Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 15:20

«Bazar tənzimləsə, dollar 3 manat olar»


Manat/Dollar
Manat/Dollar

-

ABŞ Mərkəzi Bankı – Federal Ehtiyat Sistemi (FES) manat daxil, neftdənasılı valyutaları rahatladacaq qərar qəbul edib. FES, hələlik, uçot dərəcəsini artırmayıb və 0.25-0.5 faiz səviyyəsində saxlayıb.

FES rəhbəri Janet Yellen-sə bu il bütün hallarda faiz artımının olacağını bildirib. Problemə manat prizmasından baxanda, onun daha çox FES qərarından deyil, neftin qiymətindən asılılığı şübhə doğurmur, axı manatın dayandığı iqtisadi güc neftdir.

Mayın 25-də 100 dollar almağa rəsmi məzənnəylə 149 manat ödəmək gərəkirdisə, indi 152 manat civarında vəsait ödənilir. Bu isə o deməkdir ki, son iki həftədə hər 100 dollara nisbətdə Azərbaycanın milli valyutası 3 manat, qara bazarda isə 5 manat dəyərsizləşib. Başqa sözlə, FES faiz artırmasa da, manat dollar qarşısında dəyərsizləşməkdədir. Buna səbəb nədir və həmin proses nə qədər sürə bilər?

İqtisadiyyat eksperti Vüqar Bayramov AzadlıqRadiosuna manatın dollarla müqayisədə dəyər itirməsinin səbəblərindən danışıb.

«XARİCİ ÖHDƏLİKLƏRƏ GÖRƏ DOLLARA EHTİYAC YARANIB»

Ekspertin qənaətincə, səbəblərdən biri bank və iş adamlarının, eləcə də dövlətin beynəlxalq maliyyə qurumlarına ödənişlərini xarici valyutada aparmasıdır: «Nəinki biznesin, elə bankların da xarici borc öhdəlikləri son illər xeyli artıb. Bu ilin büdcəsindən 1 milyard 775 milyon manat dövlətin borc və öhdəliklərinə ayrılacaq. Bu isə 1 milyard 150 milyon dollar deməkdir. Kommersiya banklarının da cəlb etdiyi vəsaitlərin strukturunda xarici öhdəliklərin xeyli payı var. Bunu da nəzərə alanda, son həftələr dollara artan tələbatın səbəblərini izah etmək heç də çətin deyil».

İDXAL DA DOLLARA TƏLƏBATI ARTIRIB

V.Bayramovun fikrincə, idxal həcminin artması digər səbəbdir: «İkinci devalvasiyadan sonra idxalda müşahidə edilən durğunluq aradan qalxmaqdadır. İdxalın həcmində yenə artım gözə dəyir və ölkədən valyuta axını o biri tərəfdən dollar tələbatı da çoxaldır. Dövlət Gömrük Komitəsinin (DGK) məlumatına əsasən, ilin birinci rübündə Azərbaycanda xarici ticarət dövriyyəsi 3 milyard 607 milyon dollar olub. Ticarət dövriyyəsinin 1 milyard 781 milyon dolları və ya 49.4 faizi ixracatın, 1 milyard 826 milyon dolları (50.6 faizini) isə idxal məhsullarının payına düşür. İdxalın ixracı üstələməsi nəticəsində 45.3 milyon dollar məbləğində mənfi saldo yaranıb. Ötən ilin eyni dövrü ilə müqayisədə xarici ticarət dövriyyəsi müqayisəli qiymətlərlə (ixracat 23 faiz, idxalsa 25.1 faiz) 23.9 faiz azalıb. Deməli, idxal ixracdan çoxdur. Bu isə, təbiidir ki, dollara tələbatın artması mənasına gəlir».

Ekspertin sözlərinə görə, Mərkəzi Bankın (MB-nin) manat təminatı, o cümlədən mərkəzləşdirilmiş kredit resurslarının həcmində müşahidə edilən artımlar da dollara tələbatı çoxaldıb: «MB-nin dövriyyəyə daxil etdiyi milli valyutanın həcmindəki artımlar dollara da tələb formalaşdırır. Banklar həmin vəsaitlərinin bir qismini dollara çevirərək xarici valyuta öhdəliklərini yerinə yetirməyə çalışır».

«ƏHALİNİN DOLLARA TƏLƏBATI YÜKSƏLİB»

Öz müşahidələrinə söykənən V.Bayramov son həftələr əhalinin də dollara tələbatının yüksəldiyini deyir: «Mayın sonundan bəri həm psixoloji, həm də iqtisadi baxımdan əhalinin dollara tələbatı çoxalıb. Bu da məzənnəyə təsirsiz ötüşmür. Bank əmanətlərin 81 faizinin xarici valyutada olması ölkəmizdə dollarlaşmanın yetərincə yüksək səviyyəsindən xəbər verir. Bu isə, nəticədə, vətəndaşların da artan dollar tələbi deməkdir».

Ekspertin sözlərinə görə, manatın məzənnəsinin növbəti dövrdə necə dəyişməsi birbaşa MB-nin davranışlarından asılı olacaq: «Bununla belə, manatın yaxın gələcəkdə ciddi möhkəmlənəcəyi inandırıcı deyil, daha çox dolların kursunda artımlar gözlənilir. Hələlik, MB-nin siyasəti daha çox məzənnə dəhlizini qorumağa hədəflənib. Məzənnə marjı və valyuta ehtiyatları ilə bazara təsir göstərən baş bankın dollara olan tələbə təsir imkanları elə çox deyil. Bu isə ondan xəbər verir ki, hətta mövcud məzənnə siyasəti dəyişdirilməsə də, dollara tələbatın aramsız artımı manatı zəiflədəcək. Deməli, top yenə də dollar meydançasındadır».

«MANATIN MƏZƏNNƏSİ İNZİBATİ YOLLA TƏNZİMLƏNİR»

Ekspert Qubad İbadoğlu FES-in növbəti iclasının iyulun sonuna planlaşdırıldığını xatırladır: «Mən əvvəllər də demişdim ki, uçot dərəcəsinin qaytarılması ilə bağlı qərar ötən və növbəti 2 iclasın birində olacaq. Bu qərarın təsirində əhəmiyyətli rol oynayan başlıca amillərdən biri ABŞ-la ölkəmiz arasında olan investisiya və ticarət əməkdaşlığıdır. Azərbaycanınsa ABŞ-la investisiya əməkdaşlığı və ticarət imkanları getdikcə zəifləyir».

Manatın məzənnəsinin inzibati yolla tənzimləndiyini deyən ekspert FES qərarının əsaslı təsirindən danışmağa dəymədiyini düşünür: «Milli valyutanın məzənnəsini bazar tənzimləsə, dollar 3 manat olar».

XS
SM
MD
LG