Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 09:33

Moskva dronlara inanmır. Onların arxasında kim dayanır


Kremlə dron hücumunun əks olunduğu deyilən kamera görüntüsü
Kremlə dron hücumunun əks olunduğu deyilən kamera görüntüsü

Bu həftənin əvvəlində Rusiya paytaxtı üzərində bir ay içində ikinci dəfə dronlar uçub.

Kremlin əlində bunu kimin etdiyinə dair tutarlı sübut varsa belə, bunu ictimaiyyətə açıqlamır. Ancaq yəqin ki, həmişəki şübhəlini, Ukraynanı günahlandırır.

Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı müharibəsi 16-cı aya girdiyi bir dönəmdə Kiyev səmasına hər gün dronlar soxulur. Rusiya Kiyevi əsasən İran mənşəli kamikadze dronlarla, həmçinin dənizdən və havadan buraxılan qanadlı raketlərlə vurur.

Amma Moskvanın səmasında görünən dronlar tamamilə başqa məsələdir. Bu hadisə Ukraynanın öz torpaqlarındakı Rusiya qüvvələrinə qarşı çoxdan gözlənilən əks-hücum əməliyyatına hazırlaşdığı, eyni zamanda Rusiya sərhədləri daxilində kölgə müharibəsi apardığı güman edilən bir vaxta təsadüf edir.

Ən son mayın 30-da müşahidə edilən dron görüntüləri haqqında bildiklərimiz bunlardır.

Dəqiq nə baş verir?

Mayın 30-da səhər saatlarında Moskvanın bəzi bölgələrində və onun qərb ətrafı ərazilərində bir neçə dronun uçduğu müşahidə edilib.

Rusiya mətbuatı 30-dan çox dronun olduğunu xəbərləsə də, Müdafiə Nazirliyi sayın ən azı səkkiz olduğunu bildirib və bu rəqəm AzadlıqRadiosunun müxbirləri tərəfindən təsdiqlənib. Rusiya səlahiyyətliləri bütün dronların tutulduğunu və ya vurulduğunu bildirib. Onların sözlərinə görə, ən azı üç yaşayış binasına yüngül ziyan dəyib, iki nəfər isə yüngül xəsarət alıb.

Dronların heç biri birbaşa hədəfə çırpılan kamikadze dronlarına bənzəmirdi. Onların partlayıcı maddə daşıyıb-daşımadığı da bəlli deyil. Telegram və digər sosial mediada yayılan bəzi videolarda yüzlərlə kilometr məsafəyə uçmağa qadir model görünür.

Dronların, əgər varsa, hədəflərinin nə olduğu bəlli deyil. Onlardan biri Rusiyanın varlı elitasının yaşadığı və Prezident Vladimir Putinin əsas iqamətgahı Novo-Oqaryovonun yerləşdiyi Rublyovka rayonu üzərində görülüb. Digəri isə Moskvanın cənub-qərbində, Müdafiə Nazirliyi və hökumət binalarının yaxınlığına düşüb.

Bu, son bir ayda Moskva səmasında uçan naməlum dronlarla bağlı ikinci belə hadisədir. Bundan əvvəl, mayın 3-də səhər saatlarında Kreml üzərində ən azı iki dron görünüb. Müxtəlif istiqamətlərdəki videokameralara Kremlin əzəmətli binasında kiçik bir yanğın düşüb. Başqa bir videoda isə həmin binanın üzərində uçan dronun partladığı əks olunub.

Putinin Kremlin ən vacib illik nümayişinə, 9 may Qələbə günü ilə bağlı Qızıl Meydanda hərbi parada ev sahibliyi etməsindən bir neçə gün əvvəl baş vermiş hadisə, hələ də izah olunmayıb. Kreml bu hadisəni Putinə sui-qəsd cəhdi adlandırıb. Bu iddia müxtəlif, o cümlədən Putinin gecələr Kremldə qalmaması səbəbindən rədd edilib.

Mayın 30-dakı hadisədən sonra Putin Ukraynanı ittiham edib və uçuşları “terror fəaliyyəti” kimi qiymətləndirib. Kreml Ukraynanın Qərb tərəfdarlarını da hədəfə alaraq, ABŞ və digər Avropa ölkələrinin hücumları pisləməli olduğunu bildirib.

