Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 20:31

Ukrayna Krıma zərbələr endirdiyini deyir


Cankoyda partlayışı göstərən videodan
Cankoyda partlayışı göstərən videodan

Rusiya tərəfindən ilhaq edilmiş Krımda, Cankoy şəhəri yaxınlığında martın 20-də güclü partlayışların eşidildiyi xəbər verilir.

Yerli teleqram kanallarının məlumatına görə partlayışlar hərbi aerodromun yerləşdiyi ərazidə baş verib.

Partlayışların Ukrayna dronlarının zərbələri nəticəsində baş verdiyi bildirilir. Yerli hakimiyyət orqanları yarımadada hava hücumundan müdafiə sisteminin işə düşdüyünü xəbər verib.

Ukrayna Müdafiə Nazirliyi Baş Kəşfiyyat İdarəsi Cankoy şəhərinə zərbə endirilməklə dəmir yolu ilə daşınan Kalibr NK raketlərinin məhv edildiyini bildirib.

Hərbi kəşfiyyatın məlumatında deyilir:

"Müəmmalı “bavovna” (Ukrayna Rusiya tərəfindən işğal edilmiş ərazilərdə baş verən partlayışları belə adlandırır - red) Rusiyanın demilitarizasiyasını davam etdirir və Ukraynanın Krım yarımadasını işğaldan azad olunmağa hazırlayır”.

Rusiya təkzib edir

Ukrayna Müdafiə Nazirliyi bildirib ki, məhv edilən raketlər Rusiyanın Qara dəniz donanması üçün nəzərdə tutulmuşdu.

Krımdakı ilhaq administrasiyası başçısının müşaviri Oleq Kryuçkov Ukrayna kəşfiyyatının bu məlumatını təkzib edib və bildirib ki, dəmir yolu və infrastruktura heç bir ziyan dəyməyib və qatarlar cədvəl üzrə hərəkət edir.

O əlavə edib ki, Krımın şimalında vurulmuş dronların hədəfi mülki obyektlər idi.

Krımın Rusiya tərəfindən təyin edilmiş başçısı Sergey Aksyonovun məlumatına görə Cankoy rayonunda hava hücumundan müdafiə sistemi işə düşüb.

İlkin məlumata görə bir evə və bir mağazaya ziyan dəyib, bir nəfər yaralanıb.

33 yaşlı Cankoy sakininin yarası orta ağırlıqlıdır və o xəstəxanaya yerləşdirilib.

Ziddiyyətli məlumat

Amma eyni zamanda ASTRA teleqram kanalı xəbər verir ki, partlayışlar Cankoydakı lokomotiv deposuna, vağzal mühafizəsinin binasına və yanacaq anbarlarına ziyan vurub. Bu da qeyd olunur ki, partlayışlar nəticəsində lokomotiv deposunun elektrik təchizatında fasilələr yaranıb.

Cankoyun rəhbərliyi şəhər ərazisində fövqəladə vəziyyətin elan olunduğunu bildirib. Bu da qeyd olunur ki, insidenti Rusiyanın İstintaq Komitəsi araşdırır.

Bundan əvvəl yerli sakinlər Baxçasaray, Yalta və Qurzufda partlayışların eşidildiyini xəbər verimişdilər.

Cankoy yaxınlığında Rusiyanın hərbi hava bazası yerləşir.

Bu arada xəbər verilir ki, Ukraynanın şərqindəki Donbasda Rusiya ordusunun fasiləsiz hücumlarına baxmayaraq Ukrayna qüvvələri bütün cəbhə boyunca müdafiə xəttini saxlayır.

Rusiyalılar əsas hücumlarını Baxmut şəhəri rayonuna yönəldiblər. Burada tez-tez yaxın qarşıdurmada döyüşlər baş verir.

Britaniya Müdafiə Nazirliyinin hərbi kəşfiyyatı cəbhə xəttində martın 21-ə olan vəziyyəti əks etdirən xəritə dərc edib.

Kəşfiyyat bildirir ki, Rusiya qüvvələri Baxmut şəhəri ətrafında ağır itkilərə məruz qalmaqda davam edir.

Zaporojye cəbhəsində rusiyalıların tamamilə müdafiəyə keçdiyi deyilir.

Ukrayna Silahlı Qüvvələri şərq qruplaşmasının sözçüsü Sergey Çerevatı deyib ki, Baxmutun müdafiəsi Ukraynanın böyük əks-hücumunun əsasını qoyur.

O bildirib ki, rusiyalılar artıq taktiki baxımdan hücumu davam etdirə bilmirlər.

Ukrayna Müdafiə Nazirliyi bildirir ki, rusiyalıların Baxmut rayonunda verdiyi itkilər onların hücum qabiliyyətini tükəndirir.

Rusiyanın hücumları zəifləyir

ABŞ Müharibə Araşdırmaları İnstitutunun (ISW) son məlumatında deyilir:

"Ukraynanın təşəbbüsü ələ almaq və cəbhə xəttinin kritik yerlərində əks-hücuma keçmək üçün yaxşı mövqeləri var”.

ISW bildirir ki, Rusiyanın Svatovo-Kremennaya, Baxmut, habelə Avdiyivka-Donetsk və Vuhledar istiqamətlərində hücumları uğursuzluqla nəticələnib.

ISW-nin məlumatında daha sonra deyilir ki, Rusiya 2022-ci ilin sentyabrında elan edilmiş qismən səfərbərlik zamanı topladığı 300 min əsgəri məhz bu hücumlara hazırlamışdı.

Bu da qeyd olunur ki, əgər 300 min əsgər Rusiyaya Ukraynada hücum üstünlüyü verməyibsə, bundan sonra keçiriləcək səfərbərliklərin də həlledici əhəmiyyətinin olmayacağını düşünmək olar.

Britaniyanın Müdafiə Nazirliyi diqqəti belə bir məqama çəkir ki, görünür Zaporojye şəhərini tutmaq ümidlərini itirən Rusiya martın 3-də Melitopol şəhərini vilayət mərkəzi elan edib.

Britaniya hərbi kəşfiyyatının məlumatında deyilir ki, son həftə ərində Rusiya qüvvələrinin bütün cəbhə boyunca hücumları yavaşıyıb. Bu, Donbasdakı hücumun öz kulminasiyasına yaxınlaşmasının göstəricisi ola bilər.

XS
SM
MD
LG