Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 22:22

Bir günə ölkədən 5.5 milyard manatı çıxarıb ofşorlara göndərən şirkət kimindir?


2013-2015-ci illərdə adına qeydiyyatdan keçmiş 9 şirkət vasitəsilə 5 milyard 551 milyon manatı ölkədən çıxarmaqda ittiham edilən Rüfət Vəliyev və Malik Əliyevlə bağlı məhkəmə araşdırmaları davam edir.

Rüfət Vəliyev keçmiş taksi sürücüsü, Malik Əliyev isə 2012-ci ildə lisenziyası ləğv edilmiş “Royalbank”ın 10 saylı filialının direktor müavini olub.

Cinayət işinin materiallarında yazılıb ki, “Azəriqazbank”ın Xətai filialının yerləşdiyi binanın ikinci mərtəbəsində onlar üçün yer ayrılıb. Orada bu proses üçün qeyri-rəsmi şəkildə işə götürülən dörd nəfər əyləşib. Hər gün milyonlarla manat pullar gəlib, onlar pulları qəbul edib sayıblar, sonra da pullar ya birinci mərtəbədə “Azəriqazbank”, yaxud da Beynəlxalq Bank vasitəsilə xarici hesablara köçürülüb.

Martın 27-də Bakı Ağır Cinayətlər Məhkəməsində bu iş üzrə şahid Nuhulla Əliyev dindirilib. O, “Azəriqazbank”da audit yoxlamaları həyata keçirib.

Şahidin nəzərinə çatdırıblar ki, təqsirləndirilən Rüfət Vəliyevin adına olan şirkətlərdən təkcə “Elektromaş” vasitəsilə bir gündə - 18 iyun 2018-ci il tarixində “Azəriqazbank”ın Xətai filialı vasitəsilə bir neçə əməliyyatla ümumilikdə 5 milyon 293 min 642 manat (856 min 125 manat, 82 min 307 manat, 427 min 960 manat, 1 milyon 159 min manat, 783 min 180 manat, 1 milyon 566 min 100 manat və 418 min 970 manat) pul çıxarılıb. Özü də 2006-cı ilə aid müqavilə əsasında. Müqavilənin bir bəndində yazılıb ki, 45 gün ərzində müqavilə öhdəliklərinə əməl olunmalıdır.

“2006-cı ildə mal alınıbsa...”

“Sizdə heç şübhə yaranmadımı ki, 2006-cı ildə mal alınıbsa, onun pulu 8-9 il sonra niyə ödənilir? Həmin müqavilənin həqiqiliyi niyə yoxlanmadır? Müqavilə Türkiyə şirkətilə bağlanıbsa, pullar niyə ofşorlara, Estoniyaya, Dubaya köçürülürdü?”, - bu suallar məhkəmədə şahidə ünvanlanıb.

Nuhulla Əliyev təsdiqləyib ki, banklarda bir əməliyyatla 20 min dollardan yuxarı mədaxil və ya məxaric olunursa, bu barədə mütləq Maliyyə Monitorinq Xidmətinə məlumat verilir:

“Biz audit zamanı bankın fəaliyyətinin qanunvericiliyə uyğun olub-olmadığını yoxlayırıq, müştərilərin fəaliyyətini araşdırmırıq. Banklarda mədaxil olunan məbləğə heç bir məhdudiyyət yoxdur. Məxaricə gəlincə, əgər müqavilədə Estoniya bankının rekvizitləri göstərilibsə, müştəriyə demək olmazdı ki, ora niyə köçürürsən”.

Məhkəmə “Azəriqazbank”a sorğu verib ki, Xətai filialındakı audit yoxlamalarının nəticələri təqdim olunsun.

Vəkil Şahin Rəfiyev vəsatət qaldırıb ki, məhkəmə təkcə daxili auditlə kifayətlənməsin, Mərkəzi Banka da sorğu göndərilsin. Çünki Mərkəzi Bank da hər il banklarda yoxlamalar keçirir:

“Əməkhaqqıdan tutmuş, mədaxil-məxaricə qədər bütün istiqamətləri yoxlayırlar. Mərkəzi Bank daha üst qurumdur, onlardan yoxlamanın nəticələri alınsın, görək ki, onların yoxlama aktlarında bu məsələlər öz əksini tapıbmı?”

Prokuror vəsatətin əleyhinə çıxıb. Məhkəmə isə bu vəsatətlə bağlı qərarını aprelin 3-də keçiriləcək növbəti iclasda verəcək. Məhkəmə şahid Nuhulla Əliyevi də növbəti iclaslarda təkrar dindirəcək.

“Elektromaş” şirkətini 2006-cı ildə Rusiyada ticarətlə məşğul olan Rəhman Salmanov yaradıb. Lakin şirkəti işlədə bilmədiyinə görə 2012-ci ildə onun fəaliyyətini dayandırmaq qərarına gəlib.

Həmin vaxt ona şirkəti satmaq təklif olunub. Alqı-satqı rəsmiləşdirilib və şirkət təqsirləndirilən Rüfət Əliyevin adına keçirilib. Lakin Rəhman Salmanov Rüfət Vəliyevin üzünü görmədiyini, sənədləşmənin Sumqayıt Vergi İdarəsində həyata keçirildiyini deyir.

Taksi sürücüsünün adına 9 belə şirkət var - «Provision Group», «İmpeks+», «Blast», «Qalaksi A», «Asin Co. LTD», «Primo A», «İTEK» MMC, «Elektromaş». Bunların adına bir günə ölkədən 50-60 milyon manat pul çıxarılıb.

Xatırlatma

Cinayət yoluyla əldə olunmuş vəsaitlərin leqallaşdırılmasında ittiham edilən Rüfət Vəliyev və Malik Əliyevin heç biri özünü təqsirli bilmir.

Rüfət Vəliyev deyir ki, taksi sürücüsü idi, 2011-ci ildə «Sədərək» Ticarət Mərkəzindəki «Qlobal karqo» şirkətində işləyən Əli Can adlı Türkiyə vətəndaşını müştəri kimi aparıb-gətirirdi. O, Fəvvarələr Meydanında yaşayırmış.

Günlərin birində Əli Can ona şəxsi telefonunu verib, onun şirkətlərində işləməyi təklif edib. Rüfət Vəliyevin dediyinə görə, o, Əli Canın pullarını banklara daşıyırmış:

“Məni doqquz ayrı şirkətə direktor təyin etmişdi. Pulları banka tək aparmırdım, Əli Canın öz adamları da mənimlə banka gedirdi. Orada adıma olan şirkətlərdən xarici firmalara göndərirdik. Mən yalnız sənədlərə qol çəkirdim. Əli Can sənədləri hazır şəkildə mənə verirdi. Mən 700 manat maaşa işləmişəm”.

Digər təqsirləndirilən Maliik Əliyev deyir ki, «Royalbank» bağlanandan sonra – 2013-cü ildə Rüfətlə tanış olub. Rüfət Vəliyev ona deyib ki, Türkiyə vətəndaşının yanında işləyir, geniş mal dövriyyəsi var.

Malik Əliyevin sözlərinə görə, Rüfət ona birlikdə işləməyi təklif edib:

“Mən də köhnə bank işçisi olduğum üçün onunla işləməyə razı oldum. Əvvəl 300 manat maaş alırdım, sonra çoxaldı”.

İttihamda adıçəkilən Əli Canın kim olduğu bilinmir. Yalnız o məlumdur ki, bu şəxs 2015-ci ildə Azərbaycandan gedib.

XS
SM
MD
LG