediyinə görə, pul yığılması ilə heç vaxt məşğul olmadığını bildirəndən sonra onu döyüblər. Bununla belə, tələb olunan ifadəni verməyib.

Tağı Əhmədovla yanaşı, Şövqü Əhmədov və Elşən Tağıyev də zərərçəkmiş qismində tanınıblar. Metropolitenin keçmiş rəisi üç milyon manatının əlindən alındığına, qohumları isə MTN-də döyüldüklərinə görə.

Tağı Əhmədov A. Çovdarova verdiyini iddia etdiyi 3 milyon manatın mənbəyindən danışarkən deyib ki, "44 illik əmək fəaliyyəti nəticəsində yığdığı pul olub".

Buna da bax:​ Vəkil: 'Hakim şəkəri qalxan Çovdarova 'şərbət verin içsin' deyib'

A. Çovdarov isə Tağı Əhmədovun da, onun yaxınlarının da söylədiklərini təkzib edir. Onun sözlərinə görə, Tağı Əhmədovun qohumunun ağır qəza törətməsi, bir sıra qohumlarının qanunsuz hərəkətləri barədə hüquq-mühafizə orqanlarında yetərincə məlumat var. İndi həmin materiallardan “yararlanaraq”, Tağı Əhmədovdan onun əleyhinə ifadə alırlar.

Dekabrın 28-də keçiriləcək növbəti məhkəmə iclasında Tağı Əhmədovun özünün də dindiriləcəyi gözlənilir.

Buna da bax:​ MTN işi: ''Moda' mağazasına səhər saatlarında iki nəfər gəldi...'

Xatırlatma

A.Çovdarov ötən il noyabrın 15-də həbs olunub. Baş Prokurorluğun o vaxt yaydığı məlumatda ləğv edilən MTN-in 21 keçmiş əməkdaşının cinayət məsuliyyətinə cəlb edildiyi bildirilirdi. Artıq 19 nəfər həbsdədir. Onlardan yuxarıda adları çəkilən dörd nəfərin işi məhkəməyə göndərilib.

A.Çovdarova və onunla birgə mühakimə olunanlara Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə və ya israfetmə), 145-ci (qanunsuz azadlıqdan məhrumetmə), 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311-ci (rüşvətalma ) və daha bir neçə ağır maddəsi ilə ittiham irəli sürülüb.

Buna da bax:​ 'Mənimlə birgə tutduqlarınızı buraxın, nəyə desəniz, imza atacağam'

Ötən ilin oktyabrında milli təhlükəsizlik naziri Eldar Mahmudov işdən çıxarılıb. Ardınca nazirliyin 20-yə yaxın yüksəkrütbəli əməkdaşı həbs olunub. Daha 2 ay sonra həmin nazirlik ləğv edilib, onun bazasında Dövlət Təhlükəsizliyi Xidməti və Xarici Kəşfiyyat Xidməti yaradılıb.

XS
SM
MD
LG