Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 20:36

İşgəncə şikayəti var, araşdırılacaqmı?


N.Əhmədov
N.Əhmədov

Son günlər Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədri Əli Kərimlinin 30 sutka inzibati həbs cəzası alan mühafizəçisi Niyaməddin Əhmədovun işgəncə ilə üzləşməsinə dair iddialar tez-tez eşidilir. Azərbaycanın hüquq-mühafizə orqanları, bir qayda olaraq, təcridxana və cəzaçəkmə müəssisələrində işgəncə olmasına dair şikayətləri yalanlayırlar. Prezident İlham Əliyev isə mayın 1-də yeni baş prokuror Kamran Əliyevi videoformatda qəbul edərkən demişdi ki, Azərbaycanda heç kim öz siyasi baxışlarına, siyasi mənsubiyyətinə, siyasi fəaliyyətinə görə təqib edilməməlidir.

AXCP sədrinin ictimai əsaslarla mühafizəçisi N.Əhmədovun işgəncələrə məruz qalması ilə bağlı son iddialara, hələlik, nə Daxili İşlər Nazirliyi, nə də Dövlət Təhlükəsizliyi Xidmətindən (AXCP bu qurumun adını hallandırır) münasibət almaq mümkün olub. Amma bir neçə gün əvvəl, onun işgəncəyə məruz qalması ilə bağlı açıqlamalar yayılanda deyilənləri "Turan" agentliyinə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov təkzib etmişdi. O, bu deyilənləri "uydurma" adlandırmışdı.

R.Nurullayev
R.Nurullayev

Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü, deputat Razi Nurullayev də mövzu ilə bağlı agentliyə deyib ki, insan şəxsiyyəti toxunulmazdır və insanları işgəncələrə məruz qoymaq olmaz:

"... Artıq yoxdur"

"Söhbət siyasətçilərdən, baxışları fərqli insanlardan gedirsə, bu da heç yolverilməzdir. Hal-hazırda Azərbaycanda işgəncə metodları yoxdur, bununla bağlı çoxdandır ki, mediada informasiyalar da yoxdur. Ola bilər ki, nə vaxtsa olub, bütün bunlar artıq yoxdur".

Bununla belə, deputat deyib ki, işgəncələrlə, qanunsuz həbslərlə bağlı əllərində faktlar olanlar varsa, onun təmsil olunduğu Komitəyə müraciət edə bilərlər: "Belə halda bu məsələlər nəzarətə götürülər, məsələlərlə məşğul olunar, aidiyyəti qurumlara göndərilə bilər. Bunun üçün müraciət olmalıdır".

"Araşdırma imkanı yoxdur"

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müavini Seymur Həzi isə AzadlıqRadiosuna deyib ki, işgəncələr var, amma onların obyektiv araşdırılması imkanı yox dərəcəsindədir:

S.Həzi
S.Həzi


"Ona görə ki, bunu araşdıracaq hüquq-mühafizə orqanları özləri müəyyən mənada sifarişlər yerinə yetirirlər. Yeni baş prokuror ayağını yeni kabinetinə qoyar-qoymaz AXCP ilə bağlı hansısa yeni qondarma cinayət işindən söhbət gedir".

Sədr müavini dövlət başçısının "Azərbaycanda heç kim öz siyasi baxışlarına, siyasi mənsubiyyətinə, siyasi fəaliyyətinə görə təqib edilməməlidir" fikrini də səmimi saymır: "Çünki bu fikir səmimi olsaydı, ölkədə siyasi məhbus olmazdı. Yox, əgər əvvəlki səhvlərdən nəticə çıxarılıbsa, o zaman bu məsələlər dərhal yoluna qoyulmalıdır. Bu, sadəcə, gözdən pərdə asmaq üçün deyilən bir sözdür, daha çox xarici auditoriyaya hesablanmış bir sözdür".

Xatırlatma

Aprelin 16-da AXCP üzvü Niyaməddin Əhmədov Xətai Rayon Məhkəməsinin qərarı ilə İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) və 535-ci (Polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama) maddələri üzrə inzibati qaydada 30 sutka müddətinə həbs olunub.

Koronavirus pandemiyası ilə bağlı Azərbaycanda martın 24-dən karantin rejimidir.

AXCP onun həbsini əsassız və onlara qarşı təzyiq kimi dəyərləndirib. Amma hakimiyyət təmsilçiləri ölkədə müxalif fəallara təzyiqlərin olması ilə bağlı fikirləri qəbul etmirlər.

XS
SM
MD
LG