Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 21:28

İrpendə 269 dinc sakinin öldürüldüyü xəbər verilir


Bu foto martın 4-də İrpendə çəkilib
Bu foto martın 4-də İrpendə çəkilib

Ukrayna polis şəhərdə istintaq hərəkətlərini yekunlaşdırıb və adamların güllələndikləri 7 yer müəyyən olunub

Kiyev yaxınlığındakı İrpen şəhərində Rusiya qoşunlarının işğalı dövründə 269 dinc sakin öldürülüb.

Bu barədə məlumatı Ukrayna Baş İstintaq İdarəsinin nümayəndəsi Sergey Panteleyev verib.

Onun sözlərinə görə polis şəhərdə istintaq hərəkətlərini yekunlaşdırıb və adamların güllələndikləri 7 yer müəyyən olunub.

Panteleyev qeyd edib ki, müstəntiqlər Rusiya hərbçilərinin yerləşdirildikləri yaşayış məhəllərinə, fərdi evlərə və mağazalara baxış keçirib.

Panteleyevin sözlərinə görə bundan başqa Ukrayna polisi Rich Town yaşayış kompleksinin Rusiya ordusu tərəfindən atəşə tutulmasına dair materialları Beynəlxalq Cinayət Məhkəməsinə təqdim edib.

Rusiya yenə də danır, təkzib edir

Rusiya Müdafiə Nazirliyi aprelinin əvvəllərində iddia etmişdi ki, guya Ukrayna hakimiyyət orqanları sonradan Rusiya silahlı qüvvələrini İrpenin mülki əhalisinin qətliamında ittiham etmək məqsədilə təxribat hazırlayır.

Rusiya qoşunları İrpenə fevralın axırlarında yaxınlaşmışdı. Bundan sonra regionda aktiv döyüşlər getmişdi.

Şəhərdən yaşayış yerlərinin atəşə tutulduğu xəbər verilirdi.

Martın axırında Rusiya qüvvələri İrpendən çıxarılıb.

Şəhər hakimiyyəti İrpendə binaların 70 faizinin dağıdıldığını xəbər verir. Bunların arasında xəstəxanalar və təhsil müəssisələri də var.

Ukrayna və Qərb ölkələri Rusiyanı hərbi cinayətlərdə ittiham edirlər. Moskva ittihamları qətiyyətlə təkzib edir.

Rusiya hökuməti Ukraynada dinc əhalinin hədəflənmədiyində israr edir.

XS
SM
MD
LG