Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 21:34

Freedom House-un yeni hesabatında Putin və Əliyevin adı yanaşı çəkilir


Rusiya prezidenti Vladimir Putin (solda) və Azərbaycan prezidenti İlham Əliyev
Rusiya prezidenti Vladimir Putin (solda) və Azərbaycan prezidenti İlham Əliyev

Freedom House demokratiya və insan haqları təşkilatının fevralın 5-də açıqlanmış Dünyada Azadlıq 2019 (Freedom in the World 2019) hesabatında deyilir ki, Amerika demokratiyasının hazırda üzləşdiyi çətinliklər bütün dünya boyunca siyasi hüquqları və vətəndaş azadlıqlarını sarsıdır.

Məhz buna görə də Freedom House təşkilatının builki hesabatında Birləşmiş Ştatlarda demokratiyanın vəziyyətinə həsr olunmuş xüsusi bölüm verilib.

Hesabatda deyilir ki, Amerika demokratiyası dünya standartları ilə möhkəm qalmaqda davam etsə də, hazırkı prezident Donald Trump-ın qanunun aliliyi, faktlara əsaslanan jurnalistika və demokratiyanın norma və prinsipləri üzərinə hücumları bu demokratiyanı bir xeyli zəiflədib.

Hesabata görə dünyanın başqa yerlərində də avtoritarlıq demokratiyaya üstün gəlməyə başlayıb.

Təsadüfi deyildir ki, Amerikada demokratiyanın dərəcəsi qiymətləndirmə hesabı ilə Yunanıstan, Xorvatiya və Monqolustanın səviyyəsinə enib. İndi bu demokratiya Birləşmiş Krallıq və Almaniya kimi ölkələrin demokratiyalarından geridə qalır.

Freedom House təşkilatının hesabatına görə ümimlikdə 2018-ci il ərzində dünyanın 68 ölkəsində demokratiya geriləyib, yalnız 50 ölkədə irəliləyiş qeydə alınıb.

Ümumiyyətlə isə son 13 ildə qlobal azadlıqlar tənəzzül etməkldə davam edib. Bu dövr ərzində azad olmayan ölkələr kateqoriyası genişlənib.

Məsələn bir vaxtlar postkommunist keçid dövrünün uğurlu nümunəsi kimi təriflənən Macarıstan 2018-ci ildə qismən azad ölkələr kateqoriyasına yuvarlanıb.

Hədəfdə mühacirlərdir

Hesabatda 195 ölkədə demokratiya və insan haqlarının vəziyyəti təhlil edilib.

Bunlardan 86 ölkə (44 faiz) azad, 59 ölkə (30 faiz) qısmən azad və 50 ölkə (20 faiz) azad olmayan ölkələr kateqoriyasına daxil edilib.

Hesabatda qeyd olunur ki, getdikcə artan sayda ölkələr mühacir, sürgündə olan və diaspora üzvü olan keçmiş soydaşların hədəflənməsi ilə məşğul olub.

Freedom House təşkilatı keçmiş həmvətənləri xaricdə hədəfləyən və onlardan qisas alan 24 ölkəni müəyyənləşdirib. Bunların arasında Rusiya, Çin, İran, Türkiyə və Səudiyyə Ərəbistanı da var.

Hesabatda habelə azad olmayan 50 ölkə arasında “pisin pisi” kateqoriyası müəyyənləşdirilib.

Bunlar Suriya, Cənubi Sudan, Eritrea, Türkmənistan, Şimali Koreya, Ekvatorial Qvineya, Səudiyyə Ərəbistanı, Somali, Sudan, Tacikistan, Özbəkistan, Mərkəzi Afrika Respublikası və Liviyadır.

Hesabatda Özbəkistan və Ermənistanda gedən demokratikləşmə prosesiləri təqdir olunur. Əksinə Rusiya və Azərbaycan hesabatın bir neçə yerində tənqid edilir.

Məsələn qeyd olunur ki, Rusiya prezidenti Vladimir Putin və Azərbaycan prezidenti İlham Əliyev müstəqil media və vətəndaş cəmiyyətinə qarşı repressiyalardan, dövlət resurlarından sui-istifadədən və həqiqi siyasi opponentlərin təqibindən, habelə birbaşa fırıldaqdan faydalanmaqla növbəti müddətə prezidentliklərini təmin ediblər.

Hesabata görə Azərbaycan 2019-cu ildə də azad olmayan ölkələr kateqoriyasında qalır. Onun Cənubi Qafqazdakı iki qonşusu - Ermənistan və Gürcüstan qismən azad ölkələr hesab olunub.

Bu hesabatda Azərbaycanla bağlı deyilənlərə, hələlik, rəsmi münasibət açıqlanmayıb. Amma hakimiyyət təmsilçiləri bir qayda olaraq ölkədə təməl hüquqların tam təmin olunduğunu deyir, insan haqları pozuntularına dair beynəlxalq tənqidləri qəbul etmirlər.

Hesabata gün ərzində reaksiyalar toplayacağıq, saytımızı izləyin.

XS
SM
MD
LG