“Kiyev rejimi Rusiyanı qorxutmaq, Rusiya vətəndaşlarını qorxutmaq və yaşayış binalarına hava zərbələri endirmək yolunu seçdi. Bu, açıq-aydın terror fəaliyyətinin əlamətidir”, – dövlət televiziyasında çıxış edən Putin deyib.

Üç səbəb

Dronlarla bağlı xəbərlər Rusiyanın bir çox aparıcı qəzetlərinin birinci səhifələrində dərc olunub. Bu qəzetlərin bir çoxunun müstəqilliyi 2022-ci ilin fevralında işğal başlayanda nəzərəçarpacaq dərəcədə məhdudlaşdırılıb.

Moskva, Rusiyanın bir çox böyük şəhərləri kimi, Ukrayna müharibəsinin real təhdidlərindən mühafizə olunsa da, getdikcə əndişələr artır. Çünki Rusiyanın itkilərini ört-basdır etmək çətinləşir, zəfər ritorikasına baxmayaraq, müharibənin sonu görünmür.

Rusiyanın siyasi sistemi üzrə ekspert Tatyana Stanovaya Kremlin mayın 30-dakı dron hücumuna reaksiyasını “passiv” adlandırıb. Bunun üç səbəblə yaxşı izah oluna biləcəyini deyib. Stanovaya, Karnegi Beynəlxalq Sülh Fondu üçün qələmə aldığı təhlildə üç səbəb haqqında yazıb: “Səbəblər - Putinin xalqın dözümünə inamı, hakimiyyətin “uğurlarını” nümayiş etdirmək vəsvəsəsi və Rusiyanın bu cür hücumlara effektiv cavab vermək üçün hərbi hazırlığının olmamasıdır”.

“Rusiya sistemində həyəcan təbili çalan ilk şəxs günahı öz üzərinə götürür. Onu ört-basdır etmək, zəifliyi qəbul etməkdən daha asandır. İnsanlar güclü idarəetmə görmək istəyirlər, lakin hazırda bu rəhbərlik getdikcə daha aciz və çaşqın görünür”, – Stanovaya bildirib.

Aha! Yəni bunu ukraynalılar edib?

Bu, tam olaraq aydın deyil.

Ukrayna aylardır Rusiya daxilində, xüsusən də Belqorod, Voronej və Rostov sərhəd bölgələrində aşağı səviyyəli kölgə müharibəsi aparır.

Bu temp son aylarda güclənib. Özəlliklə də keçən həftə Ukraynaya qoşulan rusiyalı döyüşçülər olduqlarını iddia edən bir qrup silahlı adamın Belqoroda cəsarətli hücumu indiyədək ən böyük hücumlardan idi.

Rusiyada yanacaq anbarlarında və digər yerlərdə baş verən sərhədyanı partlayışların əksəriyyətində Ukrayna günahlandırılır.

Əvvəlki insidentlərdə olduğu kimi, Ukraynanın hərbi və mülki rəhbərləri Moskvaya atılan dronlarla bağlı məsuliyyəti öz üzərinə götürməyib. Prezident Volodimir Zelenskinin müşaviri Mixaylo Podolyak Kiyevin hücumlarla heç bir əlaqəsi olmadığını desə də, Ukraynanın hadisələri izləməkdən həzz aldığını və belə hadisələrin artacağını proqnozlaşdırdığını deyib.

Bəzi analitiklər mayın 30-da şahidlərin lentə aldığı görüntülərdə dronlardan birinin Ukrayna istehsalı UJ-22 hücum təyyarəsinə bənzədiyini və 800 kilometrə qədər uçuş məsafəsinə malik olduğunu bildirib. Yəni bu dronlar Ukraynadan Moskvaya uça bilir.

Buna oxşar bir model fevralda Moskvadan kənarda qəzaya uğramışdı.

“New York Times” qəzetinə anonim danışan ABŞ rəsmiləri 3 may hücumunun arxasında Ukrayna ordusu və ya kəşfiyyat orqanlarından birinin olduğuna inandıqlarını deyiblər.

Amma Rusiyanın Ukraynadakı hava hücumları, o cümlədən kamikadze dronları və qanadlı raketləri Ukraynanın infrastrukturuna real ziyan vuraraq, əhəmiyyətli itkilərə səbəb olduğu halda, Moskvaya atılan dronlar şəhərə çox az zərər vurub.

