Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 17:35

«AXCP yolunu öncə Elvin getdi, sonra məni də həvəsləndirdi»


Zülfiyyə Abdullayeva
Zülfiyyə Abdullayeva

-

İyunun 1-də məhkəmə AXCP fəalı Elvin Abdullazadəyə 6 il həbs cəzası verdi. Məhkəmə onu narkotik maddə saxlamaqda ittiham etsə də, ailə üzvləri və ətrafı həbsini siyasi sifariş sayır. Məhkəməni «qurama» adlandıran AXCP fəalının anası Zülfiyyə Abdullayeva oğlunun həbs ediləcəyini öncədən təxmin etdiyindən danışır:

- Zülfiyyə xanım, Elvinin ilk həbs xəbərini alanda reaksiyanız necə oldu, nə dərəcədə gözlənilən idi sizin üçün?

- Elvin imtahandan çıxan kimi biz əlaqə saxladıq, mənə imtahanı əla verdiyini dedi. O, bankdan pul götürüb təhsilhaqqını ödəməli idi deyə, bir saat sonra yenidən zəngləşməli idik. Bir saat sonra zəng elədim, telefonu açmadı. Narahat olmağa başladım. Üstündə pul var idi deyə, «başına bir işmi gəlib» düşündüm, həbs ehtimalı da ağlımdan keçdi. «Facebook» səhifəsinə girib dostlarının nömrəsini axtarmağa başladım. Dedilər ki, «deyəsən Elvin tutulub», çünki əliqandallı şəklini «facebook»a qoyubmuş. Zatən iki ay idi ki, həyətimizə bir maşın polis, bir maşın da MTN əməliyyatçıları gəlib-gedirdi, bilirdik ki, həbs edəcəklər Elvini. Ali məktəbdəki siyasi fəaliyyətinə, çıxışlarına görə şərlənəcəyini bilirdik.

- AXCP yolunu öncə siz getmisiniz, Elvin ardınızca gəlib, yoxsa əksinə?

- Yox, AXCP yolunu birinci Elvin gedib. Kimsə onu partiyaya qoşmaq təşəbbüsü göstərməyib, özü deyir ki, «facebook»dan cəmiyyətdə baş verən haqsızlığı izləyirmiş, hər şeyi görürdü deyə, həvəsləndi, partiyaya qoşuldu. Ardınca da məni həvəsləndirdi. AXCP rəhmətlik Elçibəyin məzarı önünə toplaşanda, başladıq biz də qoşulmağa. Öncə oğluma dəstək kimi qoşuldum, sonra özüm də gördüyümü gördüm.

- Elvinin həbsi bu yolu seçdiyiniz üçün bir peşmançılıq yaratdımı sizdə?

- Yox, haqdan yana danışmaq nə vaxtdan peşmançılıq olub? Düzün ayrı adı yoxdur, haqq yolundayıq. Anayam, təbii ki, məni yandırır, onu əziyyətlə böyütmüşəm, dişimlə-dırnağımla bu günə çatdırmışam. Cəmiyyətə yararlı fərd böyütmüşəm. Çalışırsan sabah hamı sənə desin ki, «halal olsun belə anaya». Bu sözü indi mən eşidirəm. Mənim oğlum haqq yolundadır. Şərlənib tutulub. Əqidəsi düz olan, düzgün yolda olan hər kəs mənə deyir ki, «halal olsun sizə, çox gözəl övlad yetişdirmisiniz». Bundan artıq qürurverici nə ola bilər ki?!

- Qınaq edən də olurmu?

- Yox, nə qınaq olacaq ki? Qınağı ancaq rejim edir. «Əqidəndən dön, keç bizim tərəfə» deyən rejim. Hansı tərəfə keçməliyik ki? Bəyəm erməni tərəfdəyik? O da azərbaycanlıdır, mən də, bunun tərəfi var? Azərbaycanda, bütün ölkələrdə, elə qonşu ölkələrdə partiyalar var. Necə olur ki, onların hər şeyi - Milli Məclisdə mandatdan tutmuş ikimərtəbəli avtobusa, qərargaha, mətbuata, televiziya kanalınadək hər şeyi olur, amma bizdə olmasın. Bu necə söz azadlığıdır bəs? Yoxdur da, hər şey məhdudlaşdırılıb bizdə.

- Məhkəmə prosesini necə dəyərləndirirsiniz?

- Məhkəmə başından qurama idi, vəkilin heç bir vəsatəti təmin olunmadı. Siyasi məhbuslara rejimin təyin etdiyi cəza var, vəssalam, o da verilməlidir. Nə var ki ali məktəbdə siyasi partiyasını tərənnüm edir. Nə olsun ki? Axı burda nə var ki? Biz necə cəmiyyətdə yaşayırıq? Gənc sözünü deməməlidir? Bəs gənc nəsil necə formalaşmalıdır?

- Sizcə, Elvin həbsdə nə qədər qalacaq?

- Elvin içəridə az qalacaq. Əfvdən inşallah yararlanacaq. 6 il cəza verməklə deyil ki. Elvinin işi Avropa Məhkəməsinə gedəcək. İndi apellyasiya şikayəti verəcəyik.

- Əfv də yazacaqsınızmı?

- Yox. Niyə əfv yazmalıyam ki? Uşağımı şərləyib tutublar, hələ bir gedib əfv də yazacağam ki, sən Allah, mənim uşağımı azad et? İnsan həmişə bir yol tutmalıdır, ikinci bir yola dönəndə hər iki yoldan olursan. Biz haqdan, düzdən yanayıq.

- Elvinin həbsdən sonrakı həyatını necə görürsünüz?

- Elvin çıxacaq və mübarizəsini davam etdirəcək. İçəridə özünü daha da təkmilləşdirəcək, xeyli kitab oxuyacaq, artıq namaz qılmağa başlayıb.

XS
SM
MD
LG