Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 20:46

Ərdoğanın Putinə rəsmi vasitəçilik təklif edəcəyi gözlənilir


Putinin müşaviri deyib ki, Moskva və Kiyev arasında mümkün danışıqlar ya Ankara, ya da İstanbulda ola bilər

Moskva Türkiyə prezidenti Recep Tayyip Əroğanın Rusiya prezidenti Vladimir Putinlə oktyabrın 13-də keçiriləcək görüşündə Rusiya və Ukrayna arasında rəsmi vasitəçilik təklif edəcəyini gözləyir.

Bu barədə məlumatı Putinin müşaviri Yuri Uşakov verib.

Uşakov oktyabrın 12-də deyib ki, Türkiyə Ukraynada sülhə dair ideyalar irəli sürəcək və ehtimalən Putinlə danışıqlarda rəsmi təklif verəcək:

"Mətbuatda dərc olunan xəbərlərə görə Türkiyə tərəfi bu barədə spesifik mülahizələrini irəli sürəcək. Mən istisna etmirəm ki, Ərdoğan Astana təmaslarında bu məsələyə fəal şəkildə toxunacaq. Bu çox maraqlıdır və mən ümid edirəm ki, bizi faydalı müzakirə gözləyir”.

Uşakov əlavə edib ki, Moskva və Kiyev arasında mümkün danışıqlar ya Ankara, ya da İstanbulda ola bilər.

“Heç vaxt “heç vaxt” demə”

Türkiyə Ukraynada müharibə boyunca neytral mövqe tutmağa və Kiyevlə Moskva arasında balanslı siyasət yürütməyə çalışıb.

Ankara Moskva və Kiyev arasında ötən mart ayında iki görüş təşkil edib, lakin bu danışıqlar nəticəsiz qalıb.

Ukrayna prezidenti Volodimir Zelenski deyib ki, Vladimir Putinlə heç bir danışıqlara getməyəcək.

Bu barədə suala cavab verən Uşakov deyib:

“Mən ona demək istərdim: heç vaxt “heç vaxt” demə”.

Rusiyanın yeni qaz təchizatı təklifi

Ərdoğan Putinlə sabahkı görüşdən əvvəl demişdi ki, Rusiya təbii qaz təchizatını sıradan çıxmış Şimal Axını kəmərlərinin əvəzinə Qara dəniz üzərindən davam etdirə bilər.

Rusiyanın Baltik dənizinin dibi ilə gedən Şimal Axını 1 və Şimal Axını 2 kəmərləri ötən ay partlayış nəticəsində sıradan çıxıb.

Moskvada keçirilən enerji forumunda Putin demişdi ki, Avropanın qaz təchizatı Qara dəniz kəmərləri vasitəsilə həyata keçirilə bilər.

O Türkiyədə “böyük qaz qovşağının” yaradılamsından söz açmışdı.

Türkiyənin həmin forumda iştirak edən enerji naziri Fatih Dönmez demişdi ki, bu ideya onun üçün yenidir, amma bunu müzakirə etməyə dəyər.

Türkiyə bundan əvvəl Ukrayna taxılının Qara dəniz üzərindən ixracı ilə bağlı Kiyev və Moskva arasında uğurlu danışıqlar aparıb.

Bundan başqa Ankara Moskva və Kiyev arasında ən böyük əsir mübadiləsinə nail olub.

Ankaranın vasitəçiyi ilə Rusiya sentyabr ayında 215 ukraynalı hərbi əsiri azad etmişdi.

Kiyev isə Moskvaya onlarla əsiri və rusiyaönlü siyasətçi Viktor Medvedçuku qaytarmışdı.

XS
SM
MD
LG