Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 21:45

Eldar Həsənov: 'Bu, Kəlbəcərə yol çəkmək deyil ki, ...ayrılan vəsaiti mənimsəyim'


Eldar Həsənov
Eldar Həsənov

Həbsdə olan keçmiş baş prokuror Eldar Həsənov deyir ki, səfir olduğu ölkələrdə üç Heydər Əliyev parkı salınıb. Bu parkların hər biri də Bakıda Mərkəzi Bankla Respublika Sarayının arasındakı Heydər Əliyev parkından üç dəfə böyük olub. Onun sözlərinə görə, həmin üç parkın salınmasına birlikdə Bakıdakı birindən beş dəfə az vəsait xərclənib.

"Mənə yeyinti ittihamı vermək gülüncdür. Evimdən tank çıxarsaydınız, heç nə deməzdim. Əgər məni tutmaq, öldürmək, asmaq istəyirsinizsə, boş və absurd ittihamlara ehtiyac yoxdur. Yığın adamlarınızı, jurnalistləri, televiziyaları da çağırın, adamları da, deyin ki, Eldar Həsənovu öldürmək istəyirik. Asın məni, qurtarsın getsin...", – Həsənov sentyabrın 24-də öz məhkəməsində belə deyib.

"Bu, Kəlbəcərə yol çəkmək deyil ki..."

Keçmiş səfirin işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır. Ona qarşı irəli sürülən ittihamlardan biri səfirliyin xərclər smetasını şişirtmək və artıq vəsaitləri, o cümlədən ştatdankənar işçilərin əmək haqlarının yeyintisidir. Həsənov isə bu ittihamı qəbul etmir. Deyir ki, müxtəlif ölkələrdə səfir işlədiyi 20 il ərzində bir dəfə də nə Xarici İşlər Nazirliyi, nə də Maliyyə Nazirliyi ona irad tutub: "Təlimata görə, səfirliyin sürücüsü, bağbanı, xadiməsi və katibə yerli əhalidən olmalıdır. Onların işə götürülməsi üçün əvvəl şəxsiyyəti araşdırılmalıdır. Mən işə götürməzdən əvvəl onların sənədlərini Xarici İşlər Nazirliyinə göndərmişəm, orada araşdırıb təsdiqləyəndən sonra işə götürmüşəm. Orta aylıq əməkhaqqına uyğun olaraq, maaş cədvəli müəyyənləşdirib nazirliyə göndərmişik. Müqaviləni isə onlarla mən yox, nazirlik imzalayıb".

Həsənovun sözlərinə görə, o, yeganə səfir olub ki, icarə haqqı 8 min 200 avro olan villadan imtina edib, yarı qiymətə binanın ikinci mərtəbəsində mənzildə qalıb: "Bu, Kəlbəcərə yol çəkmək deyil ki, bir qohumu işin başına qoyum, ayrılan vəsaiti mənimsəyim, bu, səfirlikdir...".

Daim qənaət etdiyini vurğulayan sabiq səfirin dediyinə görə, işlədiyi dövrlərdə 198 min 153 avro vəsaiti dövlət büdcəsinə qaytarıb.

Bir konfransa 20 min avro

Prokuror maraqlanıb ki, necə olub, 2015-ci ildə büdcəyə qaytarılan məbləğ 40 min avro, 2019-cu ildə 4 min avro olub? Həsənov cavabında deyib ki, bu, XİN-in öncədən müəyyən etdiyi tədbirlər planından asılı idi. 2019-cu ildə təkcə bir konfransa 20 min avro xərclənib: "Əgər Avropada hansısa ölkənin səfirliyi mənim qaytardığım vəsaitin yarısını dövlət büdcəsinə qaytarıbsa, gətirin göstərin. Belə bir fakt olsa, mən adımı dəyişərəm".

Sabiq baş prokuror deyir ki, 19-yaşlı nəvəsinin bank hesabından tutmuş, bütün nəsil-nəcabətini araşdırıblar. Amma heç bir qanunsuz köçürmə aşkarlanmayıb. Həsənov bildirib ki, onun öz hesabındakı vəsaitlər də yalnız maaş və yazdığı kitabların pulu olub.

İttihamlardan biri də budur ki, Həsənovun səfir olduğu ölkələrdə Azərbaycan səfirliyinə bina alınması zamanı büdcədən ayrılan vəsaitin bir hissəsi mənimsənilib. Yəni, büdcədən daha çox vəsait ayrılıb, amma bina xeyli ucuz qiymətə alınıb.

Səfirlik binaları

Prokuror deyir ki, Serbiyada səfirlik binasının alınması üçün 3 milyon 205 min avro vəsait ayrılıb. Əslində isə o bina 1 milyon 350 min avroya alınıb. Həsənov isə bununla razılaşmır. O deyir ki, bina elə 3 milyon 205 minə alınıb. Bunu təsdiqləyən müqavilə də XİN-ə göndərilib.

Bosniya və Herseqovinada səfirlik binasının alınmasına 4 milyon 900 min avro ayrılıb, müqavilədə 2 milyon 700 min göstərilib. Bu barədə prokurorun sualına isə Həsənov belə cavab verib: "Cənab prokuror, Sizə gərək yaxşı bir sual hazırlayan tapaydılar. Həmin alqı-satqı noyabrda olub. Onda mən orada olmamışam, məsləhətləşmələr üçün gəlmişdim. Sonra yanvarda Bosniya və Herseqovinanın rəhbərliyi ilə görüşlərim oldu. Ardınca fevralda Xocalı faciəsini tanıdılar. Başqa heç nə demək istəmirəm...".

Sabiq səfirin məhkəməsi sentyabrın 27-də zərərçəkmiş və şahid ifadələri ilə davam edəcək. Zərərçəkmiş qismində həm Maliyyə, həm də Xarici İşlər nazirlikləri tanınıb. Bu qurumların nümayəndələri də məhkəmədə iştirak edir.

Xatırlatma

Eldar Həsənov Rumıniya, Serbiya, Bosniya və Herseqovina, eləcə də Monteneqroda səfir olduğu dövrlərdə - 2010-2020-ci illərdə səfirliklər üçün binaların alınması, təmir-tikinti işləri ilə əlaqədar ayrılmış vəsaitlərdən 17 milyon 931 min 316 manatlıq yeyinti və israfçılıqda təqsirləndirilir. Həmçinin sabiq səfir 11 milyon 804 min manat cinayət yoluyla əldə olunmuş pulu leqallaşdırmaqda, 192 min manat vəsaitdən təyinatı üzrə istifadə etməməkdə ittiham olunur.

Ona CM-in 179.3.2 (külli miqdarda mənimsəmə və ya israfetmə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş külli miqdarda pul və ya əmlakı leqallaşdırma), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, ağır nəticələrə səbəb olduqda), 308-1.1 (büdcə vəsaitlərindən təyinatı üzrə istifadə etməmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham verilib. Bu maddələrdə 10 ilə qədər həbs cəzası nəzərdə tutulub.

1995-2000-ci illərdə Azərbaycanın baş prokuroru, daha sonra isə müxtəlif ölkələrdə səfir olan Həsənov 2020-ci il avqustun 13-də saxlanılıb. O, DTX-da istintaqı aparılan Xarici İşlər Nazirliyinin əməkdaşları haqqında cinayət işi üzrə məsuliyyətə cəlb edilib. Avqustun 24-də Həsənov haqqında cinayət işi həmin işdən ayrılıb.

XS
SM
MD
LG