Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 16:24

Belarus Minskdə rusiyalı muzdlu əsgərlərin saxlandığını bildirir


Belarus televiziyasında göstərilmiş xəbər süjetindən kadr
Belarus televiziyasında göstərilmiş xəbər süjetindən kadr

Belarusun BELTA xəbər agentiyinin verdiyi məlumata görə ölkənin hüquq-mühafizə orqanları iyulun 29-a keçən gecə 30-dan çox Rusiya vətəndaşını saxlayıb.

İddia edildiyinə görə bunlar Rusiyadakı Vagner özəl hərbi şirkətinin döyüşçüləridir.

Agentliyin bundan əvvəl dərc etdiyi məlumatda deyilirdi ki, “xarici özəl hərbi şirkətin” döyüşçüləri saxlanıb.

BELTA bundan iki saat sonra söhbətin Rusiya vətəndaşlarından getdiyini açıqlayıb.

Bu da xəbər verilir ki, onlardan 32-si Minskdə, biri isə ölkənin cənubunda saxlanıb.

Xəbərə habelə saxlananların adları və doğum tarixləri olan siyahı əlavə edilib.

Hüquq-mühafizə orqanlarının rəsmi məlumatında deyilir:

"Əldə olunan məlumata görə ölkəmizin ərazisinə seçki kampaniyası müddətində vəziyyəti sabitsizləşdirmək məqsədilə 200-dən çox döyüşçü göndərilib.Bir qrup rusiyalı iyulun 27-də Minsk ətrafındakı sanatoriyalardan birində yerləşib. Rusiyalılaırn özlərini adi turistlərdən fərqli apardıqları və əyinlərində hərbi tipli geyimlərin olması sanatoriya administrasiyasının diqqətini cəlb edib. Onlar spirtli içkilər içmir, əyləncə yerlərinə getmir, diqqəti cəlb etməmək üçün hamıdan aralı gəzirdirlər. Məhz bu şübhələrlə bağlı onların xüsusi təyinatlılar tərəfindən saxlanmasına əmr verilib. Hazırda onlar barəsində yoxlama tədbirləri keçirilir”.

Bu şəxslərin nəyə görə Vagner özəl hərbi şirkəti ilə əlaqələndirildikləri məlum olmur.

Belarus televiziyası sözü gedən şəxlərin saxlanmasını göstərən videosüjeti nümayiş etdirib.

AzadlıqRadiosunun Rus xidməti yazır ki, bu videonun təhlili saxlananların Belarusdan Sudana getməyə hazırlaşdıqlarından xəbər verə bilər.

2019-cu ilin yazında Rusiyanın və Qərbin bir neçə mediaları rusiyalı biznesmen, “Putinin aşpazı” kimi tanınan oliqarx Yevgeny Prigozhin-ə aid edilən Vagner özəl hərbi şirkəti muzdlularının Sudanda prezident Omar al-Bashir-in rejiminə dəstək verdiklərindən yazırdı.

Xəbər verilirdi ki, bu dəstək Omarı devrilməkdən xilas edib.

Daha sonra ölkənin silahlı qüvvələri Sudana 30 il prezidentlik etmiş Omarı istefaya göndərib. O hazırda nəzarət altında saxlanır.

AzadlıqRadiosu yazır ki, Sudan sözü gedən qrupun yol marşrutunun son məntəqəsi olmaya da bilərdi.

AzadlıqRadiosunun öz təhqiqatı

AzadlıqRadiosunun 2019-cu ildə apardığı təhqiqatdan məlum olmuşdu ki, Rusiya Müdafiə Nazirliyinin təyyarələri dəfələrlə Liviyaya Sudanın paytaxtı Xartumdan keçərək uçublar.

Rusiya Sudan və Liviyadakı hərbi münaqişələrdə iştirak etdiyini rəsmi şəkildə təkzib edir.

AzadlıqRadiosu Belarusda saxlanmış şəxslərin siyahısını diqqətlə öyrənib.

Adı çəkilənlərdən azı 18-i barədə açıq mənbələrdə məlumatlar var. Onların Ukraynanın şərqində moskvayönlü separatçıların sıralarında döyüşdüyü məlumdur.

Bunlardan bəzilərinin sosial media hesabları hələ də açıqdır.

BELTA bütün saxlananların Rusiya vətəndaşları olduğunu bildirsə də, onlardan ən azı biri – Gennady Fetisov adlı döyüşçünün Donetskdə doğulduğu məlumdur.

Andrey Bakunovych adlı başqa bir saxlanan isə Belarusun İvankoviçi məntəqəsində doğulsa da, Tümen şəhərində yaşayıb.

