Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 10:34

İsrail Qəzzaya müdaxilə etməməsi üçün şərtlərini açıqladı


Conatan Konrikus
Conatan Konrikus

İsrailin Qəzza zolağına yerüstü müdaxiləsi yalnız bir şərtlə ləğv edilə bilər ki, Həmas bütün girovları azad edərək silahı yerə qoysun.

Bunu İsrail ordusunun rəsmi nümayəndəsi Conatan Konrikus ABŞ-ın ABC telekanalına deyib:

"Əgər Həmas mülkilərin arxasında gizləndiyi yerlərdən çıxsa, bizim girovlarımızı qaytarsa və qeyd-şərtsiz təslim olsa, müharibə qurtarar”.

Onun sözlərinə görə bu müharibənin məqsədi Həması ləğv etməkdir ki, o 7 oktyabr basqınını təkrar edə bilməsin.

İsrailin müdafiə naziri Yoav Qallant deyib ki, Həmasa qarşı hərbi kampaniya “bir, iki, üç ay” davam edəcək və bu radikal qruplaşmanın tam məhvi ilə başa çatacaq:

"Bu bizim Qəzzada son manevr əməliyyatımız olacaq. Bundan sonra orda heç bir Həmas qalmamalıdır”.

“Tezliklə” nə vaxtdır?

Qallant İsrail hərbi hava qüvvələrinə təşəkkürünü bildirib və deyib ki, indi növbə yerüstü əməliyyatındır və bu “tezliklə” başlanacaq.

Bununla belə əməliyyatın nə qədər tez başlanacağı aydın deyil. Bundan əvvəl İsrail bəyan etmişdi ki, girovların azad edilməsi üçün danışıqların keçirilməsi məqsədilə ABŞ-ın ricası ilə yerüstü əməliyyatı təxirə salıb.

The New York Times qəzeti öz mənbələrinə istinadla yazır ki, Həmasın iki amerikalı girovu azad etməsindən sonra ABŞ Qəzzaya qarşı yerüstü hücumun təxirə salınmasını istəyib.

Danışıqlar prosesi ilə tanış mənbə qəzetə deyib ki, Həmas yerüstü əməliyyata başlanmasının girovlara dair danışıqların uğuruna təsir edəcəyinə dair xəbərdarlıq edib.

İsrailin hava zərbələri

Son bir sutka ərzində İsrail Qəzza zolağında 320-dən çox hərbi obyektə zərbələr endirib.

Ordunun məlumatına görə bu zərbələrin hədəfi Həmas döyüşçülərinin gizləndikləri tunellər, müşahidə məntəqələri, habelə onlarca komanda mərkəzi idi.

Bundan başqa zərbələr minaatan və tank əleyhinə raket qurğuları da daxil İsrail ordusunun quru əməliyyatına mane ola biləcək hədəflərə endirilib.

Həmasın nəzarəti altında olan Qəzzadakı “daxili işlər nazirliyi” bildirib ki, İsrailin ötən gecə endirdiyi hava zərbələri nəticəsində “çox sayda” dinc sakin həlak olub. Fələstin tərəfi ölənlərin sayı barədə dəqiq məlumat vermir və bu barədə müstəqil informasiya yoxdur.

Oktyabrın 7-də dünyanın bir çox ölkələrində terrorçu təşkilatlar sayılan Həmas və İslami cihad qruplaşmaları İsrailin cənubuna basqın ediblər.

Bunun nəticəsində 1400-dən çox israilli öldürülüb və 200-dən çox mülki girov götürülərək Qəzzaya aparılıb.

İsrailin Qəzzaya cavab zərbələri nəticəsində, Fələstin tərəfinin məlumatına görə 4 mindən çox sakin həlak olub.

XS
SM
MD
LG