Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 19:26

'Azadlıqradiosu-nun saytı açar sözlərlə bloklanır'


Azadlıq.org açar sözlərlə bloklanır.
Azadlıq.org açar sözlərlə bloklanır.

Azərbaycan hökuməti ölkədə rəsmi təbliğatdan kənar saytları sıxışdırmaq yolunda daha bir addım atıb.

Müxalifət də hökumətlə kibermüharibədə mövqelərini gücləndirir – çinli dissidentlərdən mənimsədikləri texnikaya əl atırlar.

VirtualRoad internet azadlığı təşkilatı aprelin 10-da yazıb ki, Azərbaycanın de fakto internet xidməti provayderi infrastrukturunda “veb trafiki fəal şəkildə əngəlləyən” “xüsusi proqram əlavəsi” (qurğusu) aşkarlayıb. Bu qurğu “deep packet inspection” adlı şəbəkəni filtrləmə texnologiyası vasitəsilə 3 əsas xəbər saytının – Meydan TV, Azadlıq qəzeti və AzadlıqRadiosu-nun saytlarını bloklamaqda istifadə olunur.

Buna da bax:​ azadliq.org saytına giriş çətinləşib

ÇİN APPLE İLƏ ANLAŞIB, AMAZON-LA YOX

Eurasianet.org” saytında “Mülki Hüquq Müdafiəçiləri” təşkilatında Avrasiya üzrə proqram rəhbəri Mike Runey bu saytların da geri çəkilmədiyini yazır. “Azadlıq” qəzeti aprelin 9-da “Amazon Web Services” (AWS) saytında güzgü versiyasını yaratmaqla həmin baryeri aşa bilib. Müəllif çinli fəalların bu taktikadan yararlandığını qeyd edir.

Yəni indi hökumət “Azadlıq” qəzetinə girişi əngəlləməkdən ötrü AWS-ni bloklamalıdır. Hətta Çin belə, iqtisadiyyata dəyəcək ziyanı gözə alaraq bundan çəkinib. Çünki bu halda Amazon-un populyar bulud kompyuter sistemindən, digər xidmətlərindən yararlanan hər kəs, böyük korporasiyalar belə sayta girişi itirərdi. Çin Amazon-un “arzuolunmaz” səhifələri yığışdırmasına da nail ola bilməyib. Bircə Apple şirkətiylə bir məsələdə anlaşıb, Apple “App Store”dan senzura əleyhinə applikasiyanı yığışdırıb. “Əgər dünyanın ikinci böyük iqtisadiyyatı və Amazon-un gəlirlərinin əsas mənbəyi olan Çin amerikan internet nəhəngini öz qaydalarına uyğun oynamağa inandıra bilmirsə, onda Azərbaycanın gözləntisini anlamaq çətindir”, – müəllif yazır.

Buna da bax:​ 'Bu saytlar hökumətin kibermüharibəsinin qurbanıdırlar'

VirtualRoad Azərbaycan hökumətinin dissident səslərə qarşı texniki hücumlarını yaxından izləyir. Yeni hücumların da Delta Telecom-dan gəldiyi aşkarlanıb. Elə daha öncə də hökumətin məhz bu alətlə internetə nəzarət və senzura etdiyi bildirilirdi. 2008-ci ildə “Wikileaks” teleqramlarında bu qurğu “selektiv internet saytları bağlamağın qeyri-formal mexanizmi” adlanırdı. VirtualRoad həmin qurğunun martın 27-dən işə düşdüyünü üzə çıxarıb.

AÇAR SÖZLƏR

Deep packet inspection (DPI) hökumətlər tərəfindən internet traffikə nəzarət, bəzən də senzura aləti kimi istifadə olunur. İran, Rusiya və Birləşmiş Ştatlar illər boyu bundan faydalanıblar. Müəllif yazır ki, internet trafiki bir şəbəkəyə yönəltməklə Azərbaycan ona nəzarəti də həm ucuzlaşdırıb, həm də asanlaşdırıb. DPI müəyyən açar sözləri yazmaqla istənilən sayta nəzarət edib bağlamağa imkan verir. Məsələn, “Azərbaycan+AŞPA+Rüşvət”, yaxud “Anar+Məmmədov+ayı+kabab” kimi sözlər həssas mövzulardan xəbər verir. Di gəl, indiyədək dövlətin texnologiyanın bu aspektindən istifadəsinə dair təsdiqlənmiş məlumat yoxdur. İndilik, Bakı ancaq 3 spesifik sayta girişi əngəlləyir.

Buna da bax:​ 'Nazirliyin 'get filan saytları blokla' demək hüququ yoxdur'

“Azərbaycanın internet senzurası bacarıqlarını artırma sürəti heyrət doğurur. Amma son illər onun VirtualRoad ilə siçan-pişik oyununun da bu bacarıqların itilənməsində rolu olub. Bakının Çin kimi internet senzurası pionerlərini geridə qoymağa nə büdcəsi, nə texniki imkanları, nə də iradəsi var. Və çox güman, bir fikirlə barışmalı olacaq – real iqtisadi itki vermədən qətiyyətli internet mediası saytlarını tamamilə bağlaya bilməyəcək”, – müəllif yazır.

Qeyd edək ki, Nəqliyyat, Kommunikasiya və Yüksək Texnologiyalar Nazirliyi müstəqil saytların bloklanması barədə iddiaları rədd edib. Delta Telecom-dan məsələyə, hələlik, münasibət bildirilməyib.

XS
SM
MD
LG