Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 15:38

Əli Kərimlinin müşaviri həbs olundu


Məmməd Ibrahim
Məmməd Ibrahim

-

AXCP sədrinin müşaviri, partiyanın Rəyasət Heyətinin üzvü Məmməd İbrahim barəsində 2 aylıq həbs-qətimkan tədbiri seçilib.

O, Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsilə başlanmış cinayət işi üzrə şübhəli bilinir.

Vəkili Yalçın İmanov AzadlıqRadiosuna deyib ki, Məmməd İbrahimin həbsi qanunsuz və əsassızdır: «Bu hal Azərbaycan məhkəmələrinin hansı prinsiplə işləməsinə yaxşı nümunə ola bilər. Məmməd İbrahimə şamil olunan maddə az ağır cinayət kateqoriyasına aiddir. Hətta hesab etsək ki, Məmməd İbrahim həqiqətən bu əməli törədib, istintaq dövründə bu maddəylə ittiham olunan hər hansı şəxs barəsində həbs-qətimkan tədbiri seçilmir».

Yalçın İmanov deyir ki, Məmməd İbrahim şübhəli şəxs qismində qanunun yol veridyi 48 saatdan artıq saxlanıb: «O, şübhəli şəxs qismində 48 saatdan artıq saxlanıb və onun hər hansı məhkəmə qərarı olmadan azadlıq hüququ məhdudlaşdırılıb. Avropa Məhkəməsinin belə hallarla bağlı Azərbaycana qarşı bir sıra qərarları var. Biz də bu qanun pozuntusu ilə bağlı məhkəməyə şikayət edəcəyik».

Bundan əvvəl - 02.10.2015

Hakim Əli Kərimlinin müşaviri barədə qərar vermədi

AXCP sədrinin müşaviri Məmməd İbrahim, barəsində qətimkan tədbiri seçilməsi üçün oktyabrın 2-də günorta Nərimanov Rayon Məhkəməsinə aparılsa da, işə baxan hakim Məzahir Sadıqov qərar verə bilməyib.

Təxminən yarım saat çəkən məhkəmə iclasından sonra 15.50-də hakim qərar qəbul etmək üçün müşavirəyə gedib və altı saat ərzində geri qayıtmayıb.

Hakimin bu cür davranışına etiraz olaraq, Məmməd İbrahimin vəkili Yalçın İmanov axşam saat 21.30-da məhkəmə binasını tərk edib. Bu barədə AzadlıqRadiosuna vəkil özü məlumat verib.

Saat 21.40-da isə məhkəmə qarşısında nəticəni gözləyənlərə bildirilib ki, qərar oktyabrın 3-də, saat 15.00-a qədər təxirə salınıb.

Buna da bax: Sabir Rüstəmxanlı: "Bu, şüursuzluğun əlamətidir"

"Polis rəisi müşavirədə hakimin yanında idi"

"Hakim müşavirəyə gedəndən az sonra Nərimanov Rayon Polis İdarəsinin istintaq şöbəsinin rəisi Fəxrəddin Şıxəliyev də onun yanına gəldi. Bu, çox ciddi qanun pozuntusudur. Müşavirə otağında hakimdən başqa kimsə olmamalıdır. Amma polis rəisi mən məhkəməni tərk edənə qədər orada idi. Bir neçə dəfə hakimə müraciət edib soruşdum ki, niyə gəlib qərarı elan eləmirsiz? Hər dəfə deyirdi ki, "5 dəqiqəyə gəlirəm". Bu, dəfələrlə təkrarlandı və mən çıxıb getmək məcburiyyətində qaldım", - deyə Yalçın İmanov bildirib.

Buna da bax: Minsk Qarabağ münaqişəsində neytrallığını bildirib

Məmməd İbrahim sərbəst buraxılmasa...

Vəkil onu da qeyd edir ki, hakimin bu cür davranışı ona şübhəli görünür. Məsələ burasındadır ki, Məmməd İbrahimin şübhəli şəxs qismində saxlanılma müddəti oktyabrın 2-də axşam saat 23.30-da başa çatır:

"Qanuna görə, o vaxta qədər ya barəsində qətimkan tədbiri seçilməli, ya da 23.30-dan sonra sərbəst buraxılmalı idi. Qərar vermədilər, sərbəst də buraxmadılar. Mən bilmirəm ki, bunu hansı niyyətlə elədilər".

Yalçın İmanov onu da əlavə edib ki, Məmməd İbrahimin barəsində qətimkan tədbiri seçilmədiyi halda, 23.30-dan sonra sərbəst buraxılmasa, bununla əlaqədar məhkəmədə ayrıca iş qaldırılacaq:

"Çünki bu, Avropa İnsan Haqları Konvensiyasının 5-ci maddəsilə təminat verilən azadlıq hüququnun pozulmasıdır. Azadlıq hüququnun pozulmasına görə Avropa Məhkəməsinin Azərbaycana qarşı bir neçə qərarı da var".

Xatırladaq ki, Məmməd İbrahim "AXCP Etimad Qurultayı" adlandırılan təşkilat komitəsinin rəhbəri Razi Nurullayevin dəstəsindəki Mikayıl Quliyevin şikayət ərizəsi əsasında başlanmış cinayət işi üzrə sentyabrın 30-da şübhəli şəxs qismində saxlanılıb. Mikayıl Quliyev bildirir ki, Məmməd İbrahim ona qəfil hücum edərək vurub, köynəyini cırıb.

Məmməd İbrahim isə saxlanılmamışdan əvvəl AzadlıqRadiosuna açıqlamasında bildirmişdi ki, Mikayıl Quliyev özü ona hücum edib.

Sözügedən insident sentyabrın 29-da baş verib. Hadisədən az sonra sonra polislər gələrək, Məmməd İbrahimi Nərimanov rayonu, 18-ci polis bölməsinə aparıblar.

XS
SM
MD
LG