Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 23:32

Çeçenistanlı deputatdan kosmonavt Tereşkovaya şikayət ediblər


Dövlət Dumasının etika komissiyasının başçısı, kosmonavt Valentina Tereşkova
Dövlət Dumasının etika komissiyasının başçısı, kosmonavt Valentina Tereşkova

Delimxanov keçmiş federal hakim Saydi Yanqulbayevin və onun ailə üzvlərinin “başlarını kəsməklə” hədələmişdi

Rusiyada bir qrup insan haqları müdafiəçisi Çeçenistandan olan deputat Adam Delimxanov barədə ölçü götürülməsi üçün Dövlət Dumasının etika komissiyasının başçısı, kosmonavt Valentina Tereşkovaya müraciət edib.

Delimxanov keçmiş federal hakim Saydi Yanqulbayevin və onun ailə üzvlərinin “başlarını kəsməklə” hədələmişdi.

Yanqulbayevin övladları Çeçenistandakı hakimiyyəti və oradakı insan haqlarının vəziyyətini tənqid etmişdilər.

Tereşkovaya müraciət Rusiyada xarici agent elan edilmiş Memorial təşkilatının saytında dərc olunub.

Müraciət müəllifləri qeyd edirlər ki, Delimxanovun hədələri “Dövlət Duması deputatının yüksək adını alçaldır”.

Adam Delimxanov (solda) və Ramzan Kadırov
Adam Delimxanov (solda) və Ramzan Kadırov

Onlar Tereşkovadan tabeçiliyində olan komissiyada Delimxanovun davranışının müzakirə olunmasını xahiş edirlər:

"Kimisə başını bədənindən ayırmaq kimi primitiv üsulla hədələmək və ya buna çağırmaq yüksək texnologiyalara malik bir dövlətin, Rusiya Federasiyasının Dövlət Dumasının deputatının yüksək məqamına layiq hərəkət deyil”.

Aşkar istehza ilə yazılmış müraciətdə daha sonra deyilir:

“...yenə də söhbət kimisə, heç olmasa radioaktiv maddə (məsələn polonium-210), Asetilkolinesterazın inhibitoru (loru dildə “Noviçok”) ilə zəhərləməkdən və ya odlu silahla (məsələn qızıl tapança ilə) öldürməklə hədələməkdən getsə idi, bu yəqin ki, bizdə, deputat etikası barədə formalaşmış təsəvvürə daha uyğun olardı”.

Müraciəti imzalayan insan haqları müdafiəçilərinin arasında Oleq Orlov, Aleksandr Çerkasov, Svetlana Qannuşkina, Sergey Davidis, Yelena Şaxova və başqaları var.

Kreml bu məsələyə qarışmaq istəmir

Fevralın 1-də Dövlət Dumasının Çeçenistandan olan deputatı Adam Delimxanov Yanqulbayevlər ailəsinin başını kəsməklə hədələyib.

Çeçenistan hakimiyyətinin fikrincə, Ramzan Kadırovu və onun hökumətini sərt tənqid edən 1ADAT Telegram-kanalının arxasında məhz bu ailə durur.

Delimxanov həm də onun bu hədələrini ruscaya tərcümə edənlərin başlarını kəsəcəyini deyib.

Dövlət Dumasında hesab edirlər ki, Delimxanovun hədələrini Baş Prokurorluq araşdırmalıdır.

Kremldən bildiriblər ki, Delimxanovun davranışına onun üzvü olduğu hakim Vahid Rusiya partiyasının fraksiyası qiymət verməlidir.

Prezident Vladimir Putinin sözçüsü Dmitri Peskov deyib ki, “biz bu prosesə qarışmaq istəməzdik”.

Kadırova videomüraciət

Bu arada müxalifət siyasətçisi İlya Yaşinin Çeçenistan Respublikasının başçısı Ramzan Kadırovun istefasını tələb edən petisiyasını fevralın 9-a olan məlumata görə artıq 160 min nəfər imzalayıb.

Müxalifətçi bu petisiya ilə yanaşı Kadırova videomüraciət də yayıb.

Video bu sözlərlə başlanır:

"Salam Ramzan, mən sənin əlaltılarının 7 il əvvəl qətlə yetirdikləri Boris Nemtsovun dostu İlya Yaşinəm...”

Kadırov hələki petisiya və videomüraciətə münasibət bildirməyib.

Vladimir Putinin sözçüsü Dmitri Peskov petisya barədə suala cavab verərkən deyib ki, Kremldə bu sənədi ciddi qəbul etmirlər.

Onun sözlərinə görə, Change.org saytında səsvermə anonimdir və onu botlarla da idarə etmək olur.

XS
SM
MD
LG