Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 13:39

Bu dəfə generalın əleyhinə öz keçmiş həmkarı ifadə verdi


General Akif Çovdarov
General Akif Çovdarov

Ləğv olunmuş MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin keçmiş rəisi, həbsdə olan general Akif Çovdarovun dekabrın 21-də keçirilən məhkəməsində onun əleyhinə ifadə verən şəxs elə öz həmkarı olub - MTN-in sabiq idarə rəisi İlqar Aşurbəyov.

O deyir ki, Çovdarovun kürəkəninə kabinet vermədiyindən, onun qəzəbinə tuş gələrək, işini itirib və üstəlik, həbs olunmamaq üçün 300 min manat vermək məcburiyyətində qalıb.

Buna da bax:​ 'Dedi, deyəsən, hara gəldiyini, MTN-in gücünü bilmirsən...'

İlqar Aşurbəyov da zərərçəkmiş qismində tanınıb

Akif Çovdarov, eləcə də onun tabeliyində işləmiş Akif Əliyev, Orxan Osmanov və Səlim Məmmədovun işi üzrə məhkəmə prosesinə media nümayəndələri yenə baxılmır. Bu işə Bakı Hərbi Məhkəməsinin hakimləri Sabunçu Rayon Məhkəməsinin inzibati binasında baxırlar.

Məhkəmədə İlqar Aşurbəyov istintaqa ifadəsini təsdiqlədiyini deyib. O, həmin ifadəsində bildirib ki, 1988-2004-cü illərdə daxili işlər orqanlarında müxtəlif vəzifələrdə çalışıb. 2004-cü ildə Eldar Mahmudov nazir təyin olunandan sonra keçmiş iş yerindən - DİN-dən, bir sıra kadrlar kimi, İlqar Aşurbəyovu da MTN-ə gətirib. O da 2004-cü ildən MTN-də polkovnik-leytenant rütbəsində xidmətimi davam etdirib və 2010-cu ilədək orada işləyib.

Buna da bax: MTN işi: '1 milyona yaxın əmlakımız, pulumuz Çovdarova verilib'

İlqar Aşurbəyov 2004-cü ilin sonlarında nazirliyin Əks-kəşfiyyat İdarəsi Aviasiya şöbəsinin 2-ci bölməsinin rəisi vəzifəsinə təyin edilib. O, struktur dəyişikliyindən sonra 2008-ci ilin oktyabrında Aviasiya İdarəsinin rəisi təyin olunub. Xidməti ərazi Bakıdakı Binə Hava Limanı imiş. İdarə rəisi olduğu dövrdə Akif Çovdarovun kürəkəni Rəşad Əmircanov onun rəhbərlik etdiyi quruma əməliyyat müvəkkili vəzifəsinə təyin edilib.

“Artıq başa düşdüm ki...”

"Lakin həmin idarənin hava limanında yerləşən ərazisində boş xidməti otaq və avadanlıq olmadığından, mən Rəşad Əmircanova nazirliyin inzibati binasındakı otaqlarda oturmağı tapşırmışdım. Akif Çovdarov bununla bağlı zəng edərək öz narazılığını bildirdi. 2009-cu martın 19-da bilmədiyim səbəbdən birdən-birə sərəncama götürüldüm. Həmin dövrdə artıq Akif Çovdarov 6-cı Baş İdarənin rəisi təyin olunmuşdu və mənim rəhbərlik etdiyim idarə də onun tabeliyinə verilmişdi. Artıq başa düşdüm ki, Akif Çovdarov kürəkəninə yer verə bilmədiyim üçün mənimlə prinsip aparır", - Aşurbəyovun ifadəsində belə deyilir.

