Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 19:11

'Bu saytlar hökumətin kibermüharibəsinin qurbanıdırlar'


Foto illüstrasiya
Foto illüstrasiya

Azərbaycanda müstəqil xəbər saytlarının bir neçəsinə artıq günlərdir giriş mümkün deyil. Görünən odur ki, onlar hökumətin narazılara qarşı gücləndirdiyi kibermüharibənin qurbanlarına çevriliblər. Mike Runey eurasianet.org saytında MeydanTV, «Azadlıq» qəzeti və AzadlıqRadiosunun saytlarının bu hücumun hədəfinə çevrildiyini, martın 27-dən başlanan problemin hələ də qaldığını yazır. Runey Mülki Hüquqların Müdafiəçiləri təşkilatında Avrasiya üzrə proqram rəhbəridir.

«Azərbaycan hökumətini tənqid edən medianın bloklanması təzə hadisə deyil... İndi əsas spekulyasiya ondan ibarətdir ki, bu saytlara girişin əngəllənməsində məqsəd Birinci xanım Mehriban Əliyevanın birinci vitse-prezident təyin olunmasıyla bağlı azərbaycandilli tənqidlərin önünü kəsməkdir», – müəllif yazır.

SƏFİRLİK İDDİALARI RƏDD EDİR

Məqalədə VirtualRoad.org İnternet azadlığı qurumunun bu yaxınlarda yaydığı hesabat yada salınır və son hücumların da həmin hesabatdan sonraya düşdüyü vurğulanır. Qeyd edək ki, «Amnesty International» insan haqları təşkilatı və VirtualRoad.org saytı Azərbaycanda siyasi fəallara, ayrı-ayrı saytlara kiberhücumlardan yazmışdılar. VirtualRoad.org bildirirdi ki, son aylarda abzas.net, cumhuriyyet.net və azadliq.info saytlarına eyni mənbədən hücumlar olunub: «İzlər göstərir ki, bu saytlara eyni IP ünvandan hücum edilib. Həmin IP şəbəkədə isə Azərbaycanın bir neçə hökumət qurumu var». Tədqiqatçılar hücumların, əsasən, yenicə formalaşdırılmış Nəqliyyat, Kommunikasiya və Yüksək Texnologiyalar Nazirliyindən gəldiyini müəyyənləşdirmişdilər.

***Buna da bax-VirtualRoad: Hakerlər Azərbaycan hökuməti ilə bağlıdırlar

VirtualRoad.org bəzi trafiklərin, sayta girişlərin şübhəli qrafiklərini görüb və araşdıranda bəlli olub ki, Azərbaycanda bəzi xəbər saytları hökumətlə bağlı kiberqurumlar tərəfindən hər 15 dəqiqədən bir monitorinq olunur, yoxlanır. «Amnesty International» isə paralel təhqiqatında isə tanınmış fəallara, jurnalistlərə, hüquqşünaslara qarşı xüsusi virusdan istifadə olunduğunu yazır.

Azərbaycanın Londondakı səfirliyi bu hesabatlarda deyilənləri rədd edib. «Bu hesabatı fakt, güclü dəlil ortaya qoymadan hökumətimizi gözdən salmağı hədəfləyən daha bir cəhd sayırıq», – səfirlik bildirib. Amma səfirlik bir suala cavab verməyib ki, əgər hakerlər hökumətə çalışmırlarsa, onda necə olur ki, hökumət binalarında yerləşən serverlərdən faydalanırlar?

YENƏ FACEBOOK

Məqalədə tanınmış qadın fəallara Facebook sosial şəbəkəsindəki hücum kampaniyalarından da söz açılır. İki jurnalist və bir vəkil heç vaxt internetə yükləmədikləri fotoların yeni açılmış Facebook hesablarından yayıldığını söyləyiblər.

«Ümumilikdə götürəndə, müstəqil vebsaytlara hücumlar və Facebook-dakı qısnamalar bu ölkədə azad sözün son nəfəsliklərinə təzyiqləri göstərir… Hökumət onlayn defamasiyaya görə cərimələri də artırıb», – yazan müəllif bloklanan vebsaytların mühasirəni yenə də Facebook vasitəsilə yardığını qeyd edir. Məqalədə qeyd olunur ki, Türkiyə və Tacikistandan fərqli olaraq, hökumət bu sosial şəbəkəni tam bloklamayıb. Sadəcə, burada həddən artıq məşhurlaşanları hədəfə alır. Ötən ayın əvvəlində populyar bloqqer Mehman Hüseynov defamasiya ittihamıyla 2 illiyə həbsə atılıb.

Qeyd edək ki, ölkədə bəzi mənbələr müstəqil saytların bloklanmasının Nəqliyyat, Kommunikasiya və Yüksək Texnologiyalar Nazirliyindən qaynaqlandığını bildirsələr də, nazirlik bu iddiaları rədd edib.

XS
SM
MD
LG