Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 19:30

“Bəzi banklar “qara bazar” saxlayır”


►Banklarda dollar ajiotajı bitib?

Metronun “28 may” stansiyası yaxınlığında yerləşən bank filiallarının birində pulsayan cihaz 5 min dolları sayır. Xəzinədar pulu bir daha saydırıb müştəriyə verir.

Növbə bizə çatanda dollar almaq istədiyimizi deyirik. Xəzinədar dollar satmadıqlarını söyləyir. “Axı indicə xanıma dollar verdiz”, deyirik, cavabında “müştəri dollarla olan əmanətini götürürdü, ona verməyə məcburuq, amma dollar satmırıq”, cavabını eşidirik.

Bayıra çıxanda bank əməkdaşlarından biri ardımızca gəlir, aramızda belə bir dialoq olur:

– Dollar almaq istəyirdiz, nə dedilər?

– Satmadılar, dedilər satış yoxdur.

– Əgər istəsəz, dollar satanlar var, kursu 1.60-dan satırlar.

– Hardadılar?

– Gərək zəng eləyim, gəlsinlər, gizlənirlər.

– Nə qədər ala bilərəm?

– Siz nə qədər istəyirsiz?

– 5 min dollar.

– Satarlar.

“Dollara limit, manata açıq qapı”

Amma elə “28 may”,o cümlədən, “Nizami”, “Xətai” metrostansiyaları yaxınlığında yerləşən digər bank filiallarında dollar satırlar. Bəzi banklarda kurs 1,60, bəzisində 1,63 manatdır.

Banklardan istədiyin qədər dollar ala bilərsən, məhdudiyyət yoxdur, amma 500 dollardan yuxarı satılan məbləğ şəxsiyyət vəsiqəsi ilə rəsmiləşdirilir.

Dollar alışı isə bəzi banklarda 1.50 manatdır. Bu, rəsmi açıqlanan kursdan aşağı olsa da, bankda məzənnə lövhəsi asılmamışdı. Ümumiyyətlə, bir sıra bank filiallarında bu tabloya rast gəlmədik.

“Manata belə bir limit yoxdur, sənədsiz, nə qədər istəyirsiz, sizə manat sata bilərik”, bankın xanım əməkdaşı hətta min dolları problemsiz aldıqlarını söylərir.

“Adım, ünvanım niyə harasa yazılsın?”

___________________________________________________________

Bunlara da bax:

___________________________________________________________

Həm bankla, həm də “qara bazar”la işləyən sahibkar Nazim Alıyev deyir ki, 500-dən yuxarı məbləğin rəsmiləşdirilməsi onu narahat edir:

“Bilmirəm, bunun hansı ziyanı dəyə bilər, amma niyə filan qədər dolları mənim aldığım, ünvanım hardasa qeydə düşsün? Həm də bank-bank gəzib 500-500 almaqdansa, artıq tanıdığım bir neçə nəfər var, onlardan həmin günün kursuna uyğun alıram. Elə keçən həftə 1500 dollar aldım”.

“Müştərilərini itirməmək üçün bu yola əl atırlar”

Vüqar Bayramov
Vüqar Bayramov

Bəzi banklar dollar satışını dayandırmaqla “qara bazar”ı saxlayır. Bunu İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri, iqtisadçı Vüqar Bayramov AzadlıqRadiosuna deyir. Onun sözlərinə görə, son bir neçə gündə bir çox bankda dollar satışı bərpa olunsa da, bəzi bankların valyuta satışını hələ də dayandırmasının pərdəarxası məqamları var:

“Bəzi banklar dollar alırlar, hətta rəsmi kursdan aşağı “qara bazar”da qeyri-rəsmi satırlar. Həmin banklar konkret adamlarla işləyirlər. Biznesə pulu “qara bazar”da satmağa maraq göstərirlər. Monitorinqlərimiz göstərir ki, “qara bazar”da kurs banklardakı kursdan heç də yuxarı deyil”.

Vüqar Bayramov bunu biznes strukturlarının aldığı dolları rəsmiləşdirmək istəməməsi ilə izah edir:

“Bankların daimi müştəriləri var, kifayət qədər iri məbləğdə valyuta alveri edirlər. Ona görə də bəzi banklar bu müştəriləri itirməmək üçün valyutanı onlara “qara bazar” vasitəsilə ilə satırlar."

“Ajiotaj bitdi, amma...”

Bir çox bankda dollar satışının bərpasını isə iqtisadçı Bayramov ajiotajın bitməsilə izah edir:

“Ajiotaj dövrü arxada qaldı. Mərkəzi Bank bu ajiotajı yatızdırmaq üçün, düzdür, inzibati üsullardan istifadə elədi, amma valyutalar arasında artıq sabit bir kurs yaranıb. Manatı dollara nisbətən möhkəmləndirməklə həm camaatdan, həm də biznesdən dollar satışına şərait yaratdı. Ajiotaj vaxtı ölkədə dollarlaşma prosesi sürətlə getdi, əlində 200 manatı olan adam da onu dollara çevirməyə tələsdi, amma bu, cib xərcliyi olduğu üçün məcburdur ki, yenidən həmin dolları manata çevirsin”.

“Stabilliyin ömrü bir az uzana bilər”

Vüqar Bayramov onu da əlavə edir ki, Mərkəzi Bank manat bazasını iki dəfə azaldıb. O, bunun tərəfdarı olmadıqlarını söyləyir, deyir ki, bu, real sektorun inkişafına mane olur:

“Bu gün bank sektorunda müşahidə edilən stabillik bazarın tənzimlədiyi yox, inzibati üsullarla yaradılan stabillikdir”.

Müsahibimizin fikrincə, Mərkəzi Bank indiki siyasətinə davam edərsə, “müvəqqəti stabilliyin” ömrü bir az uzana bilər. Çünki “Mərkəzi Bank yenə də bazarda qaydaları diktə edir”. İqtisadçı hesab edir ki, Mərkəzi Bankın yanvar ayı üzrə də ehtiyatlarında ciddi azalma olub:

“Mərkəzi Bank çalışır ki, dollar tələbatını bazar müəyyənləşdirsin. İndi də bazara mesaj verir ki, manat möhkəmlənəcək, adamlar baha aldığı dolları nisbətən ucuz manata dəyişirlər, hesab edirlər ki, dollar ucuzlaşa bilər. Bu, psixoloji üsuldur”.

Amma dünya bazarında neftin ucuzlaşması və nəticədə neft gəlirlərinin azalması, bunun fonunda Mərkəzi Bankın ehtiyatlarının əriməsi manatın hələ də kövrək olduğunu göstərir. Vüqar Bayramov da hesab edir ki, bu gün manatın məzənnəsinin dollara nisbətən stabilləşməsi üçün ortada iqtisadi əsaslar yoxdur.

___________________________________________________________

Bunlara da bax:

___________________________________________________________

XS
SM
MD
LG