Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 20:40

Beynəlxalq jurnalist təşkilatı Əziz Orucovun azad olunmasını tələb edir


Əziz Orucov
Əziz Orucov

"Azərbaycan hakimiyyəti populyar "Kanal 13" internet televiziya kanalının direktoru Əziz Orucova qarşı qanunsuz tikinti barədə ittihama xitam verməli, müstəqil medianın qısnanmasına son qoymalı və jurnalisti dərhal azad etməlidir".

Jurnalistlərin Müdafiəsi Komitəsinin (CPJ) 29 noyabr tarixli bəyanatında belə deyilir.

Təşkilatın Avropa və Mərkəzi Asiya üzrə koordinatoru Qulnoza Saidin sözlərinə görə, Azərbaycan hakimiyyəti Orucovun həbsi ilə Abzas Media-nın üç jurnalistinin həbsinin dərhal ardınca başqa bir tənqidi xəbər platformasını hədəfləyib.

CPJ bildirir ki, elektron məktubla Bakı şəhər Baş Polis İdarəsinə və Daxili İşlər Nazirliyinə sorğu göndərsə də, hələ cavab almayıb.

Əziz Orucov həbs edildi

Noyabrın 28-də "Kanal 13" internet televiziyasının direktoru Əziz Orucov barəsində 3 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.

Qərarı istintaq orqanının (Səbail rayon Polis İdarəsi) təqdimatına baxan Səbail rayon Məhkəməsi qəbul edib.

Bu barədə vəkil Bəhruz Bayramov məlumat verib. Onun sözlərinə görə, Ə.Orucov özünü təqsirli bilmir və həbsini jurnalist fəaliyyəti ilə əlaqələndirir.

Əziz Orucov barəsində cinayət işi açılıb

"Kanal 13" internet televiziyasının direktoru Əziz Orucov barəsində CM-in 188.2-ci (Qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsi üzərində özbaşına tikinti...) maddəsi ilə cinayət işinin açıldığı, onun şübhəli şəxs qismində saxlandığı deyilir.

Bu barədə onun vəkili Bəhruz Bayramov məlumat verib.

Vəkilin sözlərinə görə, jurnalist Səbail rayonunda torpaq sahəsi alıb ev tikirdi: "Əziz Orucov dedi ki, həmin ərazidə bütün evlər sənədsizdir, o da həmin ərazidə hamı kimi torpaq alıb".

B.Bayramov qeyd edib ki, jurnalist öz həbsini peşə fəaliyyəti ilə əlaqələndirib.

Bu maddə üzrə şəxsə 3 ilə qədər həbs cəzası verilə bilər.

Hələlik, bu deyilənlərə Daxili İşlər Nazirliyi və başqa rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.

'Kanal 13'ün direktorunun evində axtarış...

Noyabrın 27-də axşam saatlarında "Kanal 13" internet televiziyasının icraçı direktoru Əziz Orucovun Bakıda yaşadığı evdə axtarış aparıldığı deyilir.

Ə.Orucovun həyat yoldaşı Lamiyə Orucova bildirib ki, axtarış məhkəmə qərarı ilə aparılıb və vəkil Bəhruz Bayramov iştirak edib: "Evimizdə səkkiz polis əməkdaşı axtarış apardı. Onların çoxu maskalı idi".

Xanımının sözlərinə görə, axtarış başa çatdıqdan sonra Ə.Orucovu bəzi sənədlərlə birgə aparıblar.

Vəkil B.Bayramovun deməsinə görə, axtarış internet televiziyanın ofisində davam etdirilib.

Bu deyilənlərə, hələlik, Daxili İşlər Nazirliyi və başqa rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.

Xatırlatma

Ə.Orucov 2017-ci il mayın 2-də həbs edilmişdi. Əvvəlcə o, polisə müqavimətdə təqsirli bilinərək 30 sutka inzibati həbs cəzası alıb. İnzibati həbsin sona çatmasına az qalmış Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində ona cinayət işi başlanıb, haqqında həbs-qətimkan tədbiri seçilib.

Həmin ilin dekabrında Bakı Ağır Cinayətlər Məhkəməsi Ə.Orucovu qeydiyyatsız qrant vəsaitlərindən qanunsuz gəlir əldə etməkdə təqsirli bilərək 6 il azadlıqdan məhrum edib. O, ittihamı qəbul etməyib.

2018-ci ilin aprelində Ali Məhkəmədə onun kassasiya şikayətinə baxılıb. Məhkəmə Ə.Orucov barəsində CM-in 70-ci (şərti) maddəsini tətbiq edərək onu azadlığa buraxıb. Cəzası 6 ildən 3 il şərti cəzaya endirilib.

XS
SM
MD
LG