Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 14:37

Belarusda saxlanmış rusiyalılarla bağlı qalmaqal böyüyür


Belarus televiziyasının reportajından kadr
Belarus televiziyasının reportajından kadr

Rusiya iyulun 31-də Belarusla sərhəd keçidlərində nəzarəti gücləndirib. Bu həftə Belarusda 33 Rusiya vətəndaşının saxlanması Moskva və Minsk arasında münasibətləri gərginləşdirib.

Rəsmi Minsk bu 33 rusiyalının Rusiyadakı Vaqner özəl hərbi şirkətinin muzdlu əsgərləri olduqlarını və Belarusa seçki ərəfəsində təxribat üçün göndərildiklərini iddia edir.

Belarusun sosial medialarında sərhəddə Rusiyaya keçən Belarus vətəndaşlarının pasport qeydiyyatının aparıldığı barədə xəbərlər yayılır.

Özlərini vahid ittifaq elan etmiş Rusiya və Belarus arasında indiyədək sərhəd yoxlanışı demək olar ki, yox idi.

İndi isə sərhədin Belarus tərəfində Rusiyaya keçmək istəyən yük maşınlarının uzun növbəsinin yarandığı xəbər verilir.

Yenə "Putinin aşpazı"

Rusiya Federal Təhlükəsizlik Xidmətinin Smolenskdəki idarəsi AzadlıqRadiosuna sərhədi keçən belarusların qeydiyyatının aparıldığı barədə məlumatı təsdiq edib.

Bununla belə, sərhəd yoxlanışının sərtləşdirilməsinin səbəbləri rəsmən açıqlanmır.

Sərhədi keçən belaruslara Rusiyaya nə məqsədlə getdikləri, burada nə müddətdə və harada qalacaqları barədə suallar verilir.

Belarus rəsmiləri iyulun 29-da Minskdə saxlanmış 33 rusiyalının Rusiyanın Vaqner özəl hərbi şirkətinin döyüşçüləri olduqlarını bildiriblər.

Vaqner qrupunun Rusiyada “Putinin aşpazı” ləqəbi ilə tanınan oliqarx Yevgeny Prigozhin-ə aid olduğuna inanılır.

Belarusun İstintaq Komitəsi bildirib ki, rusiyalıların prezident seçkisi ərəfəsində kütləvi iğtişaş törətmək niyyətindən şübhələr var.

Putin saxlananların buraxılacağına ümid edir

Bu məsələ Belarus prezidenti Alyaksandr Lukashenka-nın sədrlik etdiyi Milli Təhlükəsizlik Şurasında müzakirə olunub.

Lukashenka deyib ki, Moskva bu insidentlə bağlı izahat verməlidir.

Bu insident Rusiya Milli Təhlükəsizlik Şurasında da müzakirə edilib. Xəbər verilir ki, prezident Vladimir Putin və şura üzvləri Belarusda saxlanmış Rusiya vətəndaşlarının tezliklə buraxılacağına ümid etdiklərini deyiblər.

Rusiya rəsmiləri bu insidentə iyulun 30-da reaksiya veriblər.

Rusiyanın Belarusdakı səfiri Dmitry Mezentsev bildirib ki, saxlanan rusiyalılar özəl mühafizə şirkətinin əməkdaşlarıdır və onlar Minskə yalnız tranzit məntəqə kimi gəlmişdilər.

Səfirin sözlərinə görə onlar kommersiya kontraktı üzrə öhdəliklərin icra olunması məqsədilə İstanbula getməli idilər.

Bu arada jurnalistlər yazırlar ki, rusiyalı muzdlu döyüşçülər çox güman Minskdən Sudana və ya Liviyaya getməli idilər.

Rusiyalı muzdluların bu ölkələrdəki münaqişələrdə iştirak etdiklərinə dair məlumatlar var.

Ukrayna saxlananların ekstradisiyasını istəyib

AzadlıqRadiosu yazır ki, saxlanan rusiyalılardan bəzilərinin bundan əvvəl Ukraynanın Donbas vilayətindəki separatçılarla birgə döyüşlərdə iştirak etdikləri iddia edilir.

Onlardan bəzilərinin Ukrayna vətəndaşları olduğu deyilir.

Minsk bildirir ki, Donbasda separatçı qüvvələrin tərkibində döyüşdükləri düşünülən şəxslərin siyahısı Kiyevə təqdim olunub.

Bu barədə məlumatı Ukraynanın xarici işlər naziri Dmitry Kuleba təsdiq edib.

O deyib ki, Ukrayna hakimiyyət orqanları bu adamlarla bağlı araşdırma aparır. Kiyev bundan əvvəl bildirmişdi ki, sözü gedən şəxslərin Ukraynaya ekstradisiyası məsələsi qaldırıla bilər.

Kuleba deyib ki, söhbət Ukrayna vətəndaşı olan 7 nəfərdən gedir.

İstanbula uçmalı idilər

Rusiyanın Minskdəki səfiri Dmitry Mezentsev bunu da bildirib ki, saxlanan Rusiya vətəndaşları iyulun 25-də İstanbula uçmalı idilər, amma Minsk hava limanına gec çatıblar.

O deyib ki, rusiyalılar bu səbəbdən də Minsk yaxınlığındakı sanatoriyada yerləşiblər.

Müşahidəçilər bildirirlər ki, səfirin verdiyi əlavə məlumat həm də xeyli əlavə suallar yaradacaq.

Belarus prezidenti Alyaksandr Lukashenka Moskvanı “murdar niyyətlərdə” ittiham edib.

Rusiya Dövlət Dumasının bəyanatında deyilir ki, Moskva Belarusda sabitsizlik yaradılmasında maraqlı deyil.

Vladimir Putinin sözçüsü Dmitry Peskov iyulun 31-də verdiyi bəyanatda rusiyalıların saxlanmasını “əsassız” adlandırıb.

Onun sözlərinə görə Minskin hərəkətləri ittifaq münasibətlərinin “parametrlərinə” ziddir:

“Məhz buna görə də biz ümid edirik ki, ən yaxın müddətdə bu insidentə aydınlıq gətiriləcək və bizim belarus müttəfiqlərimiz vətəndaşlarımızı sərbəst buraxacaqlar”.

XS
SM
MD
LG