Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 13:33

Artan dollar alışının səbəbləri


Dollar
Dollar

-

Mayın 24-dən bəri Dövlət Neft Fondunun hərraca çıxardığı valyuta vəsaitinin hamısı tam satılır və bankların valyuta tələbatını ödəmək get-gedə çətinləşir.

İKİ «BƏLKƏ» ÇIXILSA...

Bəs bu durumun iqtisadi izahı nədir? Bəlkə iqtisadiyyat dirçəlməyə başladığından pula tələbat artır? Bəlkə idxalı qarşılamaq üçün valyuta vəsaitlərinə ehtiyac doğur? Bütün bunlar bir yana, bəs ABŞ dolları alan kommersiya bankları manatı haradan tapırlar?

Ekspertlərin bir bölümünü düşünür ki, iqtisadiyyatın kreditləşməsi dayandırılandan bəri bankların əlində böyük bir manat kütləsi toplanmışdı. Bankların son aylar manat depozitlərinə faiz dərəcəsini artırması onların manat portfelini bir qədər də şişirmişdi.

Bazarda 3-cü devalvasiya gözləntisini də gözardı etmək olmaz. Ekspertlərin fikrincə, dollar alışına qol çirmələyən banklar buna ön müdafiə mexanizmi kimi baxırlar.

YAXIN 2 HƏFTƏDƏ DOLLARA TƏLƏBAT SƏNGİYƏCƏK?

İqtisadçı Samir Əliyev AzadlıqRadiosuna deyir ki, manatla pul bazası mayda 10 faiz çoxalıb və bu, gözlənildiyi kimi, dollara da tələbatı artırıb.

Üstəlik, bankların xarici borc öhdəlikləri də bazarı basqı altında saxlayır: «Tələb hərracların birində təklifi 10 dəfə üstələyib. Bu, Beynəlxalq Bankın xarici borca görə aktiv dollar almasından qaynaqlanıb».

S.Əliyev bankların yüksək dollar ehtiyacınıkeçici sayır. Onun qənaətincə, həmin maliyyə qurumları öz borc öhdəliklərini yerinə yetirəndən sonra, uzağı, yaxın 2 həftə ərzində tələbat səngiyəcək. Digər tərəfdən, ekspertin fikrincə, Mərkəzi Bankın (MB-nin) manatıdepozitlə pul bazarından çəkməsi də dollara tələbatı azaltmağa hesablanıb.

«İQTİSADİYYAT DOLLAR DEYİL, MANAT KÜTLƏSİ TƏLƏB EDİR»

Maliyyə məsələləri mütəxəssisi Əkrəm Həsənovun da bu məsələyə özəl baxışı var. Onun düşüncəsinə görə, banklara dollar alışlarının artmasını təmin edən manat kütləsini MB verib. Baş bank digərlərinə manat kreditləri verməyə başlayıb:

«Amma iqtisadiyyat dollar deyil, manat kütləsi tələb edir, əks halda iflic ola bilər. Di gəl, görünən budur ki, manatın bir hissəsi əvvəlki kimi dollar alışına gedir».

Ə.Həsənov MB ilə Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) arasında «manatın cilovunu hansının tutacağı uğrunda» gözəgörünməz mübarizənin getdiyinə də diqqət çəkir: «MB 2 ay idi ki, manat kreditləri vermirdi və hər kreditə MBNP-nin razılığını istəyirdi. Yəni, əslində, deyirdi ki, «mən manatı sabitləşdirdim (təbii ki, reallıqda iqtisadiyyatı manatsız qoymaq bahasına), qoy məsuliyyəti də Palata üzərinə götürsün». Palata da fəaliyyətə yenicə başladığından, məsələlərin içinə girə bilmirdi. Nəticədə, banklar manatsız qalmış, iqtisadiyyatsa süni nəfəs qurğusuna qoşulmuşdu».

MANAT «SƏRBƏST ÜZSƏ»...

Ekspertin fikrincə, manatın dəyəri süni şəkildə artırılıb və milli valyuta «sərbəst üzsə», dollar, ən azı, 2 manatı vurub keçəcək. Əvvəl-axır belə olacaq, çünki ölkə bunu şərtləndirən iqtisadi böhranın içərisindədir.

XS
SM
MD
LG