Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 20:24

Bayden demokratiya sammitinə qeyri-demokratları da çağıra bilər - FP


ABŞ prezidenti Co Bayden
ABŞ prezidenti Co Bayden

Bayden administrasiyasının əsas məqsədi Çin və Rusiyanın avtoritar təsir gücünə balans yaratmaqdır

ABŞ Prezidenti Co Bayden bu ilin sonuna gözlənən virtual demokratiya sammitinə hansı ölkələri dəvət edəcək? Bu sual indi dünyada özəlliklə demokratiya göstəriciləri ürəkaçan olmayan liderləri narahat etməkdədir. “Foreign Policy” dərgisinin belə liderlər üçün xoş xəbəri var.

İnklüziv, açıq yanaşma

Dərginin milli təhlükəsizlik və kəşfiyyat məsələləri üzrə müxbiri Eymi Makinnon yazır ki, virtual Demokratiya Sammitinə dəvətnamələr bu həftədən paylanmağa başlanır. Və... Polşa, Meksika, Filippin də sammitə dəvət oluna bilərlər. Bayden administrasiyasının əsas məqsədi Çin və Rusiyanın avtoritar təsir gücünə balans yaratmaqdır.

Avropa Birliyi və NATO daxilində demokratik geriləmə yaşayan Polşa, Macarıstan və Türkiyə tipli ölkələrlə bağlı aylardır spekulyasiya davam edir. Administrasiyanın anonimlik şərtilə danışan aparıcı rəsmisi deyib ki, sammitin məqsədi bütün dünyada demokratik canlanma yaratmaqdır. “Bu səbəbdən gerçəkdən inklüziv, açıq yanaşma sərgiləyirik”, – o vurğulayıb.

9-10 dekabr tarixlərində keçiriləcək sammitə 100-dən çox liderin dəvət alacağı gözlənir. Cənubi Koreya, Yaponiya, Keniya, Qana, Zambiya, İndoneziya və Uruqvay liderlərinin də dəvət olunacağı bildirilir.

Polşa, Filippin

Müəllif bəzi ölkələrin iştirakının demokratiya fəallarının narazılığına səbəb ola biləcəyini yazır. Məsələn, Polşa illərdir geriləyir, hakim Hüquq və Ədalət Partiyası ölkə ədliyyəsinə nəzarəti sərtləşdirir. Amma Vaşinqtonda yerləşən “Freedom House” insan haqları təşkilatı Polşanı azad ölkə adlandırır.

Yaxud Filippin Prezidenti Rodriqo Duterte ədliyyə sistemini hədəfə alıb, Çinin regionda aqressiv ekspansiyasına şərait yaradır. Bir neçə gün öncə isə filippinli jurnalist Mariya Ressa ölkəsində hakimiyyətdən sui-istifadəni, zorakılıqları və avtoritarizmin güclənməsini ifşa etdiyinə görə Nobel Sülh Mükafatına layiq görülüb.

Məqalədə deyilir ki, bəzi ekspertlər demokratik sahədə geriləyən ölkələrə əl uzatmaq ideyasını dəstəkləyirlər, onların geri qayıdacağına ümid edirlər. Digərləri isə sammitin dünyada yeni yaranan avtoritarların trayektoriyasını dəyişəcəyinə skeptik yanaşırlar.

XS
SM
MD
LG