Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 13:32

İspaniya və İrlandiyanın Fələstin dövlətini tanıması Aİ-İsrail münasibətlərini kəskinləşdirib


İspaniya paytaxtı Madriddə nümayişçi Fələstin bayrağını dalğalandırır.
İspaniya paytaxtı Madriddə nümayişçi Fələstin bayrağını dalğalandırır.

Mayın 28-də Avropa İttifaqının (Aİ) iki üzvü - İrlandiya və İspaniya Fələstin dövlətini tanıyıb. Madrid Qəzzanın cənubunda yerləşən Rəfah şəhərinə qanlı hücumlara görə İsrailə qarşı sanksiyalar tətbiq olunmasını tələb edir. "The Associated Press" yazır ki, Aİ ilə İsrailin münasibətləri pisləşməkdədir.

İsrailin xarici işlər naziri İsrael Kats İspaniyanın Qüdsdəki konsulluğunun fələstinlilərə yardımına icazə verilməyəcəyini bildirib.

Beynəlxalq Cinayət Məhkəməsinin prokuroru İsrailin baş naziri Benyamin Netanyahu və HƏMAS qrupunun liderləri də daxil, bir neçə şəxsə qarşı həbs orderi verilməsini istəyib. Aİ-nın xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrel bu istəyə dəstək verib: "Məhkəmənin prokuroru şiddətli hədə-qorxu ilə üzləşir və Netanyahu hökumətinin xoşuna gəlməyən hər hansı hərəkəti edən hər kəs kimi antisemitizmdə suçlanır. … "Antisemit" ifadəsi çox ağırdır. Bu, çox vacibdir".

Bu vaxtadək dünyada onlarla ölkə Fələstin dövlətini tanısa da, əsas Qərb güclərindən heç biri bunu etməmişdi. İrlandiya, İspaniya və Aİ üzvü olmayan Norveçin belə önəmli addımının birbaşa münaqişə bölgəsində hansı dəyişikliyi yaradacağı bilinmir. Ancaq bu addımın özü fələstinlilərdən ötrü mühüm uğurdur. Fələstinlilər tanınmanın onların mübarizəsinin beynəlxalq legitimliyini artırdığına inanırlar.

Kats İspaniyanı Fələstin dövlətini tanımaqla "terroru mükafatlandırmaqda" ittiham edib və "İnkvizisiya dövrü bitib" sözlərini işlədib. O bununla İspaniyada XV əsrdə başlanan, yəhudiləri və müsəlmanları katolik dinini qəbul etməzlərsə, ölkədən getməyə zorlayan və ölümlə hədələyən amansız inkvizisiya quruluşuna eyham vurub: "Heç kəs bizi dinimizdən dönməyə, məcbur edə, yaxud mövcudluğumuzu təhdid altına ala bilməz. Bizə zərər vuran əvəzində bizdən zərər görəcək".

İspaniyanın xarici işlər naziri Xose Manuel Albares, Norveçin xarici işlər naziri Espen Bart Eyde və İrlandiyanın xarici işlər naziri Mixol Martin Brüsseldə mətbuat konfransı
İspaniyanın xarici işlər naziri Xose Manuel Albares, Norveçin xarici işlər naziri Espen Bart Eyde və İrlandiyanın xarici işlər naziri Mixol Martin Brüsseldə mətbuat konfransı

"İndən belə daha heç vaxt "İsrail" deməyəcəyəm"

İspaniyanın xarici işlər naziri Xose Manuel Albares bu sözləri tənqid edərək İrlandiya və Norveçdən olan həmkarlarının da İsrailin tam əsassız, qınağa layiq təxribatları ilə üzləşdiyi deyib: "Hər hansı hədə-qorxu dolu təxribatla bizi bölüb-parçalamaq istəyənlərə qarşı çox güclü mesaj göndərmək baxımından avropalıların birliyi vacibdir".

Mayın 27-də Sloveniyanın baş naziri Robert Qolob da hökumətinin mayın 30-da Fələstin dövlətinin müstəqilliyini tanımaqla bağlı qərar qəbul edəcəyini və qərarını yekun təsdiq üçün parlamentə yollayacağını söyləyib. Sloveniya tanıma proseduruna bu ay başlayıb. İspaniya, Norveç və İrlandiyanın Fələstin dövlətini tanıyacağını açıqlamasından bəri Qolob tanıma prosesini sürətləndirmək istəyənlərin basqısıyla üzləşir.

