Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 11:38

Hadrutda saxlanan ermənilər 'terrorçu' sayılmadılar


Mühakimə olunan Ermənistan vətəndaşları
Mühakimə olunan Ermənistan vətəndaşları

Qraç Avakyan və Geğam Serobyana 4 il, digər təqsirləndirilənlərə isə 6 ay həbs cəzası kəsilib.

Hadrut meşələrində saxlanılan və hazırda Bakıda mühakimə olunan Ermənistan vətəndaşlarından bir qrupunun işi üzrə məhkəmə istintaqı yekunlaşıb. İyulun 2-də Bakı Ağır Cinayətlər Məhkəməsində bu barədə qərar elan edilib. Söhbət hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə mühakimə olunan 14 nəfərin işindən gedir.

İstintaq zamanı təqsirləndirilən şəxslərə Azərbaycan Cinayət Məcəlləsinin 214 (terrorçuluq), 228 (qanunsuz silah-sursat saxlama), 279 (qanunsuz silahlı birləşmələr yaratma və ya onların tərkibində iştirak edib basqınlar törətmə) və 318-ci (Azərbaycanın dövlət sərhədini qanunsuz keçmə) maddələri ilə ittihamlar verilib.

Prokuror çıxış edərək digər ittihamlara xitam verilməsini, Ermənistan vətəndaşlarının yalnız CM-in 318-ci maddəsi ilə təqsirli bilinib cəzalandırılmasını təklif edib. O, təqsirləndirilən şəxslərdən Qraç AvakyanGeğam Serobyanın 5, qalan 12 nəfərin isə 2 il azadlıqdan məhrum edilməsini istəyib. Ardınca vəkillər çıxış edib, təqsirləndirilənlər son sözlərini deyiblər.

Əfqan Hacıyevin sədrlik etdiyi hakimlər kollegiyasının çıxardığı hökmlə Qraç Avakyan və Geğam Serobyana 4 il, digər təqsirləndirilənlərə isə 6 ay həbs cəzası kəsilib.

Xatırlatma

Hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində eyni ittihamlarla müxtəlif qruplarda ümumilikdə 40-a qədər Ermənistan vətəndaşının məhkəməsi gedir.

Azərbaycan ötən payız 44 günlük müharibə nəticəsində Qarabağın bir hissəsini və ətraf 7 rayonu Ermənistanın işğalından azad edib.

10 noyabr atəşkəs razılaşması ilə qoşunların təmas xəttinə Rusiya hərbçiləri yerləşdirilib.

Azərbaycan hərbi əməliyyatlar dayandırılandan sonra ərazisində saxlananları "terrorçu-diversant" adlandırır.

Ermənistan isə onları hərbi əsir sayır, azadlığa buraxılmalarını tələb edir.

XS
SM
MD
LG