Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 09:34

Deputat Ermənistan hərbçiləri barəsində hökmdən təəccüblənib


Ermənistan hərbçilərinin məhkəməsi, Bakı 16 iyun 2021
Ermənistan hərbçilərinin məhkəməsi, Bakı 16 iyun 2021

Ötən ilin axırı Hadrut meşələrində saxlanan və Bakıda mühakimə olunan Ermənistan vətəndaşlarından bir qrupunun işi üzrə məhkəmə qərarı elan olunub.

İyulun 2-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə mühakimə olunan 14 nəfərdən iksi 4 il, digərləri isə 6 ay azadlıqdan məhrum edilib.
İstintaq zamanı təqsirləndirilən şəxslərə Azərbaycan Cinayət Məcəlləsinin 214 (terrorçuluq), 228 (qanunsuz silah-sursat saxlama), 279 (qanunsuz silahlı birləşmələr yaratma və ya onların tərkibində iştirak edib basqınlar törətmə) və 318-ci (Azərbaycanın dövlət sərhədini qanunsuz keçmə) maddələri ilə ittihamlar verilib.

Lakin dövlət ittihamçısı çıxış edərək digər ittihamlara xitam verilməsini, Ermənistan vətəndaşlarının yalnız 318-ci maddə ilə təqsirli bilinib cəzalandırılmasını təklif edib.Təqsirləndirilən şəxslər isə özlərini təqsirli saymayıblar. Hakim də nəticədə qeyd edilən qərarı bəyan edib.

Amma indi diqqətçəkən məqamlardan biri də odur ki, Azərbaycanda bəzi təhlilçilər bu qərarı sırf hüquqi yox siyasi proseslərin tərkibi kimi dəyərləndirirlər.

Aqil Abbas, 30 avqust 2012
Aqil Abbas, 30 avqust 2012

Milli Məclisin Müdafiə, Təhlükəsizlik və Korrupsiya ilə mübarizə Komitəsinin üzvü Aqil Abbas «Turan» Agentliyinə bildirib ki, məhkəmə qərarı ilə razı deyil :

«Qərar normal deyil. Keçən il azad olunmuş ərazilərdə Ermənistan hərbi qulluqçuları iki hərbçini və bir mülki şəxsi öldürüb. Gəlirlər minalar basdırırlar, iki jurnalist və bir icra nümayəndəsi həlak olub. Mən bu məhkəmə qərarı ilə razı deyiləm. »

«Onlar dövlət sərhədini silahla keçiblər…»

Deputat qeyd edib ki, bu məhkəmə qərarından təəccüblənib:

«Onlar dövlət sərhədini silahla keçiblər. Təsadüfən, azıb keçməyiblər. Hətta özləri məhkəmədə deyib ki, Rusiya sülhməramlıları onları yoxlamadan buraxıb. Sonra bunlar gediblər Hadruta, orada da bu cinayət hadisəsi baş verdi. Yəni, adam ölümü ilə nəticələnən terror əməli. İndi prokuror və hakim izah etsin ki, niyə belə qərar verildi»

Yeri gəlmişkən məhkəmədə ifadə verən Ermənistan hərbi qulluqçularından bəzisi deyib ki, gəldikləri yerin Azərbaycan ərazisi olduğunu bilməyib və fərari kimi mühakimə edilmək istəmədiyindən müharibəyə getməyə məcbur olub

Atlas Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu isə AzadlıqRadiosuna bildirib ki, məhkəmənin bu qərarının motivi bəllidir :

«Bir müddət əvvəl biz 15 nəfəri Ermənistana təhvil verdik əvəzində isə Ağdamın minalanmış ərazilərinin xəritələrini aldıq. O zaman bu strateji gediş idi, Ermənistanda parlament seçkilərindən əvvəl oldu və açıq-aşkar Nikol Paşinyanın reytinqinə müsbət təsir etdi. Çünki erməni cəmiyyəti gördü ki, Paşinyan hakimiyyətdə qalsa Ermənistan-Azərbaycan arasında bu məsələ həll oluna bilər».

Elxan Şahinoğlu, 24 aprel 2010
Elxan Şahinoğlu, 24 aprel 2010

«Düşünürəm ki, məhkəmə qərarı ona işarədir ki,… »

Politoloq hesab edir ki, bu istiqamətdə müəyyən addımlar atılır :

«Azərbaycan danışıqları Ermənistanla aparmaq istəyir. Xarici işlər naziri Ceyhun Bayramov Azərbaycanın Ermənistanla danışıqlara başlamağa, sərhəd məsələsini müəyyənləşdirməyə, sülh müqaviləsini imzalamağa hər an hazır olduğunu dedi. Yaxın günlərdə bir qism ermənilər də Ermənistana təhvil veriləcək».

Ekspertin fikrincə, bir neçə il həbs cəzasını alanlar isə sonrakı mərhələyə qalacaq:

«Əvvəl yəqin ki, 6 ay həbs cəzasını alanlar təhvil veriləcək, daha sonrakı aylarda həm Ermənistan, həm Azərbaycan tərəfindən qarşılıqlı addımlar atılarsa cəza alanların bir qismi də cəzaları azaldılaraq yenidən təhvil verilə bilər. Amma biz bunun qarşılığında addımlar görməliyik. Ermənistan bütün mina xəritələri bizə verilməlidir, Azərbaycan ərazi bütövlüyünü tanımalıdır, Zəngəzur dəhlizinin (Ermənistanın Sünik rayonu) açılmasına mane olmamalıdır».

Azərbaycanın hakimiyyət orqanları ötən ilin 10 noyabr razılaşmasından sonra Hadrut meşələrində 60 civarında Ermənistan hərbi qulluqçusunun saxlandığını bəyan etmişdi. Ermənistan onları hərbi əsir sayır və geri qaytarılmasını təlb edirdi.Azərbaycan rəsmiləri isə bildirirdilər ki, onlar 10 noyabr razilşmasından sonra tutulduqlarından hərbi əsir sayila bilməızlər.Hərçənd, Azərbaycan təxribat qrupunun üzvləri saydıqları bu şəxslərin bir qrupunu bundan əvvəl qarşı tərəfə təhvil vermişdi.Qalanları da terrorçuluqda və başqa ağır cinayətlərdəi ttiham edilərək ayri-ayrı qruplar şəkilində mühakimə edilirlər.

Xatırlatma

Hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində eyni ittihamlarla müxtəlif qruplarda ümumilikdə 30-a qədər Ermənistan vətəndaşının məhkəməsi gedir.
Azərbaycan ötən payız 44 günlük müharibə nəticəsində Qarabağın bir hissəsini və ətraf 7 rayonu Ermənistanın işğalından azad edib. Həmin il 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya rəhbərləri arasında) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.
Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

XS
SM
MD
LG