Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 22:21

C.Hacıyev: 'Yarıtmaz devalvasiyanın müəllifi maliyyə naziridir'


Cahangir Hacıyev
Cahangir Hacıyev

Beynəlxalq Bankın İdarə Heyətinin həbsdə olan keçmiş sədri Cahangir Hacıyev vəkilləri vasitəsilə ictimaiyyətə məktub ünvanlayıb. AzadlıqRadiosuna göndərilmiş müraciətdə keçmiş bankir ölkənin maliyyə sektorunda, Beynəlxalq Bankda yaranan problemlərdə ölkənin Maliyyə Nazirliyini suçlandırıb.

C.Hacıyev müraciətində yazır ki, mətbuatda onun ünvanına «böhtan və iftiraların yeni dalğası» başlayıb və o, bunda maliyyə naziri Samir Şərifovu günahkardır. O, maliyyə nazirini «devalvasiya siyasətinin müəllifi» adlandırır: «Harada və nə vaxt belə yarıtmaz devalvasiya keçirilib? Gəlin, başqa ölkələrin təcrübəsinə baxaq: Qazaxıstanda 24 faiz, Gürcüstanda 30 faizə qədər, Ermənistanda 20, Rusiya Federasiyasında 45 faiz olsa da, sonradan görülən tədbirlərlə devalvasiya 15 faizdə qərarlaşıb. Bizdə isə devalvasiya 100 faizdən də yuxarı oldu və acınacaqlısı budur ki, manatın ucuzlaşması davam edir. Halbuki, qeyd etdiyim ölkələrin valyutaları devalvasiyadan sonra sabitləşib».

Keçmiş bankir müraciətində Maliyyə Nazirliyinin iqtisadi-təhlükəsizlik siyasətinin olmadığını vurğulayır. Onun fikrincə, manata və inflyasiyaya təsir edən faktorlardan biri rəsmi dövriyyədən, yəni bank sistemindən kənar qalan pul kütləsidir və bunun əsas mənbəyi Maliyyə Nazirliyidir.

«GÜNAHKAR MƏNƏMMI?»

Cahangir Hacıyev sual edir ki, «yarıtmaz devalvasiya» nəticəsində 11 bank bağlanıb, bunun da günahkarı odurmu? «Əhalinin banklardakı əmanətlərinin çox hissəsi batıb, Əmanətlərin Sığortalanması Fondu vəsait çatışmazlığından Mərkəzi Bankdan 500 milyon manat götürmək məcburiyyətində qalıb. Məgər bunun da günahkarı mənəm?», - deyə suallarına davam edir. O soruşur ki, Beynəlxalq Bankın özəl layihələrə investisiyaları 2 milyard dollar, xarici banklardan cəlb olunan vəsait 1-1.5 milyard dollar təşkil etdiyi halda, dövlətdən 7 milyard manat və Neft Fondundan 1 milyard dollar götürülən vəsait hara sərf edilir?

Keçmiş bankir bildirir ki, onun rəhbərliyi dövründə Beynəlxalq Bank hər maliyyə ilini gəlirlə başa vurub, ancaq indi dövlət büdcəsindən dəstək aldığı halda, ölkənin ən iri maliyyə qurumu ili böyük rəqəmli itkilərlə başa vurur: «2014-cu ilin hesabatına görə, Beynəlxalq Bankın xalis gəliri 40 milyon manat olub. Gəlin, indiki vəziyyətə baxaq: 2015-ci ilin ilk yarımilində Beynəlxalq Bankın xalis zərəri97 milyon manat, 2016-ci ilin ilik yarımilində isə 323 milyon manat, eyni zamanda, 125 milyon manat kapital itkisi olub».

Cahangir Hacıyevin qaldırdığı məsələlərlə bağlı AzadlıqRadiosu Maliyyə Nazirliyinə müraciət edib, bu ittihamlara aydınlıq gətirməsini istəyib. Hələ ki, nazirlikdən bir cavab yoxdur.

XATIRLATMA

C. Hacıyev oxşar ittihamları məhkəmə prosesində də səsləndirib. Məhkəmə başlanandan o, maliyyə naziri Samir Şərifovu ittiham edir, nazirin onunla birlikdə müttəhimlər kürsüsündə oturmalı olduğunu deyir, Şərifovu devalvasiyada günahkar sayırdı. Maliyyə Nazirliyi isə bu ittihamları «əsassız» adlandırıb, bank vasitəsilə 3.7 milyard dollar və 1.1 milyard avro vəsaitin ölkədən çıxarıldığını bildirib.

C.Hacıyev ötən il dekabrın 5-də həbs edilib. Onunla birgə daha 7 nəfər məhkəmə önünə çıxarılıb. Onlar mütəşəkkil dəstə kimi külli miqdarda mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə, vəzifə səlahiyyətlərini aşma, vəzifə saxtakarlığı, qanunsuz silah saxlama maddələri ilə ittiham ediliblər.

C.Hacıyev 15 il azadlıqdan məhrum edilib.

XS
SM
MD
LG