Ukraynanın “Mirotvorets” saytında iddia edilir ki, o Vagner qrupunun snayper komandiridir.

Keçmişdə Ukrayna separatçılarının sıralarında döyüşmüş Rusiya yazıçısı Zakhar Prilepin Belarusda saxlananlardan bir neçəsinin onun batalyonunda vuruşduğunu etiraf edib.

“Kişilikdən olmayan hərəkət”

Rusiyanın hərbi jurnalistlərindən Rusiyanın muzdlu döyüşçüləri barədə yazan Semyon Pegov belə bir mülahizə irəli sürüb ki, rusiyalı muzdlu döyüşçülər karantin şəraitində Asiya və Afrika ölkələrinə getmək üçün Minskdən tranzit kimi istifadə edə bilərdilər.

Onun fikrincə, belə hadisələri adətən görməzliyə vuran Belarus hakimiyyəti seçkiqabağı bu insidenti ictimailəşdirmək qərarına gəlib:

"İndi əsas sual budur: Niyə qonşunun kürəyinə bıçağı məhz indi saplamaq lazım olub? Xüsusi xidmətlərin nəzərində bu, ümumiyyətlə kişilikdən olmayan hərəkətdir. Uşaqlar elə özününkülərdən zərbə gözləmədiklərinə görə hərbi geyimdə gəzirdilər. Onların təyinat yeri Minsk deyildi”.

Rusiya rəsmiləri hələlik Rusiya vətəndaşlarının saxlanması ilə bağlı heç bir şərh verməyiblər.

Belarus prezidenti Alyaksandr Lukashenka iyulun 29-da axşam insidenti “fövqəladə hadisə” adlandırıb.

Bu hadisə onun Milli Təhlükəsizlik Şurasının iclasını keçirdiyi bir vaxtda baş verib:

"Mən rusiyalıların reaksiyasını gözləyirəm. Onlar, görürəm, indidən təmizə çıxmaq üçün az qalırlar desinlər ki, bunları bura biz özümüz gətirmişik. Aydındır ki, çirkli niyyətlərə hansısa bir vasitə ilə haqq qazandırmaq lazımdır. Ona görə də mən rica etmişəm ki, bu faktla bağlı hər şey son dərəcə açıq və səmimi olsun. Əgər bunlar Rusiya vətəndaşlarıdırsa, onları artıq dindiriblər, deməli dərhal Rusiya Federasiyasının müvafiq orqanlarına müraciət edilməlidir. Qoy nələrin baş verdiyini izah etsinlər”.

Lukashenka Rusiya muzdlularından danışır

Avqustun 9-da Belarusda prezident seçkisi keçirilməlidir.

Namizədliyini 6-cı müddətə vermiş Lukashenka öz çıxışlarında dəfələrlə “hansısa xarici”, həm də Rusiya qüvvələrinin seçkiyə müdaxilə cəhdlərindən söz açıb.

Ötən cümə günü xüsusi təyinatlı polisin nümayəndələrinə baş çəkən prezident Vagner özəl şirkətindən də söz açmışdı:

"İndi hər cür müharibələr küçə etirazlarından, nümayişlərdən, daha sonra maydanlardan başlanır”.

Lukashenka-nın sözlərinə görə bu aksiyalarda iştirak üçün “peşəkar hərbçilər, quldurlar, əsas etibarı ilə Vagnerin bütün dünyaya göndərdiyti muzdlular cəlb olunur”.

Son vaxtlar Rusiyada rəsmən mövcud olmayan Vagner özəl hərbi şirkətinin müxtəlif ölkələrdəki muzdlu əsgərləri haqqında tez-tez xəbərlər yayılır.

Vagner hərbi şirkətinin adı daha çox Ukrayna, Suriya və Liviyadakı əməliyyatlarla bağlı çəkilir.

Çoxsaylı məlumatlara görə bu strukturu Prigozhin maliyyələşdirir.

Türkiyə Liviyadakı hərbi əməliyyatlarda iştirak edən Vagner muzdluları ilə bağlı dəfələrlə bəyanatlar verib.

Lukashenka qarşıdan gələn seçkidə böyük bir ehtimalla Svetlana Tikhanovskaya ilə üzləşəcək. Bu yaxınlarda bütün qeydiyyatdan keçməyən namizədlərin qərargahları Tikhanovskaya-nın qərargahı ilə birləşiblər.

Lukashenka bundan əvvəl bildirirdi ki, namizədlərdən Viktor Babarikonu Rusiyanın bir sıra xidmətləri dəstəkləyir.

Lakin Belgazprombankın keçmiş başçısı seçkiqabağı kampaniyada həbs edilib.

XS
SM
MD
LG