Buna da bax:​ Vəkil: 'Hakim şəkəri qalxan Çovdarova 'şərbət verin içsin' deyib'

İlqar Aşurbəyovun sözlərinə görə, sərəncama götürüləndən təxminən 1-2 ay sonra - 2009-cu ilin aprel-may aylarında Akif Çovdarovun adından ona zəng gəlib: "Heç bir səbəb deyilmədən, təcili MTN-nin inzibati binasına çağrıldım. Bir müddət Akif Çovdarovun qəbul otağında gözlədim. Köməkçisi Rövşən Ədilovun məruzəsindən sonra Akif Çovdarovun qəbulunda oldum. Akif Çovdarov mənə kobud şəkildə dedi ki, "sən özünü apara bilmədin. Mənim pulum pulundan, dostum dostundan çoxdur, gücüm də gücündən böyükdür. Sən əgər mənim kürəkənimlə düzgün davransaydın, bu gün belə bir vəziyyətdə olmazdın". Sonra stolun üstündə olan kağıza yazmaqla və birbaşa özümə deməklə, 300 min verməyimi tələb etdi. Pulu verməyəcəyim halda, həbs ediləcəyimi dedi. Buna imkanım olmadığını söylədim. O isə dedi ki, "get atandan al, onda var". Həmin dövrdə atam Bakı şəhərində "Passaj" bazarının səhmdarlarından biri idi. Akif Çovdarov həmin pulu bir həftəyə gətirib verməli olduğumu dedi.

Buna da bax:​ Çovdarovun zərərçəkmişi təkcə zərər çəkməyib...

“Həmin məbləği Çovdarovun otağında ona verdim”

Bundan sonra nazirliyi tərk edib, ertəsi gün atamın yanına getdim. Atamla danışdım və vəziyyətin ciddiliyini ona izah etdim. Atam 1-2 gün ərzində öz vəsaitindən 175 min manat düzəldərək, mənə verdi. Həmin gün öz maşınımla MTN-ə getdim. Həmin məbləği Çovdarovun otağında ona verdim".

Aşurbəyovun dediyinə görə, məbləğin qalan hissəsini ödəmək üçün vaxt istəyib. Çovdarovun cavabı isə belə olub: "Mən bilmirəm, təcili qalan pulu da bir neçə günə düzəlt, gətir. Qalan pulu köməkçim Rövşənə verərsən".

İlqar Aşurbəyov deyir ki, qayınatası Əflatun Kərimova müraciət edib və ondan 50 min manat alıb. Qalan 75 min manatı isə yenidən atasından götürüb. Təxminən 15 gün sonra, qardaşı Kamranla birlikdə, MTN-nə gediblər. Yolda Çovdarovun köməkçisi Rövşənlə əlaqə saxlayıb, onunla MTN-nin arxa hissəsində görüşüblər. Apardığı 125 min manatı da Rövşən Ədilova təqdim edib.

Buna da bax:​ Zamin Hacı: 'Mən istəməzdim polis bu işlə məşğul olsun...'

“Niyə işdən çıxarılandan sonra heç kimə şikayət etməyib?”

Akif Çovdarovun vəkili Sadiq Rəsulov məhkəmədən sonra jurnalistlərə açıqlamasında deyib ki, dindirmə zamanı dəfələrlə Aşurbəyovdan söylədikləri haqda niyə heç yerə şikayət etmədiklərini soruşsalar da, o, konkret cavab verə bilməyib: "Aşurbəyov deyir ki, 300 min manatı ailəsi ilə təhdid edildiyi üçün verib. Ona dəfələrlə sual verdik ki, konkret necə hədələnmisiniz? Nə deyilib sizə? Cavab verdi ki, Çovdarov ona "ailən var" deyib, o da qorxub və 300 mini verib. Aşurbəyov deyir ki, "MTN cinayətkar yuvası olub və şikayət etməyə qorxub". Biz də soruşduq ki, bəs orada niyə işləyib? Həm də pensiya vaxtı çatanadək MTN-də işləyib. Çovdarovla münasibətləri pozulandan sonra iki il yarım da qalıb işləyib. Soruşduq ki, niyə işdən çıxarılandan sonra heç kimə şikayət etməyib? Aşurbəyovun nazir Eldar Mahmudova çıxış imkanı da olub. Ancaq niyə şikayət etmədiyini izah edə bilmədi".