Rusiya hesab edir ki, Moskvaya dron hücumlarının arxasında Ukrayna durur
Gözlə

No media source currently available

0:00 0:02:00 0:00

Psixoloji məqsəd?

Məqsəd sırf psixoloji, yəni, rusiyalıları qorxutmaq və ya onların hərbi və siyasi liderlərini ələ salmaq deyilsə, Ukraynanın bundan necə faydalanacağı bəlli deyil.

Apreldə Sankt-Peterburqda bir kafedə heykəlin içərisinə gizlədilən bomba partladılıb. Hadisə nəticəsində geniş oxucu kütləsi olan müharibə tərəfdarı bloqer həyatını itirib. Buna bənzər bir sui-qəsd daha ciddi psixoloji zərbə ola bilərdi. Partlayışdan sonra bir rusiyalı qadın həbs edilib. Lakin hüquq-mühafizə orqanları bu məsələdə Ukrayna agentlərinin əli olduğunu düşünür.

Ukraynanın qərb tərəfdarları bu cür hücumları dolayı yolla dəstəkləməkdə ittiham olunur. Ağ Evin mətbuat katibi Karin Jan-Pyer (Karine Jean-Pierre) “ümumi məsələ kimi” Ukraynanın Rusiya torpaqlarında ABŞ silahlarından istifadəsini ABŞ administrasiyasının dəstəkləmədiyini bildirib. “Bu məsələdə çox konkretik və bundan sonra da belə olacağıq. Biz təkcə ictimaiyyət qarşısında deyil, həm də öz aramızda ukraynalılara qarşı açıq olmuşuq”, – o, mayın 30-da bildirib.

Deməli, bu, 'yalançı bayraq'dır?

Bəzi ukraynalı, rusiyalı, qərb müşahidəçilər ehtimal edirlər ki, Rusiya kəşfiyyat orqanları və ya başqa bir Rusiya təşkilatının, rusiyalıları qorxutmaq və ya qəzəbləndirmək, hətta hərbi komandirləri utandırmaq üçün Moskva səmasında dronlar uçura bilərdilər.

Rusiyanın “saxta bayraqlar” adlanan, özlərinin təşkil etdiyi hücumlarla bağlı bir keçmişi var. 1999-cu ildə rusiyalıları qorxudan və İkinci Çeçen Müharibəsini alovlandıran ölümcül bina partlayışları uzun müddət birmənalı yozulmadı. Fərziyyələrə görə, Federal Təhlükəsizlik Xidməti bu partlayışları qismən Putinin prezidentliyə yüksəlməsinə zəmin yaratmaq üçün quraşdıra bilərdi. Amma bunun heç vaxt dəqiq sübutu olmayıb.

Kremlin razılığı olsa da, olmasa da, Rusiya kəşfiyyat orqanlarının “yalançı bayraq” əməliyyatı müharibəyə dəstəyi möhkəmləndirə və Rusiya xalqını bir araya gətirməyə kömək edə bilər. Yaxud qatı millətçilər də “yalançı bayraq”dan yararlana bilərlər. Onlar Kremli ümumi səfərbərlik, bütün ölkəni müharibə üçün ayağa qaldıraraq Ukraynaya total müharibə elan etməyə çağırırlar.

Total müharibənin əsas tərəfdarları arasında Kremlə bağlı oliqarx Yevgeni Priqojin də var ki, onun özəl muzdlu şirkəti “Vaqner” Ukraynadakı müharibədə mühüm rol oynayır.

Digərləri arasında, Ukraynanın Donbas bölgəsində Rusiyanın qızışdırdığı müharibənin ilk illərində fəallıq göstərən keçmiş kəşfiyyatçı İqor Qirkin də yer alır. Qirkin Malayziya Hava Yollarına məxsus MH17 təyyarəsinin vurulmasındakı roluna görə, keçən il Niderland məhkəməsi tərəfindən məhkum edilib. Priqojin kimi Qirkin də Rusiyanın hərbi komandirlərini çox tənqid edir.

Həm Priqojin, həm də Qirkinin bir və ya bir neçə kəşfiyyat orqanı ilə sıx əlaqələri olduğu bildirilir. Bu da onlara açıq şəkildə tənqid etmək, həmçinin digər əməliyyatlar aparmağa geniş imkan yaradır.

XS
SM
MD
LG