Borrel deyib ki, İsrail hökumətinin davranışları, o sıradan Fələstin Administrasiyası üçün nəzərdə tutulmuş vergi gəlirlərinin transferini dayandırmaq planları artıq onun İsrail dövləti barədə düşüncələrinə uyğun gəlmir: "Mən indən belə daha heç vaxt "İsrail" deməyəcək, "Netanyahu hökuməti" deyəcəyəm, axı belə qərarları verən bu hökumətdir".

Aİ və üzvləri HƏMAS-ın 7 oktyabr hücumunu dərhal qınasalar da, İsrailin silahlılarla dinc şəxslər arasında fərq qoymadan 36 min fələstinlinin qətli ilə nəticələnən hücumunu da eyni dərəcədə tənqid edib.

Fələstinli tibb işçiləri bildirirlər ki, İsrailin mayın 26-da Rəfahdakı qaçqın çadırlarını hədəfə alan hava zərbələri 45 insanın həyatına son qoyub və çox sayda insan xarabalıq, alovların arasında qalıb.

İtaliyanın müdafiə naziri Qvido Krozetto deyib ki, belə zərbələrin uzunmüddətli nəticələri olacaq. "İsrail özünün bu seçimi ilə nifrət yayır, nifrəti dərinləşdirir. Bu nifrət onların uşaqlarını və nəvələrini də əhatə edəcək", - onun "SKY TG24" kanalına dediyi sözlərdir.

Fələstinlilər Rəfahdakı məcburi köçkünlər üçün düşərgəyə İsrailin zərbə endirdiyi yerə toplaşırlar.
Fələstinlilər Rəfahdakı məcburi köçkünlər üçün düşərgəyə İsrailin zərbə endirdiyi yerə toplaşırlar.

"Məqsədimiz… yekun sülhə nail olmaqdır"

Mayın 24-də BMT-nin əsas məhkəməsi olan Beynəlxalq Ədalət Məhkəməsi İsraildən Rəfaha hücumunu dərhal dayandırmağı tələb edib. Məhkəmənin tələbi gözardı edilib və qaçqın çadırlarına hücum gerçəkləşdirilib.

Albares deyib ki, İspaniya və digər ölkələr Borreldən İsrailin Beynəlxalq Ədalət Məhkəməsinin qərarına tabe olması üçün Aİ-nin görə biləcəyi tədbirlər siyahısını təqdim etməsini və Aİ-nın keçmişdə beynəlxalq hüququn açıq-aşkar pozulduğu bənzər durumlarda necə davrandığını bildirməsini istəyib.

Ötən həftə İspaniya, İrlandiya və Norveçin birgə bəyanatını İsrail rəsmiləri qəzəblə cavablandırıblar. Həmin ölkələrin Təl-Əvivdəki səfirləri Xarici İşlər Nazirliyinə çağrılıb və onlara HƏMAS-ın 7 oktyabr hücumlarına dair videolar göstərilib.

Albares avropalı səfirlərin İsraildə üzləşdiyi bu davranışı tənqid edərək deyib: "Biz diplomatik nəzakət qaydaları və Diplomatik əlaqələr haqqında Vyana Konvensiyasının müddəaları çərçivəsində olmayan hər hansı hərəkəti rədd edirik".

Daha sonra o, bu sözləri əlavə edib: "Ancaq bizi məqsədimizdən uzaqlaşdıracaq hər hansı təxribata uymamaq barədə də razılığa gəlmişik. Məqsədimiz …Fələstin dövlətini tanımaq, ola bildiyincə tez daimi atəşkəsə nail olmaq üçün mümkün bütün səyləri göstərmək və son nəticədə yekun sülhə nail olmaqdır".

Albares bütün bunları sözügedən üç ölkənin Fələstin dövlətini rəsmən tanıdığını açıqlamasından bir gün öncə, mayın 27-də dilə gətirib.

XS
SM
MD
LG