Vəkilin dediyinə görə, Aşurbəyovun ifadəsinə Çovdarov məhkəmədə belə cavab verib: "Mənə nazir Eldar Mahmudov tapşırıq vermişdi və həmin tapşırığın icrası baxımından iş Aşurbəyova tapşırılmışdı. O isə kobud cavab verdi. Mən də bunu nazirə məruzə etdim. Buna görə də Aşurbəyov cəzalandırıldı. Bu səbəbdən, Aşurbəyov məndən qisas almaq istəyir".

Buna da bax:​ MTN işi: ''Moda' mağazasına səhər saatlarında iki nəfər gəldi...'

“Əgər pulu Anar Abdıyev alıbsa...”

Hazırda Dövlət Təhlükəsizliyi Xidmətində çalışan Anar Abdıyev də bu gün Çovdarovun məhkəməsində şahid kimi dindirilib. İş üzrə zərərçəkmiş kimi tanınan bir sıra şəxslər MTN-də onlardan tələb olunan pulu Abdıyevə verdiklərini deyirlər. Belə zərərçəkmişlərdən biri də Tofiq İbrahimovdur ki, o, tələb olunan 62 min manatın 50 minini keçmiş MTN, indiki DTX əməkdaşı Anar Abdıyevə verdiyini iddia edir.

Ancaq şahid məhkəmədə adıçəkilən şəxsdən pul almadığını bildirib.

"Biz də bildirdik ki, necə olur, cəlbetmə qərarında göstərilir ki, Tofiqdən 50 min alınıb. Əgər pulu Anar Abdıyev alıbsa, niyə o, məsuliyyətə cəlb edilmir? Əgər almayıblarsa, niyə Çovdarov və digərlərinə qarşı bu epizod üzrə ittiham irəli sürülüb? Məhkəmədə Abdıyevdən əvvəlki MTN-ə şifahi şəkildə müraciət edən vətəndaşların necə dinlənilməsi, şikayətlərinin necə araşdırılması haqda soruşduq. Dedi ki, vətəndaş şifahi şəkildə belə olsa, şikayət edərsə, o, mütləq şəkildə MTN-ə dəvət edilib və dinlənilib. Dediyinə görə, hazırda DTX-da da vətəndaşlar eyni qayda ilə dinlənilir. Biz bu sualı ona görə verdik ki, Çovdarov və digərlərinə qarşı ittihamda onların şifahi şikayətlər əsasında dinləmə apardıqları, kimlərisə izlədikləri yazılıb. Ancaq aldığımız cavabdan aydın oldu ki, indi də vətəndaşların şikayəti eyni qayda ilə araşdırılır", - Çovdarovun vəkili Sadiq Rəsulov əlavə edib.

Buna da bax: Qızıl-brilyant ticarətçisi: 'Eldar Mahmudov üçün də brilyant gətirmişəm'

Xatırlatma

A.Çovdarov ötən il noyabrın 15-də həbs olunub. Baş Prokurorluğun o vaxt yaydığı məlumatda ləğv edilən MTN-in 21 keçmiş əməkdaşının cinayət məsuliyyətinə cəlb edildiyi bildirilirdi. Artıq 19 nəfər həbsdədir. Onlardan yuxarıda adları çəkilən dörd nəfərin işi məhkəməyə göndərilib.

A.Çovdarova və onunla birgə mühakimə olunanlara Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə və ya israfetmə), 145-ci (qanunsuz azadlıqdan məhrumetmə), 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311-ci (rüşvətalma ) və daha bir neçə ağır maddəsi ilə ittiham irəli sürülüb.

Buna da bax:​ 'Mənimlə birgə tutduqlarınızı buraxın, nəyə desəniz, imza atacağam'

Ötən ilin oktyabrında milli təhlükəsizlik naziri Eldar Mahmudov işdən çıxarılıb. Ardınca nazirliyin 20-yə yaxın yüksəkrütbəli əməkdaşı həbs olunub. Daha 2 ay sonra həmin nazirlik ləğv edilib, onun bazasında Dövlət Təhlükəsizliyi Xidməti və Xarici Kəşfiyyat Xidməti yaradılıb.

XS
SM
MD
LG