Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 23:18

İranın vitse-prezidentinin oğlu Kanadada VPN satır


Ensie Xəzali
Ensie Xəzali

Rezazade ətrafındakı qalmaqal İran cəmiyyətində “ağazadələr” adlandırılan zümrəni növbəti dəfə tənqidə tuş gətirib

İranda mühafizəkar İbrahim Rəisi hökuməti internetə çıxışı məhdudlaşdıran və onlayn senzuranı gücləndirən ziddiyyətli qanun layihəsinin gizli icrasında ittiham olunur.

İndi isə Rəisinin vitse-prezidentlərindən birinin ailə üzvünün Kanadaya mühacirət edərək VPN satışı şirkəti yaratdığı üzə çıxıb. Hazırda çox sayda iranlı internetdə dövlət senzurasından yan keçmək üçün VPN-dən yararlanır.

Bu xəbər ictimaiyyətin tənqidinə səbəb olub. Vitse-prezidentin istefası ilə bağlı çağırışlar səslənir.

Mühafizəkarların üstünlük təşkil etdiyi parlament xeyli vaxtdır ki, İranda internetə nəzarətin silahlı qüvvələrə ötürülməsini və VPN-dən istifadənin cinayət sayılmasını nəzərdə tutan qanun layihəsini keçirməyə çalışır.

Anası inkar edir

Qadın və ailə məsələləri üzrə vitse-prezident Ensie Xəzali sentyabrın 7-də yazdığı bir neçə tvitində oğlu Həmid Rezazadenin Kanadaya köçdüyünü inkar edib. O, oğlunun “müvəqqəti” səfərinin “bilik əsaslı” tədqiqat məqsədi daşıdığını deyib. O bu sözləri ilə Ali dini lider Ayətullah Əli Xameneyinin martda yeni ili “bilik əsaslı səmərəlilik” və iş yerlərinin yaradılması ili elan etməsinə sığınmağa çalışıb.

Ancaq İran sosial media istifadəçiləri dərhal bu iddiaya cavab veriblər. Onlar Rezazadenin Rocketreach.co saytındakı profilini paylaşmağa başlayıblar. Bu saytda bütün dünyadan milyonlarla mütəxəssisin əlaqə məlumatları var.

Rezazadenin profilində onun Vankuverdə yerləşən və VPN satışı ilə məşğul olan Betternet.co-nun baş icraçı direktoru və təsisçisi olduğu deyilir.

İranda şirkətini bağlayıb və Kanadaya köçüb

AzadlıqRadiosu Rezazadenin Rocketreach.co portalındakı profilini tapa bilməyib. Profilin özü silinmiş ola bilər. Ancaq profilin kəş versiyası internetdə qalmaqdadır.

Betternet.co-nun təsisçi şirkəti olan “Aura” rəqəmsal təhlükəsizlik firması AzadlıqRadiosuna elektron məktubunda yazır ki, “Betternet-də Hamid Rezazade adlı işçi hazırda yoxdur, heç vaxt da olmayıb”. Şirkət Rocketreach.co-dakı profilin “saxta” olduğunu bildirib.

Vitse-prezidentin qardaşı, bloger Mehdi Xəzali isə bacısı oğlunun Kanada şirkətinin yaradıcısı olduğunu AzadlıqRadiosuna təsdiqləyib.

"O İranda şirkətini bağlayıb Kanadaya köçüb və orada VPN sahəsində çalışan başqa bir şirkət qurub”, – o deyib.

İranda informasiya texnologiyaları sahəsində çalışan Rezazade dövlət televiziyasında örnək sahibkar kimi təriflənib.

Dayının tənqidi

"Özünün xaricdə VPN sahəsində çalışdığı halda valideynlərinin İranda onlayn filtrasiyanı dəstəkləməsi düzgün deyil”, – Mehdi Xəzali İran mediasına deyib.

Xəzali AzadlıqRadiosuna digər bacısı Kobra Xəzalinin qızı və oğlunun artıq bir neçə ildir ki, ABŞ-da yaşadığını deyib. Kobra Xəzali mühafizəkarların üstünlük təşkil etdiyi Ali mədəni inqilab şurasının qadın komissiyasına rəhbərlik edir.

Rezazade ətrafındakı qalmaqal fonunda anası Ensie Xəzalinin istefasına çağırışlar səslənməkdədir.

İslahatçı “Etemad” qəzetində hüquqşünas Əli Moctahedzade Ensie Xəzalini ictimaiyyəti “çaşdırmaqda” suçlayıb.

“Ağazadələr”

Rezazade ətrafındakı qalmaqal İran cəmiyyətində “ağazadələr” adlandırılan zümrəni növbəti dəfə tənqidə tuş gətirib. İranlılar bu ifadəni elitanın uşaqlarına, ailələri sayəsində xüsusi münasibət görən ərköyün gənclərə aid edirlər. Bu gənclər ailələrinin əlaqələri sayəsində ən yaxşı iş yerlərini və dövlət kontraktlarını zəbt edirlər.

İran rəsmilərinin Qərbi lənətlədikləri dönəmdə övladlarını Avropa və Şimali Amerikaya oxumağa və işləməyə göndərməsi ölkədə ciddi tənqid mövzusudur.

Ötən həftə hökumətin informasiya şurasının rəhbəri Məhdi Arafati Rəisinin bu sözlərini sitat gətirib: “İran rəsmilərinin uşaqları xaricə köçürlərsə, onda onların valideynləri də ölkəni tərk etməlidir”.

Arafatinin sözlərinə görə, Rəisi bu sözləri bir nazir müavininin övladının xarici viza alaraq ölkədən getməyə hazırlaşması haqda xəbərlərə münasibət bildirərkən deyib.

4 minədək şəxs

Bir neçə ay öncə İran inqilab keşikçiləri korpusunun generalı Mortezza Miri yüksək vəzifəli hökumət rəsmilərinin 4 minədək ailə üzvünün Şimali Amerika və Avropada yaşadığını deyib.

General Miri həmin şəxslərin "monitorinq" olunmalı, gələcəkdə İslam Respublikasında hər hansı yüksək vəzifələrə buraxılmamalı olduğunu deyib.

1979-cu ildə Tehranda ABŞ səfirliyini tutan islamçı tələbələrin sözçüsü olmuş Məsume Ebtekarın oğlu da ABŞ-da yaşayan və oxuyan “ağazadələrin” arasındadır.

Ebtekar 2018-ci ildə verdiyi müsahibədə məsələ ilə bağlı belə demişdi: "Çox adam ABŞ-da oxuyub. Bu heç də o demək deyil ki, onlar ABŞ-ın siyasətini dəstəkləyirlər. Gənclərin baxışları valideynlərininki ilə tam üst-üstə düşməyə bilər”.

XS
SM
MD
LG