Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 11:34

Ermənistanın Fələstini tanıması Yaxın Şərq qədər Qafqaza da aiddir


Ermənistan prezidenti Armen Sarkisyan Ramallahda Fələstin Milli Administrasiyasının rəhbəri Mahmud Abbasla görüşür. 2020
Ermənistan prezidenti Armen Sarkisyan Ramallahda Fələstin Milli Administrasiyasının rəhbəri Mahmud Abbasla görüşür. 2020

Ermənistan iyunun 21-də Fələstini rəsmən dövlət kimi tanıdığını açıqlarkən bu addımını Qəzzadakı fəlakətli humanitar durumu və hələ də sürən hərbi münaqişəni əsas gətirib. Ancaq Yerevanın hesablamaları Qəzzadakı indiki savaşdan xeyli öncə başlayıb. AzadlıqRadiosunun müxbiri Coşua Kuçeranın yazdığı məqalədə deyilir ki, bu hesablamalar Yaxın Şərq münaqişəsindən çox Qafqazdakı münaqişələrlə bağlantılıdır.

İsrail uzun zamandan bəri Ermənistanın düşməni Azərbaycanın yaxın müttəfiqi olub və Azərbaycandan neft alır. İsrail silahları 2020-2023-cü illərdə Azərbaycanın 1990-cı illərdə itirdiyi torpaqlarını geri ala bilməsində önəmli rol oynayıb. Yerevan İsrailin Qəzzadakı müharibə üzündən beynəlxalq miqyasda təklənməsindən fürsət kimi yararlanmağa çalışır.

"İsrailin öz siyasəti günahkardır"

"Ermənistanın Fələstinin yanında mövqe tutmasında İsrailin öz siyasəti günahkardır. …Bu, İsrailin Azərbaycana misli görünməmiş hərbi dəstəyindən qaynaqlanır. Həmin dəstək Azərbaycanı Ermənistan və Dağlıq Qarabağa qarşı güc tətbiq etməyə cəsarətləndirib və ona bu imkanı verib", - Yerevanda fəaliyyət göstərən Regional Araşdırmalar Mərkəzinin rəhbəri Riçard Qiraqosyanın sözləridir.

Məqalədə deyilir ki, Bakı da, Yerevan da artıq çoxdan İsrail-Fələstin münaqişəsinə Qafqazdakı müharibələr prizmasından baxır.

SSRİ-nin çöküşündən sonra Azərbaycanla İsrail qısa zamanda öz aralarında yaxın əlaqələr qurmağa başladı. Bu əlaqələr "düşmənimin düşməni mənim dostumdur" prinsipinə əsaslanırdı. Bu halda düşmən İran sayılır. Bakı Azərbaycanın əsas hissəsi şiə olan əhalisinə İranın təsirindən rahatsızdır. Tehransa Azərbaycanın şimali İrandakı çoxsaylı etnik azərbaycanlı əhaliyə potensial təsirindən qorxur.

"…İsrail kimi, Azərbaycan da İranı öz güvənliyinə ciddi, hətta ekzistensial təhdid kimi görür və iki ölkənin əməkdaşlığı bu ortaq anlayışdan qaynaqlanır", - ABŞ-nin Bakıdakı səfirliyinin 2009-cu ildə sızan diplomatik yazışmasında belə deyilir.

Ancaq ilk vaxtlarda bu münasibətlər nisbətən gizli idi: ABŞ-nin bu diplomatik yazışmasında Azərbaycan prezidenti İlham Əliyevə istinadən həmin münasibətlər "aysberqdir, 9/10-u suyun altındadır" şəklində təsvir edilir. Azərbaycan Ermənistanla müharibədə ərəb dövlətlərinin dəstəyinə ehtiyacı olduğunu nəzərə alaraq hətta İsraildə səfirliyini açmamışdı.

Beynəlxalq qurum: Azərbaycan İsraildən 100 kamikadze dron alıb
Gözlə

No media source currently available

0:00 0:03:22 0:00

Ermənistan daim Fələstinin xeyrinə səs verib

Bu münasibətlər İsrail-Ermənistan münasibətlərinə mənfi təsir göstərib. İsrail azərbaycanlı tərəfdaşlarına hörmət əlaməti olaraq və Türkiyə ilə münasibətlərini yaxşılaşdırmağa ümid bəslədiyi üçün sürəkli ermənilərin Osmanlı İmperiyasındakı kütləvi qırğınını soyqırımı kimi tanımaqdan boyun qaçırıb. Ermənilərsə Holokostdan dərhal sonra yaranan dövlətin belə davranışını riyakarlıq kimi görürlər. İsrail və Fələstinlə bağlı BMT səsvermələrində Ermənistan daim Fələstinin xeyrinə səs verib.

Di gəl, Ermənistan heç vaxt Fələstini tanımayıb. Bu, Ermənistanın Azərbaycanla Qarabağa dair danışıqların sürdüyü müddətdə Dağlıq Qarabağı tanımamaq siyasətinin nəticəsi idi. Ermənistanın Qarabağı rəsmən tanımasını azərbaycanlılar və başqaları danışıqlardan imtina kimi görə bilərdi.

Zaman ötdükcə İsrail-Azərbaycan münasibətləri daha çox üzə çıxmağa başladı. Azərbaycan istər ölkə içindəki, istərsə dünyadakı yəhudilərlə uzun və isti münasibətlərinə diqqət oyatmağa çalışdı və get-gedə daha çox İsrail silahlarına güvənməyə başladı. 2018-2022-ci illərdə İsrailin silah ixracatının 9 faizindən çoxu Azərbaycanın payına düşürdü. Bu məsələdə Azərbaycan təkcə Hindistandan geri qalaraq dünyada ıkinci idi. İsrail silahları, özəlliklə dronları Azərbaycanın 2020-ci ildə İkinci Qarabağ savaşındakı qələbəsində önəmli rol oynayıb.

