Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 17:23

Kadırovçular Ukraynada və ya Rusiyanın hələ çoxmu gücü qalıb?


Ramzan Kadırov və komandirləri
Ramzan Kadırov və komandirləri

Ekspert: "Kadırovun dəstəsi ümumiyyətlə döyüşlərdə iştirak üçün nəzərdə tutulmayıb və onları hərbi əməliyyatlarda iştirak üçün hazırlamayıblar"

“Onlar faktiki olaraq real döyüşlərdə iştirak etmirlər. Amma sosial şəbəkələrdə özlərini reklam edirlər. Kadırovun adından “humanitar yardım” paylayır, bayraqlarla şəkil çəkdirirlər”.

Bunu Current Time saytına nüfuzlu Conflict Intelligence Team təhqiqat qrupunun əsasını qoymuş Ruslan Leviyev deyib.

O diqqəti kadırovçuların Ukraynadakı fəaliyyətinin qəribəliklərinə çəkir:

“Kadırovçular nizami qoşuna daxil deyillər. Onlar formal olaraq Rosqvardiyanın bir bölümü sayılır. Amma mühüm bir məqam var: Onların fəaliyyət zamanı federal mərkəzə heç də həmişə tabe olmadıqları müşahidə olunub. Kadırovçuların Rosqvardiya üzrə əmrlərə məhəl qoymamasına görə dolayısı ilə toqquşmalar da baş verib. Bu hər halda Ramzan Kadırovun özəl ordusudur”.

PR qoşunu

Leviyev bildirir ki, bu “ordunun” əsas fəaliyyəti özünüreklamdır:

“Biz görürük ki, onlar münaqişənin əvvəlindən Ukraynadadırlar, amma onların döyüşlərdə iştirakını bircə dəfə də görməmişik. Bunları biz bir növ “PR-qoşunu” adlandırırıq. Yəni onlar çoxlu qəşəng videolar çəkir, avtomatla gəzir, evləri “təmizləyir”, guya humanitar yardım paylayır və dinc əhalinin qayğısına qalırlar. Onlar Zelenskini və Ukrayna ordusunu hədələyirlər: “biz bütün Ukraynanı iki günə təmizləyirik” filan. Amma artıq müharibə 21 gündür ki, gedir, bəs o iki gün harda qalıb?”

Leviyevin fikrincə, Ramzan Kadırovun dəstəsi ümumiyyətlə döyüşlərdə iştirak üçün nəzərdə tutulmayıb və onları hərbi əməliyyatlarda iştirak üçün hazırlamayıblar:

“Onlar vaxtlarını Kiyev yaxınlığında keçirirlər. Biz onları Melitopolda da görmüşük. Onlar vaxtın çoxunu gəzmək və video çəkməklə məşğuldurlar. Amma bir insident də olub. Fotolardan birindən belə başa düşmək olar ki, həlak olmuş kadırovçuların cəsədləri görünür. Bugünlərdə gülləbatmaz şüşələri olan kiçik bir cipin şəkli vardı. Orada iki cəsəd görünür. Cəsədlərin uzanmasından görünür ki, onları pusquya salaraq güllələyiblər. Onların geyim formasından bu qərara gəldik ki, bunlar kadırovçulardır. Amma kadırovçuların əsl hərbi döyüşdə iştirakını hələki bir dəfə də görməmişik”.

“Ura, biz baza ələ keçirmişik!”

Leviyev deyir ki, kadırovçuları əsasən Kiyev, Qostomel, Buça, İrpen istiqamətində görmək olar:

“Bir videoda onların bayraq asdıqlarını görürük. Bu Ukrayna milli qvardiyasının bazasıdır. Amma çəkdikləri videoda lovğalanırlar ki, milli qvardiyanın bazasını tutublar. Lakin həmin baza onlar gələndə artıq boş olub. Yəni orda döyüş olmayıb, Ukrayna milli qvardiyaçıları öldürülməyib. Onlar sadəcə olaraq boş bazaya gəliblər, öz bayraqlarını asıblar və məruzə ediblər: “Ura, biz baza ələ keçirmişik!””

Ekspert danışır ki, belə görünür, kadırovçular Ukraynanın Varta zirehli avtomobillərini də bu boş bazada tapıblar:

“Onların bütün “qələbələri” belədir. Boş bazaya gəlmək, bayraqlarını asmaq və “ura, biz qalib gəldik” qışqırmaqdır. Onların PR-ı ümumilikdə aqressiv ritorikalıdır. Məsələn, “biz igid oğlanlarıq, biz Kiyevi iki günə təmizləməyə hazırıq, Putin bizə əmr elə”. Amma ötən üç həftə ərzində onlar bir döyüşdə də iştirak etməyiblər”.

Ruslan Leviyev bu yaxınlarda Ukraynanın Donetskə Toçka U raketi atmasına da inanmır. O bildirir ki, raketin yerdəki quyruğu və başqa qalıqları onun cənub-şərqdən atıdlğını göstərir.

Leviyev Donbas separatçılarının guya bu raketi göydə vurduqlarına dair iddiaları da rədd edir. Onun sözlərinə görə bu halda vurulan raketin yerə düşən hissələri bütöv qala bilməzdi.

Rusiya üçün böyük mühasirə təhlükəsi

Rusiyanın canlı qüvvəsi haqqında suallara cavab verən Leviyev bildirir ki, Moskvanın müharibə ərəfəsində sərhədə yığdığı ehtiyat canlı qüvvənin əksəriyyəti artıq Ukrayna ərazisində gedən döyüşlərdədir:

“Bununla yanaşı biz görürük ki, onlar yeni ehtiyat qüvvələri, texnika gətirirlər. Bunlar Rusiyanın müxtəlif regionlarından gətirilir. Ən sonuncu gördüyümüz isə kadırovçuların yeni karvanıdır. Bu karvan Qafqaz boyunca Rusiyanın qərbinə doğru hərəkət edir. Bundan sonra onlar ya Krıma, ya da Rostov vilayətinə, Belqorod tərəfə burulacaqlar. Bunu hələ izləmək lazımdır”.

Leviyev bildirir ki, Rusiyanın Suriya könüllülərini toplayacağına dair bəyanatlarını əvvəlcə blef kimi qəbul ediblər. Amma hazırda Suriyadakı Latakiya bazası ilə Rusiya arasında nəqliyyat təyyarələrinin fəallaşdığı görünür. Belə bir təsəvvür yaranır ki, onlar kimlərisə daşıyırlar. Ekspert hesab edir ki, Rusiyanın hazırkı döyüş tempini saxlamaq üçün hələ kifayət qədər ehtiyatı var:

“Bir çox ekspertlər deyirlər ki, guya on gündən sonra dönüş nöqtəsi çatacaq və daha sonra eskalasiya öləziməyə başlayacaq. Prinsipcə sakitləşmə artıq başlanıb. Mən Rusiya generallarının yerinə olsaydım Kiyev, Xarkov, Odessanın mühasirəsindən imtina edər, bütün qüvvələri şərqə atardım. Orada birləşmiş əməliyyat qüvvələri Rusiya qüvvələrini mühasirəyə salmağa çalışırlar. Amma Rusiya generalları və Kreml buna inanmaq istəmirlər. Onlar bütün itkilərə, dəyən ziyana baxmayaraq əvvəlcədən planlaşdırılmış yolla gedərək Kiyevi, Çerniqovu, Sumını mühasirəyə almağa, Odessaya dəhliz açmağa çalışırlar”.

XS
SM
MD
LG