Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 21:20

‘Fikrətə, öz uşağının yazdığı cızma-qaraları da vermirlər’


Fikrət Fərəməzoğlu
Fikrət Fərəməzoğlu

Həbsdə olan jurnalist, “jam.az” saytının redaktoru Fikrət İbişbəylinin (Fərəməzoğlu) səhhətində ciddi problemlər var.

Bu haqda jurnalistin hüquqlarını müdafiə komitəsi fevralın 14-də keçirilən mətbuat konfransında məlumat verib.

Hüquq müdafiəçisi Oqtay Gülalıyev deyir ki, həmin problemlər Fikrət Fərəməzoğlunun Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsində (daha çox “bandotdel” kimi tanınır red.) saxlanıldığı 34 gün ərzində yaranıb. Hüquq müdafiəçisinin sözlərinə görə, jurnalist orada işgəncələrə məruz qalıb, iki dişi sındırılıb: "Fikrət hazırda ancaq ağrıkəsicilərin hesabına dayana bilir".

Buna da bax:​ Sahə müvəkkili və mülki geyimlilər vəkilin mənzilinə niyə gəliblər?

Oqtay Gülalıyev məlumat verib ki, hazırda Azərbaycanda 10 jurnalist və bloqçu qanunsuz olaraq həbsdədi.

"Uşağının cızma-qarasını da ona vermirlər"

Fikrət Fərəməzoğlunun həyat yoldaşı Faiqə Nösrəti bildirib ki, əvvəlcə heç ağrıkəsici dərmanları da istintaq təcridxanasına buraxmırdılar. Sonradan onun vəziyyətinin günü gündən ağırlaşdığını görüb, icazə veriblər.

Həyat yoldaşının dediyinə görə, Fikrətə dəstək məktubları göndərilir, amma onların çatdırılmasına imkan vermirlər: "Fikrətə, hətta öz uşağının yazdığı cızma-qaraları da çatdırmağa imkan vermirlər".

Buna da bax:​ 'Dedi, sən fahişəxana saxlayırsan, xaricdən azyaşlı qızlar...'

Vəkili Elçin Sadıqov hesab edir ki, Fikrət Fərəməzoğlu insan alverilə bağlı məsələləri araşdırıb, cəmiyyətə çatdırdığına görə cəzalandırılıb. Ona görə də bu həbs söz azadlığına basqı kimi dəyərləndirilməlidi: "Zərərçəkənlər məhkəmədə deyirlər ki, "Fikrət pul istəyib". Harda istəyib – məlum deyil, nə qədər alıb - bilmirlər. Bunlar nə bilirlər bəs?"

"Xural" qəzetinin baş redaktoru Əvəz Zeynallı deyir ki, Fikrət Fərəməzoğlunun həbsinə görə Avropa Məhkəməsi Azərbaycan hökumətini cərimələyəcək. O, həmçinin qanunsuz həbs olunan jurnalistlərlə bağlı məsələnin daim gündəmdə saxlanmasının vacib olduğunu vurğulayıb: "Məhkəmə qərarı olmadan saytın fəaliyyətinin dayandırılması, sayta müdaxilə də qanun pozuntusudu".

Buna da bax:​ Həbsdəki jurnalisti böhtana görə də mühakimə edəcəklər

"İnsan alveri onları niyə narahat edir?"

"Fikrət insan alveri problemindən yazırdı. Maraqlıdı, bu məsələ niyə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsini narahat edir? İnsan alveri beynəlxalq aləmdə ciddi narahatlıq yaradan problemdi və buna qarşı mübarizə istənilən ölkədə hüquq-mühafizə orqanlarının nəzarətində olmalıdı", – bu isə hüquq müdafiəçisi Xalid Bağırovun sözləridi.

Xatırlatma

Fikrət İbişbəyli (Fərəməzoğlu) ötən il iyunun 30-da saxlanıb. Ona Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə rüşvət tələbetmə) maddəsinin müxtəlif bəndləri ilə ittiham irəli sürülüb.

Buna da bax: 'Məni aparanda deyirdilər: 'bu, arvadı həbs olunan jurnalistdir?''

O, 10 il öncə də cinayət məsuliyyətinə cəlb edilib və həmin vaxt «24 saat» qəzetinin baş redaktoru kimi, şərəf və ləyaqətinin qorunmasıyla bağlı daxili işlər naziri Ramil Usubovun iddiası üzrə məhkəməyə çəkilib. Məhkəmə jurnalistə, bir il şərti həbs cəzası kəsibmiş.

XS
SM
MD
LG