Azərbaycanı İsraillə daha çox yaxınlaşdıran bu savaş Ermənistanı daha çox İsrailə qarşı qoydu. Ermənistan ona Azərbaycanın mümkün hücumuna qarşı güvənlik təminatı verən İranla yaxınlaşdı və İsrailə qəzəbi artdı.

Beynəlxalq Respublikaçılar İnstitutunun ötən il keçirdiyi rəy sorğusunda ermənilər İsraillə münasibətlərinin yalnız Türkiyə ilə münasibətlərdən önə çıxdığını göstərdilər. 2023-cü ilin oktyabrından bəri Yerevandakı yeganə sinaqoqa dörd dəfə hücum edilib. Ən son hücum iyunda törədilib. İsrail rəsmiləri bu hücumların İsrailin Azərbaycanla silah müqavilələrinin nəticəsi olduğunu deyirlər.

Müharibə eyni zamanda Ermənistan baş naziri Nikol Paşinyanın Dağlıq Qarabağı rəsmən Azərbaycan ərazisi kimi tanıması ilə nəticələnib. O, bununla ziddiyyətli əraziləri tanımamaqla bağlı öncəki prinsipdən də vaz keçib.

Azərbaycan prezidenti İlham Əliyev Bakıda israilli həmkarı İsxak Hersoqla görüşür.
Azərbaycan prezidenti İlham Əliyev Bakıda israilli həmkarı İsxak Hersoqla görüşür.

İşi çətinləşdirən amil

Ermənistanın Fələstini tanıması bəlli anlamda dünyadakı meynstrimə -ana axına qoşulması deməkdir: artıq 140-dan çox ölkə Fələstini tanıyıb. Onların arasında Ermənistanın qonşuları və əksər keçmiş sovet respublikaları da var.

Ancaq işi çətinləşdirən amil Fələstini tanımayan ölkələrdən ibarət azlığın, əsasən, Qərbi Avropa və Şimali Amerikada cəmləşməsidir. Söhbət məhz Ermənistanın üz tutduğu və Rusiyadan keçmiş asılılığına son qoymağa çalışan ölkələrdən gedir.

Ermənistanın bu addımı daha öncə bəzi Qərb paytaxtlarında çaşqınlıq yarada bilərdi. Ancaq bir neçə Avropa ölkəsinin – İrlandiya, Norveç, Sloveniya və İspaniyanın da bu yaxınlarda Fələstini dövlət kimi tanıması durumu dəyişir. Qiraqosyan deyir ki, bu amil Ermənistanın diplomatik həssaslığa, yaxud təcridə məruz qalması ehtimalını minimallaşdırır.

Ermənistanın Fələstinə dəstəyi Azərbaycanın Yaxın Şərq siyasətindəki balansı qoruyub saxlamasını çətinləşdirib.

Azərbaycanın yaxın müttəfiqi və Fələstinin ən böyük müdafiəçilərindən olan Türkiyə Yerevanın bu addımını bəyənib. Bu da Fələstinin Azərbaycan-Türkiyə münasibətlərində daha bir amilə çevrilməsini göstərir. Türkiyədə Fələstini dəstəkləyən etirazçılar Azərbaycan Dövlət Neft Şirkəti - SOCAR-ın ofisini hədəf almışdılar. İki ölkə liderləri arasında bu yaxınlarda keçirilən görüşün ardınca Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın görüşlə bağlı açıqlamasında onun Əliyevlə İsrailin Qəzzadakı aqressiyasını müzakirə etdiyini göstərilir. Azərbaycan tərəfinin açıqlamasında isə Yaxın Şərqin adı çəkilmir.

"Sadəcə sakit durmaq və kölgədə qalmaq"

Rəsmi Bakı və hökumətyönlü media Ermənistanın Fələstini dövlət kimi tanımasına heç bir cavab verməyib. "Bütövlükdə Azərbaycan özünü yetərincə riskli duruma salıb", - Bakıda yaşayan müstəqil təhlilçi Şücaət Əhmədzadə belə deyir. Ölkə indiki halda həm İsraillə sıx bağlarını qoruyub saxlamağa, həm də İsrailin Qəzzaya hücumunun dünyada yaratdığı mənfi reaksiya ilə bağlı siyasətini tənzimləməyə çalışır.

Təhlilçi deyir ki, İsrailin Qəzzadakı hücumu adətən israilyönlü mövqe nümayiş etdirən adi azərbaycanlılar arasında da Fələstinə rəğbət hisslərini gücləndirib.

"Əlimizdə bununla bağlı bilgi olmasa da, mən özüm şəxsən Azərbaycanda adətən İsraili dəstəkləyən insanların ötən aylar ərzində antiisrail mövqeyinə keçdiyinin şahidi olmuşam. İndi, demək olar, heç kim İsraili dəstəkləmir", - S.Əhmədzadənin sözləridir.

Belə bir həssas durumda "Mənə elə gəlir ki, onların [Azərbaycan rəsmilərinin] ortaya qoya biləcəyi ən yaxşı …strategiya sadəcə sakit durmaq və kölgədə qalmaq olardı", - müstəqil təhlilçi S.Əhmədzadə belə deyir.

XS
SM
MD
LG